Azərbaycan güləşçiləri Avropa Oyunlarını 6 medalla başa vurub

Azərbaycan güləşçiləri Avropa Oyunlarını 6 medalla başa vurub
# 14 iyun 2015 20:26 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə xalça üzərinə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar çıxıblar.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunub. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda daha 3 mükafat qazanıb. “Klassiklər”imiz bu dəfə günü də 1 qızıl, 1 gümüş və 1 bürünc medalla bitiriblər. Yığmamın heyətində Elvin Mürsəliyev çempion olduğu halda, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.

Yunan-Roma güləşi

66 kq

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvan ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.

Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, yarışı medalla başa vurub. Avropa çempionumuz bürünc medal uğrunda Aleksandr Maksimoviç (Serbiya) üzərində layiqli qələbə qazanıb - 4:0. Bu, yığmamızın 11-ci medalı olub.

75 kq

Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.

Təmsilçimiz əvvəlki görüşlərlə müqayisədə yarımfinalda çətinliklə üzləşib. Lakin “Neftçi İdman Klubu”nun üzvü Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib - 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.

85 kq

Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayıb və rəqibini 8:0 hesabı ilə üstələyib. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla güləşib. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Manukyan finala yüksələ bilmədiyindən, Təhmasibi Oyunlara erkən vida edib.

130 kq

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.

Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olub. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib. Bu, "klassiklərimiz"in 6-cı, yığmamızın 13-cü mükafatı olub.

Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR