Ekspedisiya rəhbəri: “Qubadakı kütləvi məzarlıqda tapılmış cəsədlərin 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların qalıqları olduğu sübuta yetirilib”

Ekspedisiya rəhbəri: “Qubadakı kütləvi məzarlıqda tapılmış cəsədlərin 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların qalıqları olduğu sübuta yetirilib”
# 27 iyul 2007 10:01 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirib ki, həm tarixi faktlar, həm də məzarlıqdan tapılan kəllələrin tədqiqatı bunu deməyə əsas verir: "Arxiv materiallarında Stepan Şaumyanın Amazaspa məktubu var. O, məktubunda yazır ki, “sizin Azərbaycana getməyinizdə əsas məqsəd bolşevizmi yaymaqdır. Amma bu, ikinci məsələdir. Əsas borcunuz orada olan türkləri qırmaqdır bu, milli borcunuzdur”. Şaumyan eyni məktubu Azərbaycanın cənubunda qırğınlar törədən Lalayana da göndərib. Quba qəzasında qırğınlar törətdikdən sonra Amazasp Şaumyana cavab yazır ki, onun verdiyi tapşırıq yerinə yetirilib, Quba qəzasında olmazın qırğınlar törədilib. Şaumyan isə cavab məktubunda Amazaspı “xalqın milli qəhrəmanı” adlandırır”.
Q. Ağayevin dediyinə görə, araşdırmalar göstərir ki, Quba qırğınları mayın 3-dən 10-dək baş verib: “Qubadakı məzarlıqdan tapılan kəllələrin tədqiqatı da qırğınların 90 il öncə törədildiyini sübut edir. Məzarlıqdakı insanlar başqa yerdə öldürülərək burada basdırılıblar. Ermənilər quyuları da azərbaycanlılara qazdıraraq sonradan onları öldürüblər. Meyitləri isə quyulara necə gəldi, doldurublar. Məzarlıqda iki quyu aşkarlanıb. Onlardan birinin diametri 5, dərinliyi 4 metr, ikinci quyunun isə diametri 2,5, dərinliyi 2 metrdir. İnstitutun antropoloqu 57 kəllə üzərində işləyib. Bu kəllələrdən altısı qadınlara, dördü 8-12 yaş arası uşaqlara, böyük əksəriyyəti isə qocalara məxsusdur. Tədqiqatlar zamanı məlum olub ki, bu insanlar soyundurulduqdan sonra küt alətlərlə vəhşicəsinə öldürülüblər. Hətta bir qadın skeletinin baş nahiyəsində gözünə soxulmuş dəmir parçası qalıb. Bu dəmir parçası ekspertizaya göndəriləcək”.
Q. Ağayev ekspedisiyanın apardığı araşdırmalar zamanı yeni skeletlərin də tapıldığını vurğulayıb: “Bu yaxınlarda məzarlıqda yeni arxlar aşkarlanıb. Bunlardan biri həyətyanı sahələri suvarmaq üçün nəzərdə tutulub. Digər arxla da bağlı araşdırmalar apardıq. Ağsaqqallar təsdiq etdilər ki, ikinci arx aşağıdakı dəyirmana gedirmiş. Arxın içərisində qıraqları kərpiclə hörülmüş quyu aşkarladıq. Məlum oldu ki, su qıtlığı yarananda bu quyudakı sudan istifadə olunurmuş. Həmin quyudan da yeni insan skeletləri çıxdı. Hazırda bu skeletlər üzərində tədqiqat işi aparılır”. Ekspedisiya rəhbərinin sözlərinə görə, skeletlərin antropoloji quruluşu azərbaycanlılarla yanaşı, 1918-ci ildə ləzgi və yəhudilərin də qətlə yetirildiyini təsdiqləyir.
İyulun 13-dən məzarlıqda işə başlayan Quba ekspedisiyasının üzvləri artıq təmizləmə işlərini başa çatdırmaq üzrədir. Ancaq ekspedisiyanın ciddi maliyyə çətinlikləri var. Ekspedisiyanın rəhbəri deyib ki, tədqiqat üçün instituta ayrılan 93 min manat hələ də ünvanına gəlib çatmayıb: “Bütün işlər başqa yerlərdə aparılmalı olan qazıntılar üçün ayrılmış vəsait hesabına görülür. Bununla belə, Arxeologiya və Etnoqrafiya İnstitutunun və Quba Rayon İcra Hakimiyyətinin köməyi ilə ekspedisiya üzvləri qızmar günəş altında öz vəzifələrini vicdanla yerinə yetirirlər”. Q. Ağayev ekspedisiyanın tərkibinə beynəlxalq ekspertlərin cəlb edilməsinə lüzum görmədiyini söyləyib: “Bizim institutun potensial imkanları çoxdur. Respublika Prokurorluğunda da səviyyəli tibbi ekspertiza şöbəsi var. Tədqiqatın nəticələrinin obyektivliyini istənilən səviyyədə sübut etməyə hazırıq”.
Məzarlıqda görülən bütün işlər institutdan gətirilmiş xüsusi videokameraya çəkilir. Hər gün iş başlayanda və bitəndə azan verilir. Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev, tarix elmləri namizədi Tahir Şahbazov, antropoloq Dmitri Kriçenko, arxeoloq Mikayıl Mustafayev, arxeoloq Əhliman Abdurrəhmanov, etnoqraf-sosioloq Ənvər Kazımov və 74 yaşlı memar Süleyman Allahverdiyev gördükləri işi Vətən və xalq qarşısında müqəddəs bir vəzifə kimi qəbul edirlər: “Hamımızın fikri budur ki, məzarlıqda erməni soyqırımına məruz qalan azərbaycanlıların şərəfinə Qubanın hər yerindən görünən memorial abidə ucaldılsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR