Əli Əhmədov: “Onlar özünü Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir”

  Əli Əhmədov: “Onlar özünü Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir”
# 13 may 2019 16:35 (UTC +04:00)

"İnsanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda ictimai təhlükəli hadisədir. Cəmiyyətdə qəbul olunmuş dəyərlərə və birgəyaşayış normalarına məhəl qoymayanlar ictimai mühitdə yad ünsürə çevrilərək, özgələşərək ictimai normaların və dəyərlərin daşıyıcısı mahiyyətini itirmiş olurlar. Eyni zamanda ictimai maraqlar onlar üçün mənasızlaşır, şəxsi maraqlar və ya ambisiyalar dominant rol oynamağa başlayır".

ONA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, sosial yadlaşma Azərbaycanın bəzi müxalifət nümayəndələrinin timsalında özünü aydın surətdə göstərir: “Siyasi davranış və normalardan, siyasi əxlaq tələblərindən üz döndərməklə onlar əslində cəmiyyətin siyasi sisteminin vacib ünsürü olmaq şanslarını itirir. Bu isə şəxsi (qrup) maraqlarla milli maraqların toqquşması, birincinin ikinci üzərində dominantlığı ilə müşayiət olunur. Nəticə etibarilə antimilli ünsürün formalaşması prosesi baş verir. Müxtəlif milli şüarlar altında, əslində isə milli maraqlara zərbə vuran davranışın sərgilənməsi antimilli fəaliyyətin növ müxtəlifliyidir. Həm də bu, daha təhlükəli olması ilə fərqlənir. Onun təhlükəsi ondadır ki, cəmiyyətin özünümüdafiə immunitetini çaşdırmaqla milli maraqlara daha ağır zərbə vurmaq imkanına malikdir. Hər bir cəmiyyətin yad təsirlərə, təhdidlərə qarşı immuniteti var və onun sayəsində milli birlik, həmrəylik, milli iradə kimi özünümüdafiə mexanizmi formalaşıb fəaliyyət göstərir. Bu mexanizm zəiflədikdə və ya zəiflədildikdə, avtomatik olaraq cəmiyyətin özünümüdafiə immuniteti zəifləmiş olur. Dövlətlərarası müasir kəskin rəqabət şəraitində ayrı-ayrı cəmiyyətlərin özünümühafizə immunitetinin zəiflədilməsi ölkələrə qarşı təzyiq və təhdid vasitələri sırasında xüsusi əhəmiyyət kəsb edir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir: “Əvvəla, bu davranış formaları milli maraqlara münasibət baxımından cəmiyyətin birliyi və həmrəyliyini zədələmək kimi çirkin və təhlükəli məqsədə xidmət edir. İkincisi, həmin qrupların hədəfində Azərbaycanın imicinin pisləşməsi, ölkəmiz haqqında mənfi rəyin formalaşmasından ibarət məkrli niyyət dayanır. Üçüncüsü isə, onlar Azərbaycana qarşı fəaliyyət göstərən qatı anti-Azərbaycan qüvvələrlə işbirliyi qurur, sonuncuların əlində çirkli bir vasitəyə çevrilirlər.

Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan müxalifətinin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda olan nümayəndələri tərəfindən yorulmadan yalan, böhtan, ləkələmə və təhqir kampaniyasının aparılması antimilliliyin “parlaq” nümunəsidir. Onlar özünü nəinki Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir (yaxud istəmir), habelə bütün gücünü ölkəyə qarşı təbliğat aparmağa sərf edir. Təbii ki, öz vətəninə qarşı bu cür satqınlıq maraqlı qüvvələr tərəfindən “qiymətləndirilməyə” bilməz. Onlar dərhal qanadlar altına alınır, sığınacaq verilir, yaşayışları təmin edilir, övladları bahalı universitetlərdə təhsil alır. Ancaq heç nə əvəzsiz olmur. Həmin insanlar aldıqlarının əvəzini şərəfsiz satqınlıqla, antimilli ünsürə çevrilməklə qaytarmağa məcburdur. Beləcə, iradəsi zəif, ambisiyası yüksək adamlar sırasından antimilli qüvvə yaratmaq texnologiyası işə düşür.

Yaxşı haldır ki, Azərbaycanda milli iradəsi zəif, dövlətimizin maraqlarını satmaq hesabına “yaxşı” yaşamaq kimi rəzil və təhlükəli yola düşmək istəyənlərin sayı çox azdır. Həyat göstərir ki, milli satqınlıq hesabına qazanılan “yaxşı həyat” heç kimi xalqın nifrətindən xilas etmir və edə bilməz. Xoşbəxt o insandır ki, hansı vəzifədə və statusda olmasından asılı olmayaraq, öz xalqına və dövlətinə xidmət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR