Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
22:54
APA-nın yerli bürosunun xəbərinə görə, Gəncədə “VAZ 2106 ” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri - 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.
***
22:26
Gəncədə “VAZ 2106 ” markalı avtomobilin 9 metrlik quyuya düşməsi nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, onlar 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğludur.
F.Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilib.
***
22:00
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.
Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib.
Əlavə məlumat veriləcək.