Hüquq müdafiəçisi: Problemlər həllini tapmır, Paris Olimpiya Oyunlarına boykotu davam etmək lazımdır - FOTO

Hüquq müdafiəçisi: Problemlər həllini tapmır, Paris Olimpiya Oyunlarına boykotu davam etmək lazımdır - FOTO
# 14 noyabr 2023 16:24 (UTC +04:00)

Dünyada özünü hüquqi, demokratik, əzilən xalqların yanında olan bir dövlət kimi göstərən Fransa 2024–cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına hazırlaşır. Öz daxilindəki çaxnaşmanın qarşısını ala bilməyən Fransa, görəsən, idmançıların, məşqçilərin, əsasən də müsəlman dövlətindən gələn yüzlərlə idmançının təhlükəsizliyinə necə zəmanət verə biləcək?

Bunu “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov APA–ya açıqlamasında bildirib.

Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiya başladan Rəsul Cəfərov qeyd edib ki, Olimpiya Oyunlarının Fransada, xüsusən də Paris şəhərində keçirilməsi qəbuledilməzdir: “Çünki Parisdə baş verən etirazlar, bu etirazlara səbəb olan amillər, yəni milli, dini, irqi, etnik, ayrıseçkilik məsələləri buna bariz nümunədir. Bu amillərin olduğu bir ölkədə idmançıların, ümumiyyətlə, nümayəndə heyətlərinin təhlükəsizliyi ilə bağlı olan məsələlərə onlar necə zəmanət verə biləcək?”

Hüquq müdafiəçisi vurğulayıb ki, ən yaxşı halda Parisdə keçiriləcək Olimpiya Oyunlarını beynəlxalq səviyyədə boykot etmək lazımdır: “Ötən dövr ərzində biz müşahidələr apardıq və şahidi olduq ki, həmin dövrdə qaldırdığımız problemlər öz həllini tapmır. Təhlükəsizlik məsələsi, ksenofobiya, islamafobiya, dini, etnik amillərə görə ayrıseçkilik, tolerantlıq problemləri mövcuddur və hesab edirik ki, ​bütün bu problemlər nəticə etibarilə gələn ilin yay aylarında Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi mütləq şəkildə aradan qaldırılmalıdır. Həm idman ictimaiyyəti tərəfindən, həm də ümumilikdə insanlar, vətəndaşlar və bu məsələyə biganə qalmayan şəxslər tərəfindən.

Hazırda biz də öz tərəfimizdən bu kampaniyanı həyata keçirməkdəyik. Hazırda konkret tədbirlər planı hazırlanıb və o tədbirlər planına uyğun olaraq işlər davam etdirilir”.

Rəsul Cəfərov, Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə bağlı petisiya başlatdıqlarını xatırladıb: “O petisiya açıq vəziyyətdədir, yeri gəlmişkən, hazırda davam edir. İlkin dönəmdə dərhal bir neçə min şəxs həmin petisiyanı imzalayıb. Bu, onu göstərir ki, petisiyanı imzalamış insanlar da o fikirdədir ki, bu vəziyyətdə Parisdə Olimpiya Oyunlarını keçirmək mümkün deyil. Əgər o problemlər həllini tapmayacaqsa, Paris Olimpiya Oyunlarını boykot etmək lazımdır”.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, ikinci addım kimi, daha çox planlama mərhələsi adlandırılan mərhələ ilə, ya bu ilin sonundan, ya da gələn ilin əvvəlindən Olimpiya Oyunlarına təxminən 6 ay bir vaxt qalmış intensiv fəaliyyət həyata keçirəcəklər: “Həmin intensiv fəaliyyətlər müxtəlif istiqamətlərdədir. Yəni, orda həm ictimai tədbirlər var, həm Azərbaycanda, həm Azərbaycandan kənarda, həm idman ictimaiyyətinə, nümayəndə heyətlərinə, Beynəlxalq Olimpiya Komitəsinə, digər milli olimpiya təşkilatlarına, qurumlarına müraciətlər olacaq. Məsələn, tolerantlıq problemlərinə və yaxud da ayrıseçkilik problemlərinə, yaxud ətraf mühit problemləri ilə məşğul olan təşkilatlarla əlaqənin yaradılması və həmin təşkilatların da bu kampaniyaya qoşulması ilə bağlı planlar var. Yəqin ki, onunla bağlı yaxın vaxtlarda ətraflı məlumat verəcəyik. Artıq başladılan kampaniya ilə bağlı digər ölkələrin hüquq müdafiə təşkilatları da məlumatlandırılıb”.

Rəsul Cəfərov, müəyyən təşkilatlarla yazışmalar apardıqlarını da diqqətə çatdırıb: “İlkin yazışmalar olub. Biz hüquq müdafiə təşkilatıyıq. Bizim tərəfdaş təşkilatlar ayrı–ayrı ölkələrdə olan hüquq müdafiə təşkilatlarıdır. Aşağı–yuxarı dediyim o problemlərlə bağlı həmin təşkilatlar da o fikirdədirlər ki, bu problem harada olmasından asılı olmayaraq, öz həllini tapmalıdır və əgər problem varsa, o problem aradan qaldırılmalıdır, problem səsləndirilməlidir”.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, qısa müddət ərzində başladılan petisiyada 5000 nəfər iştirak edib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR