“COVID-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirlər gücləndirilmış iş rejimində davam etdirilir.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.
Xüsusi karantin rejimi günlərində nazirliyin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işinin təmin edilməsi həyata keçiriləcək.
Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.