“Qarabağ ətrafında baş verən son hadisələr və gənclik” mövzusunda dəyirmi masa keçirilib

“Qarabağ ətrafında baş verən son hadisələr və gənclik” mövzusunda dəyirmi masa keçirilib
# 12 iyul 2007 10:18 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı Gənclər Şurasının təşəbbüsü ilə bu gün “Qarabağ ətrafında baş verən son hadisələr və gənclik” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə ölkədə fəaliyyət göstərən ayrı-ayrı gənclər təşkilatlarının təmsilçiləri qatılıb. QAT GT-nın sədri Mürsəl Həsənov bildirib ki, Azərbaycan gəncliyinin Qarabağ problemi ilə bağlı mövqeyi qəti şəkildə ortaya qoyulmalıdır. Gənclərin siyasət və diplomatiyadan uzaq olmasının vacibliyini vurğulayan natiq hesab edir ki, onların borcu torpaqların hərbi yolla geri qaytarılmasıdır: “Amma hələ ki, gənclərə belə bir əmr verilməyib və biz bu əmri gözləyirik”. Yazıçılar Birliyinin üzvü Mübariz Cəmilbəyli Azərbaycanın gələcəyinin gənclərdən asılı olduğunu bildirib və torpaqların geri qaytarılması üçün ordunun güclü olduğunu, gənclərin potensialının yetərli olduğunu qeyd edib: “Azərbaycan ziyalılarının Qarabağa səfəri ilə ziyalı adına ləkədir. Qondarma respublikanın prezidenti ilə görüş beynəlxalq aləmdə nüfuzunu aşağı salır”. BAXCP sədrinin gənclər üzrə müavini Niyaməddin Orduxanlı təmsil etdiyi partiyanın da ziyalıların Qarabağ səfərini pislədiyini deyib: “Bu, Rusiyanın növbəti təxribatıdır. Azərbaycan öz sözünü müharibə ilə deməlidir”. Elnur Məmmədlinin Müsavat Partiyası GT-nın sədri kimi təqdim olunması isə tədbirdə mübahisə yaradıb. Toplantıda iştirak edən digər müsavatçı gənc bunun yanlış təqdimat olduğunu və partiya Məclisinin qərarı ilə E. Məmmədlinin sədr seçildiyi konfransın nəticələrinin ləğv edildiyini deyib. Bakı Slavyan Universitetinin tələbəsi isə ziyalılar haqda səslənən fikirlərə etiraz edib: “Ziyalıların görüşü siyasi xarakter daşımır və onlara qarşı yönələn ittihamlar əsassızdır. Burada toplaşan gənclərin əksəriyyəti siyasi məqsədlər uğrunda fəaliyyət göstərir. Kortəbii fanatizmədə ehtiyac yoxdur. Qarabağ Azadlıq Təşkilatı bu günə qədər Fələstin Azadlıq Təşkilatının gördüyü işin üçdə birini də görə bilməyib”. Toplantıda iştirak edən digər gənclər də mövzu ilə bağlı fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR