"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib

"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib
# 17 aprel 2020 11:37 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) ölkə başçısının müəyyən etdiyi istiqamətlərə və iqtisadi sahədə aparılan islahatlara dəstək olaraq, Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün mütəmadi olaraq üzvlərinin müşahidə və rəylərini özündə əks etdirən tövsiyə sənədləri hazırlayır və müvafiq dövlət qurumlarına təqdim edir.

“AmCham Azerbaijan”dan “APA-Economics”ə verilən məlumata görə, belə sənədlərin sırasına “AmCham Azerbaijan” tərəfindən fərqli mövzularda tərtib edilən mövqe sənədləri də daxildir. Palata tərəfindən iki yeni mövqe sənədi hazırlanmışdır ki, bu sənədlər müvafiq olaraq dövlət satınalmaları və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri əhatə edir. Hər iki mövqe sənədi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təqdim edilib.

Dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində Azərbaycanda dövlət satınalmalarının tətbiqi zamanı həm satın alan təşkilatlar, həm də malgöndərənlərin qarşılaşdıqları məsələlər strukturlaşdırılmış və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər öz əksini tapıb. Təkliflər satınalma prosesinin iştirakçılarının sərbəst şəkildə müsabiqələrdə iştirakının təmin edilməsi, qanunvericiliklə müəyyən edilən məhdudiyyət və müddətlərin yenidən işlənməsi, tenderin qiymətləndirilməsi prosesində çatışmazlıqların aradan qaldırılması, cari qanunvericilikdə olan ziddiyyətlərin aradan qaldırılması və dəqiqləşdirmələrin aparılması məsələlərini əhatə edir.

Fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində isə Avropa İttifaqının (Aİ) Ümumi Məlumatın Mühafizəsi Qaydalarının (General Data Protection Regulations – GDPR) ölkəmizdə tətbiq edilməsinə dair təkliflər yer alıb. Son dövrlərdə ölkəmizdə dövlət xidmətlərinin səviyyəsinin rəqəmsallaşdırılması prosesinin geniş vüsət almasını nəzərə alaraq, Aİ-nin müvafiq Qaydalarını nümunə kimi götürməklə, fərdi məlumatlar haqqında qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur. Bu zərurət ondan irəli gəlir ki, Aİ ilə ticarət əlaqələri olan və Aİ ölkələrinə xidmətlər göstərən ölkələr GDPR reqlamentinin əhatə dairəsinə aiddir. Həmçinin, GDPR prinsiplərinin Azərbaycanda tətbiqi ölkənin Aİ ölkələri ilə ticarət əlaqələrinə malik olan kommersiya sektoru üçün də vacibdir. Bu prinsiplərin ölkəmizdə tətbiqi beynəlxalq perspektivdə milli məlumat mərkəzlərinin resurslarının istifadəsi və xaricdən istifadəçilərin cəlb olunması baxımından da olduqca vacibdir. Müvafiq mövqe sənədində GDPR ilə uyğunluq prinsiplərinin tətbiqinə dair yol xəritəsinin işlənib hazırlanması və Azərbaycan Respublikasının fərdi məlumatlar haqqında qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr öz əksini tapmışdır.

Qeyd edək ki, “AmCham Azerbaijan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azerbaijan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR