Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib

Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
# 26 may 2020 14:19 (UTC +04:00)

Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.

APA-nın məlumatına görə, metodiki göstərişdə bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR:

Üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;

Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;

Fiziki məsafənin qorunması məqsədilə təmin edilir:

Çətirlərin oxlarının arasında minimal məsafə 4m;

İnsanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);

Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.

Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;

Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;

Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;

Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;

Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;

Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması;

İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

Növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;

Qapalı zalların və otaqların mütəmadi havalandırılması;

İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin, tullantı qablarının təmiz saxlanılması;

Vətəndaşların səhhətində yaranan problemləri (COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) tibb məntəqəsinin əməkdaşlarına bildirməsi;

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ:

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

Vətəndaşların toxunduğu səthlər (spirt tərkibli məhlul və ya digər);

Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

Anbarlar (xlor tərkibli məhlul və ya digər);

Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);

İşçi heyətinin şəxsi gigiyenası

Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

İşçi heyətin tibbi maskalardan ümumi istifadə qaydaları:

Qapalı məkanlarda maskanın istifadəsi məcburidir;

Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;

İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

Qapalı yerlərdə tibbi maskaların məcburi istifadəsini təmin edin, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə tövsiyə edilir;

Giriş-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasını təmin edin;

Dezinfeksiya və sterilizasiya işlərini gücləndirin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR