Ağdamın cəbhə xəttində əsir düşən şəxsin Üçoğlan kənd sakini Əşrəf Cəfərov olduğu güman edilir

Ağdamın cəbhə xəttində əsir düşən şəxsin Üçoğlan kənd sakini Əşrəf Cəfərov olduğu güman edilir
# 03 iyul 2007 14:01 (UTC +04:00)
Ermənistan KİV-də bu şəxsin əslən Şuşadan olan, 1972-ci ildə anadan olmuş Quliyev Səməndər Namaz oğlu olduğu yazılsa da, Ağdam və Şuşa rayon icra hakimiyyətlərindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu rayonların ərazisində bu adda şəxs qeydiyyatda deyil. Azərbaycan vətəndaşının əsir düşməsi haqda xəbər yayıldıqdan sonra Ağdam rayon Üçoğlan kəndində yaşayan Cəfərovlar ailəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, onların ailə üzvü, 9 avqust 1985-ci il təvəllüdlü Cəfərov Əşrəf Möhübbət oğlu bu ilin 30 iyununda evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri bildiriblər ki, Əşrəf Cəfərov əkin sahəsinə getmək üçün evdən çıxıb. Bir gün əvvəl isə o, qardaşı ilə birlikdə əkin sahəsini suvarıb. O, gecə sahədə işləyərkən unutduğu pencəyini gətirmək üçün səhər saat 10.00 radələrində tarlaya qayıdıb. Həmkəndliləri saat 11-12 radələrində onu əkin sahəsində görüblər. Daha sonra onun barəsində heç bir məlumat olmayıb. Cəfərovların su mənbəyi kimi istifadə etdikləri artezian quyusu təmas xəttindən bir neçə kilometr aralıda yerləşir. Əşrəf Cəfərovun qardaşı Ramil Cəfərovun APA-ya bildirdiyinə görə, Ə. Cəfərov təxminən bir ay əvvəl də evi tərk edib. Ancaq bir həftədən sonra onun Bakıdakı qohumlarının evində olduğu üzə çıxıb. R. Cəfərov qardaşının bir neçə gün əvvəl də paytaxta işləməyə getmək istəyini, lakin son vaxtlar Əşrəfin səhhətində əqli çatışmazlıq və sarsıntı müşahidə olunduğundan ona icazə vermədiklərini deyib. Əşrəf Cəfərov sonuncu dəfə evdən çıxanda pul və şəxsiyyətini təsdiq edən sənəd götürməyib. Qohumları onun təmas xəttini keçə biləcəyinə də inanmaq istəmədiklərini deyiblər. Əmisi Nüsrət Cəfərovun sözlərinə görə, Əşrəfin belə bir addım atmasına heç bir səbəb yoxdur.
Qeyd edək ki, Əşrəf Cəfərov uşaq ikən hər iki valideynini itirib. Ə. Cəfərov Bakı şəhər sakinidir. Əşrəf 1990-cı ildən valideynlərini itirəndən sonra daha 5 bacı və qardaşı ilə Ağdamın Üç oğlan kəndindəki əmisinin himayəsində yaşayıb.
Qeyd edək ki, APA-nın araşdırmalarına görə, Ağdam rayon ərazisində son günlər ərzində ikinci belə bir fakt qeydə alınmayıb.
Onu da qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən APA-ya onlara Azərbaycan vətəndaşının cəbhə xəttində saxlanılması barədə məlumat daxil olsa da, hələ əsirlə görüşməyiblər.
Azərbaycanın Əsir, girov və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə faktla bağlı araşdırma aparıldığı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR