"Partizani"nin baş məşqçisi: "Qarabağla matçda özümüzə əminik"

"Partizani"nin baş məşqçisi: "Qarabağla matçda özümüzə əminik"
# 09 iyul 2019 21:11 (UTC +04:00)

“Sabah “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı müəyyən fikirlərim var. Lakin bəzi məsələlərdə tərəddüdlərim də yox deyil”.

APA-nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu italiyalı mütəxəssis üçün postunda debüt matçı olacaq. F.Lerda yeni komandasındakı ilk oyun ərəfəsində mətbuat konfransı keçirib və görüş barədə fikirlərini açıqlayıb: “Bəzi oyunçuların ağır çəkisi ola bilər. Bəziləri isə istirahətdən qayıdandan yaxşı formaya düşə bilməyib. Lakin “11-lik”lə bağlı seçim imkanlarımız da çoxdur. İstənilən oyunçu meydanda ola bilər. Bizim güclü tərəflərimiz çoxdur. Zəif nöqtələrimizi isə “Qarabağ” axtarıb tapsın. Biz Albaniya çempionuyuq və bununla fəxr edirik. Hazırlaşmaq üçün üç həftə vaxtımız olub. Uzun illərdir birlikdə çıxış edən komandamız var”.

F.Lerda “Qarabağ” haqda da fikirlərini bölüşüb: “Qarabağ”ı dəfələrlə izləmişəm. Bu, ardıcıl 6 dəfə çempion olan güclü komandadır. Biz onlara maksimum dərəcədə hörmətlə yanaşırıq. Buna baxmayaraq, özümüzə də əminik. Mən yaxşı, səmərəli oyun gözləyirəm. Hədəfimiz mərhələ keçməkdir. Bu sürprizi bacaracağıqmı? Baxaq, görək ilk oyunda hansı nəticə qeydə alınır. Cavab görüşünün axarı sabahkı oyundan asılıdır. Biz bu duelə elə yanaşırıq ki, sanki bir matçdan ibarətdir. Ona görə də bütün fikrimiz ilk oyunla bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR