Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib - YENİLƏNİB-1

Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib - YENİLƏNİB-1
# 17 avqust 2023 19:32 (UTC +04:00)

Atıcılıq üzrə dünya çempionatının yarışlarının günündə pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə qadınlar arasında mübarizə qızğın keçib. Olimpiya növü olan bu növdə həm fərdi, həm də komanda halında medallar, həm də “Paris-2024” olimpiya oyunlarına lisenziyalar qazanılıb.

APA xəbər verir ki, Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239.8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238.3 xal toplayan yunanıstanla Anna Korakakiyə, bürünc medal isə 218.9 xal yığan çinli Li Xueyə çatıb.

Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Komanda növündə gümüş medala Macarıstan komandası, bürünc medala İran komandası sahiblənib.

Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Yianq Ranxin turnirdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb:

“Özümü xoşbəxt hiss edirəm ki, bu yarışda qalib olmuşam. Bütün rəqiblərim güclü idi. Gümüş medal qazanan Anna Korakaki də çox ciddi hazırlaşmışdı. Finala yaxşı konsentrasiya olmuşdu, digər rəqiblərə fikir vermirdi.

Niyə həm kişilərin, həm də qadınların mübarizəsində qalib gəlirik? Çünki biz həqiqətən əlimizdən gələni edirik ki, iştirak etdiyimiz yarışlarda qalib gələk. Bunun sirri əzmlə çalışmaq və yarışlar zamanı soyuqqanlığı qoruyaraq qalib olmaqdır”.

Macarıstan komandasının heyətində gümüş medala yiyələnən Rahel Sara Fabian təşkilatçılıqdan məmnunluğunu dilə gətirib, gümüş medalın onlar üçün gözlənilməz olmadığını deyib:

“Ümumiyyətlə, yarış gözəl təşkil olunub. Mərkəzə gəlib-getmək çox rahatdır. Hər şey əladır. Xüsusilə atış meydançaları çox gözəldir. Mən 10 metr məsafəyə atışı çox xoşlayıram. Final yarışının keçirildiyi zal çox möhtəşəm idi. Bizim komanda həm Avropada, həm də dünyada çox güclüdür, iddialılardan biri hesab olunur. Komanda yoldaşım Veronika Mayor dünya səviyyəsində uğurlu idmançılardan biridir. Biz bu uğuru gözləyirdik, təəccüblü olmadı”.

Bakıda keçirilən atıcılıq üzrə 53-cü Dünya Çempionatı bügünkü yarışlarda “Paris-2024” Yay Olimpiya Oyunlarına qadın idmançılara da lisenziyalar qazandırıb. 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarışda iştirakçılar 4 lisenziya əldə ediblər.

Yarışın qızıl medalçısı çinli Yianq Ranxin, macarıstanlı Rahel Sara Fabian, vyetnamlı Trinh Tu Vinh və Cənubi Koreya təmsilçisi Kim Bomi “Paris-2024”-ə lisenziya qazanıblar.

***

17.25

Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib.

APA xəbər verir ki, olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər.

Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.

Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medala sahibləniblər. Komanda növündə gümüş medala Almaniya komandası, bürünc medala Hindistan komandası sahiblənib.

Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Boven Janq turnirdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb:

“Bakıya gəldiyim üçün çox məmnunam. Çünki, çox gözəl şəhərdir. Eyni zamanda çempionat yaxşı təşkil olunub. Yarışa gəlincə, çox sevincliyik. Hər birimiz əlimizdən gələni etdik. Çalışırdıq ki, komanda yarışında ən yüksək xalı toplayaq. Buna nail olduq. Əlimizdən gələni etdik və qalib olduq”.

27 yaşlı idmançı fərdi yarışdakı çıxışı barədə də danışıb. O, gümüş medalçı Damir Mikeçlə arasındakı rəqabəti belə dəyərləndirib:
“Belə yarışlarda rəqib baxımından həmişə təhlükə var. Atıcılıq yarışındakı ən vacib məsələ insanın öz-özünə qalib gəlməsidir və konsentransiya olmasıdır. Ona görə diqqətimi özümə yönəltdim. Heç kimi fikirləşmədim və qalib gəldim”.

Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları barədə danışan Boven Janq bunları deyib:
“Təbii ki, lisenziya qazandığımız üçün çox sevinirik. Çox şadam ki, ölkəm üçün nəsə edə bildim. Mən əlimdən gələni edəcəyəm ki, Olimpiya Oyunlarında yaxşı nəticə göstərim. Fərdi naliyyətimlə yanaşı, komandanı da fikirləşirəm”.

Çin komandasının digər üzvü Cunhuy Liu mundialın keçirildiyi Bakı Atıcılıq Mərkəzi və yarışla bağlı müsbət fikirdə olduğunu gizlətməyib:

“Bakıya artıq ikinci səfərimdir. İlk dəfə mayda - dünya kubokuna gəlmişdim. Bakı Atıcılıq Mərkəzindən və yarışın təşkilində çox razıyam. Hər şey yüksək səviyyədə təşkil olunub. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm”.

Bu gün eyni zamanda qadınlar arasında 10 metr məsafəyə pnevmatin tapançadan atəş üzrə yarışın qalibləri də müəyyənləşəcək.

***

17:17

Bakıda keçirilən atıcılıq üzrə 53-cü Dünya Çempionatının bugünkü birinci yarışında “Paris-2024” Yay Olimpiya Oyunlarına ilk lisenziyalar oynanılıb.

APA xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara 4 lisenziya qazandırıb.

Yarışın qızıl medalçısı çinli Boven Janq, bürünc medal sahibi bolqarıstanlı Kiril Kirov ilə yanaşı, finala düşmüş, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və Almaniya təmsilçisi Robin Uolter də “Paris-2024”-ə lisenziya əldə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR