Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev İsrail səfiri Dan Stavı qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin İsrailin sabiq prezidenti mərhum Şimon Pereslə vida mərasimində iştirakına görə təşəkkürünü bildirən səfir iki dost ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb.
Söhbət əsnasında elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib. Bildirilib ki, humanitar sahədə İsrail-Azərbaycan müştərək layihələrinin icrası, xüsusən ədəbiyyat, kino, teatr, musiqi və digər sahələr üzrə uzunmüddətli birgə fəaliyyət proqramının hazırlanması hər iki ölkənin xalqlarının mənafeyi baxımından səmərəli olar.
Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.