Prokurorun təqsirləndirilən şəxslərlə bağlı verdiyi protest təmin edilməyib

Prokurorun təqsirləndirilən şəxslərlə bağlı verdiyi protest təmin edilməyib
# 27 iyul 2019 10:08 (UTC +04:00)

Bakıda qumarxana təşkil etməkdə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apelyasiya protesti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun verdiyi protest təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Onların barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azad ediliblər.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri - E.Quliyev və R.Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR