“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” kitabının təqdimat mərasimi keçirilib

“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” kitabının təqdimat mərasimi keçirilib
# 30 may 2019 12:40 (UTC +04:00)

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşri olan “Национальная политика Азербайджана в начале ХХ века (на примере еврейской общины)” (“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)” kitabının təqdimat mərasimi keçirilib.

ONA xəbər verir ki, kitabın müəllifi institutun aparıcı elmi işçisi Moisey Bekkerdir.

Monoqrafiyada Dövlət Arxivinin sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında yəhudi etnik qrupu nümayəndələrinin iştirakı məsələləri ətraflı işıqlandırılıb və qarşılıqlı münasibətlərinin problemləri araşdırılıb. Eyni zamanda yeni mədəni-tarixi birliyin yaranması prosesində Azərbaycan dövlətinin təhsil, dil və din siyasətinin rolu göstərilib.

Tədbiri ilk çıxış sözü ilə açıq elan edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, f.ü.e.d. Lalə Əhmədova institut haqqında qısa arayış verərək bildirib ki, milli azlıqların hüquqlarının qorunması əsas məsələlərdəndir: "Monoqrafiya 1918-ci ildən indiki dövrə qədər Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsinin təkamülünü göstərir".

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva çıxışında kitab üçün müəllifə təşəkkür edib: "Müəllif çox yığcam formada Azərbaycanda hökm sürən multikultural və tolerantlığı çatdıra bilib. Artıq heç nə yoxdur, çox asan da oxunur. Azərbaycanda tolerantlığın tarixən təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb. Azərbaycanı bu gün tolerantlıq sahəsində bir nümunə kimi qəbul edirlər".

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə kitabın müəllifini təbrik edib: "Bu monoqrafiya Azərbaycanda tarixən mövcud olan dini rəngarəngliyin, tolerant və multikultural şəraitin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Çünki monoqrafiyada Azərbaycanın ən mürəkkəb tarixi dövrlərinə toxunularaq göstərilir ki, ən çətin anlarda belə Azərbaycan xalqı öz tolerant adət-ənənələrinə sadiq qalıb. Sevindirici haldır ki, hazırda Azərbaycan xalqının bu multikultutal və tolerantlıq ənənləri qorunaraq inkişaf etdirilir".

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Məmmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Tofiq Abbasov, dosent Azad Rzayev çıxış edərək, monoqrafiya haqqında fikirlərini bildiriblər. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, kitabın hazırlanmasında köməklik göstərən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR