Beynəlxalq Böhran Qrupunun analitiki: “Dağlıq Qarabağ münaqişəsində mövcud “status-kvo” nə Azərbaycanı, nə də Ermənistanı qane edə bilər” - EKSKLÜZİV

Beynəlxalq Böhran Qrupunun analitiki: “Dağlıq Qarabağ münaqişəsində mövcud “status-kvo” nə Azərbaycanı, nə də Ermənistanı qane edə bilər” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 03 dekabr 2007 12:16 (UTC +04:00)
- Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hesabatı hazırdırmı? Hesabat ictimaiyyətə və münaqişə tərəflərinə nə zaman təqdim olunacaq?
- Bildiyiniz kimi, Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair “Dağlıq Qarabağ: müharibə riski” adlı hesabatı noyabrın 12-də dərc olunub. Beynəlxalq Böhran Qrupu hökumətlərə, beynəlxalq təşkilatlara və ictimaiyyət nümayəndələrinə bununla bağlı press-relizlər və hesabatın elektron versiyasını göndərib. Hesabatın ilkin variantları isə bizim baş ofisimizin yerləşdiyi Brüsseldə yayımlanıb. Hazırda biz bu hesabatı Azərbaycan və Ermənistan hökumətləri, bütün Qafqazda yayımlamaq istəyirik. Hesabatın çap variantı hazır olduqda, bu sənəd təkcə hökumətlərə deyil, regionun qeyri-hökumət təşkilatlarına da təqdim ediləcək. Beynəlxalq Böhran Qrupu həmçinin hesabatın əsas aspektlərini yerli ekspertlər və hakimiyyət nümayəndələri ilə müzakirə etmək üçün Azərbaycan və Ermənistanda dəyirmi masalar keçirməyi planlaşdırır. Bu tədbirlərin tarixi dəqiqləşdikdən sonra vaxtı açıqlayacağıq.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin mövcud durumunu necə qiymətləndirirsiniz? “Ümumi dövlət” yaradılması ideyasına Beynəlxalq Böhran Qrupunun münasibəti necədir?
- ATƏT-in Minsk Qrupu tərəfindən 1998-ci ildə müzakirələr üçün təklif etdiyi “ümumi dövlət yaratmaq” təklifi hazırda münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin predmeti deyil. Beynəlxalq Böhran Qrupu hesab edir ki, 2004-cü ildən başlayan “Praqa prosesi” Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ədalətli və balanslaşdırılmış müzakirələr aparmağa imkan verir. ATƏT-in Minsk Qrupunun təklif etdiyi əsas prinsiplər bunlardır münaqişənin nizamlanması üçün güc tətbiqindən çəkinmək, Dağlıq Qarabağa bitişik rayonlardan erməni silahlı birləşmələrini çıxarmaq, bu ərazidə sülhməramlı qüvvələr yerləşdirmək, azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağın statusuna dair referendum keçirilməsinə dair münaqişə tərəflərinin öhdəlik götürməsi. Eyni zamanda biz inanırıq ki, vaxt nizamlanma prosesinin əleyhinə işləyir. Azərbaycanla Ermənistan arasında hələ də barışmaz və düşmənçilik əhval-ruhiyyəsi mövcuddur. Buna görə də mövcud “status-kvo” vəziyyəti tərəflərdən heç birini qane edə bilməz. Beynəlxalq Böhran Qrupu hesab edir ki, hər iki tərəf danışıqlarda kifayət qədər siyasi iradə nümayiş etdirmir. Həm Azərbaycan hökuməti, həm də Ermənistan hökuməti danışıqlar prosesinə real töhfə verməyib. Həmçinin tərəflər öz xalqlarını münaqişənin sülh yolu ilə nizamlamasına hazırlamalı, müharibə və qarşı tərəfə nifrət təbliğatı aparmaqdan imtina etməlidir. Bu prosesə mülki cəmiyyət qurumlarının iştirakı da vacibdir.
- Beynəlxalq Böhran Qrupunun Azərbaycanda İslam mövzusunda təhqiqatlarının məqsədi nədir? Analoji təhqiqatları digər Cənubi Qafqaz respublikalarında aparmağı düşünürsünüzmü?
- Hesab edirik ki, Azərbaycanda mövcud ənənəvi və qeyri-ənənəvi İslam cərəyanlarının, dövlət-din münasibətlərinin, dini radikalizm zamanı insan hüquqları ilə bağlı yaranan narahatlıqların öyrənilməsinə, təhqiq olunmasına ehtiyac var. Bizim analitiklər iki aydan artıq müddət ərzində Azərbaycanın bütün bölgələrinə səfər edərək 60-dan artıq dini icmanın nümayəndələri ilə görüşüblər. Biz bu hesabatın hazırlanması işini dekabrın sonuna kimi başa çatdırmağı planlaşdırırıq. Hesabat hakimiyyət qurumları, mülki cəmiyyət institutları, media və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri arasında, həmçinin xarici ölkələrdə yayımlanacaq. Hələlik digər Cənubi Qafqaz respublikalarında analoji təhqiqatlar aparmaq planımız yoxdur, amma ola bilsin ki, gələcəkdə belə təhqiqatlar keçirilsin.
- Avropa İttifaqının təşəbbüsü ilə Beynəlxalq Böhran Qrupu Cənubi Qafqaz respublikalarında milli azlıqların durumuna dair təhqiqat aparıb, müəyyən tənqidi fikirlər və tövsiyələrin olduğu hesabat hazırlayıb. Qrup bu hesabatda irəli sürülən tövsiyələrin, xüsusilə ofisinizin yerləşdiyi Gürcüstanda yerinə yetirilməsinin monitorinqini aparırmı?
- Beynəlxalq Böhran Qrupunun missiyası münaqişələrin mənbəyini açmaq və qarşısını almaqdır. Bu sahədə bizim əlimizdə olan əsas vasitə təhqiqatlar, siyasi təkliflər, yüksək səviyyədə tövsiyələrdən ibarətdir. 2006-cı il noyabrın 22-də Gürcüstanda azərbaycanlı və erməni icmalarının durumuna dair hesabatı dərc etdik və burada adı çəkilən icmaların şikayətləri öz əksini tapıb. Bunun əsasında mümkün gərginliklərin aradan qaldırılması üçün hesabatda müəyyən tövsiyələr də vermişik. Hesabat dərc olunandan sonra Gürcüstan hökuməti azərbaycanlı və erməni icmalarının durumunun yaxşılaşdırılması istiqamətində, məsələn doğma dildə təhsil almağa şərait yaratmaq kimi bəzi addımlar atıb. Bununla belə, biz Gürcüstan hökumətindən daha aktiv addımlar gözləyirik. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR