Baş prokuror Zakir Qaralov Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr.Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş prokurorluqdan APA-ya verilən xəbərə görə, Z. Qaralov ölkələrimiz arasındakı dostluq və səmərəli əməkdaşlıq münasibətləri haqqında danışıb, ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun rolunu xüsusilə vurğulayıb.
Z. Qaralov əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə yönəlmiş sosial-iqtisadi tədbirlər, eləcə də məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, ölkədə mövcud olan ictimai sabitlik, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər haqqında söhbət aıb. Bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.
Daha sonra Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Zakir Qaralov bu məsələdə Azərbaycanın haqlı mövqeyinə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nazir Dr. Valid bin Mohammad Al-Samaani ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluq ifadə edərək, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.
Baş prokuror prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonaqların nəzərinə çatdırıb.