Almaniyada Nuridə Atəşinin “Qarabağ uğrunda savaş” adlı kitabı çapdan çıxıb

Almaniyada Nuridə Atəşinin “Qarabağ uğrunda savaş” adlı kitabı çapdan çıxıb
# 07 may 2007 07:52 (UTC +04:00)
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun təsisçiliyi ilə şairə və yazıçı Nuridə Atəşinin “Qarabağ uğrunda savaş” adlı kitabı alman dilində nəşr edilib. Bu barədə APA-ya məlumat verən N. Atəşi bildirib ki, 6 fəsildən ibarət olan kitabın 1-ci fəslində Azərbaycanın tarixi, keçmişi, Qafqaz Albaniyasının müfəssəl tarixi, ölkəmizin qədim mədəniyyəti, ədəbiyyatı, böyük şəxsiyyətləri haqqında əhatəli məlumat verilir. 2-ci fəsildə Azərbaycanın bugünkü vəziyyəti və iqtisadiyyatındakı geniş inkişaf yolundan bəhs edilir. Qarabağ münaqişəsinə həsr olunmuş 3-cü hissədə münaqişənin başlanma səbəbləri, Azərbaycan torpaqlarının ardıcıl və mütəşəkkil şəkildə bölünməsi (Dərbənd, İrəvan, Zəngəzur) və xalqımızın planlı şəkildə dədə-baba torpaqlarından köçürülməsi tarixi faktlarla, müqavilələrlə çatdırılır. Bu fəsildə Qanlı Yanvar, Xocalı faciələri, onların səbəbləri, bu qanlı olaylara verilən və verilməsi zəruri sayılan siyasi qiymətdən də geniş söhbət açılır. 4-cü fəsildə prezident İlham Əliyev və digər Azərbaycan rəsmilərinin Qarabağ münaqişəsi haqqında konkret baxışları və münasibətləri yer alıb. Bu fəsildə müəllifin xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla Qarabağ mövzusunda müsahibələri dərc edilib. 5-ci hissə 2006-cı ildə Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə çözülməsi istiqamətində aparılmış rəsmi danışıqların əhatəli xronikasından ibarətdir. Almaniya Bundestaqının üzvləri ilə Qarabağ münaqişəsi haqda N. Atəşinin müsahibələri isə kitabın 6-cı fəslində yer alır. Bundestaqın Qafqaz Dostluq Qrupunun sədri Stefan Reiçe, deputat Villi Vimmer və Almaniya Daxili İşlər Nazirliyinin Dövlət katibi Dr. Kristof Bergnerlə müsahibələr də kitaba daxil edilib. Kitabın ön sözünün müəllifi isə Potsdam Dövlət Universitetinin dekanı Prof. Vilfrid Fuhrmanndır. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR