2020-ci ildə Bakıda daha 4 və 2020-2021-ci illərdə regionlarda 8 DOST mərkəzinin açılması nəzərdə tutulub. Bununla da DOST mərkəzləri ilə əhatə olunan əhalinin sayı 3793 min nəfər təşkil edəcək.
APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 2019-2025-ci illərdə respublikanın 31 rayonu üzrə DOST mərkəzlərinin açılması nəzərdə tutulub. Hazırda DOST mərkəzlərində 132 növ xidmətin göstərilməsi təmin edilir.
Hesabat dövründə “A” kateqoriyasına aid edilən Bakı şəhərinin Səbail (01.01.2019-cu il tarixinə əhali sayı 101,8 min nəfər) və Yasamal (01.01.2019-cu il tarixinə əhali sayı 247,6 min nəfər) rayonları üzrə xidməti əhatə edən 1 saylı Bakı DOST Mərkəzində orta hesabla gündəlik 360 nəfər olmaqla ümumi 63 minə yaxın şəxsə müvafiq xidmətlərin göstərilməsi təmin edilib.
Müraciətlərin 48 991-i (77,8%) sosial müdafiə, 7652-si (12,2%) məşğulluq, 3129-u (5%) əlillik, 249-u (0,4%) əmək münasibətləri və 2927-i (4,6%) ƏƏSMN-in müxtəlif fəaliyyət istiqamətlərinə dair arayışların verilməsi üzrə olub.
Müraciətlərin 67,73%-i yerindəcə tam cavablandırılıb, 27,06%-i aidiyyəti üzrə ƏƏSMN-in qurumlarına kargüzarlığa təyinat və icra üçün yönəldilib, 5,21%-nə isə imtina cavabı verilib.
DOST mərkəzləri tərəfindən göstərilən xidmətlərin pasportlaşdırılması həyata keçirilib ki, ümumilikdə 8 istiqamət üzrə 115 xidmət üzrə pasport hazırlanıb.