Məcburi dövlət sosial sığorta haqqı dərəcələri endirilə bilər. Sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib.
“APA-Economics”in sosial sığorta qanunvericiliyə təklif edilən dəyişikliklərə istinadən verdiyi xəbərə görə, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25%-i, digər sahələrdə 15%-i miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi nəzərdə tutulur.
Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50%-i, digər sahələrdə 25%-i miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi təklif edilir.
Nümunə üçün bildirək ki, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50% azalma deməkdir.
Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40% azalma deməkdir.
Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Məhz bu sahədə güzəşt də bu yükün azaldılması ilə bağlıdır.
Sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilib.
Nümunə olaraq bildirək ki, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5% azalma deməkdir.
Digər bir nümunə ilə izah etsək, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5% azalma deməkdir.