Azərbaycan XİN başçısının müavini: “Öz müqəddəratını təyin etmə prinsipi hər zaman ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir”

Azərbaycan XİN başçısının müavini: “Öz müqəddəratını təyin etmə prinsipi hər zaman ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir”
# 14 dekabr 2007 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri prezidentin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov bu gün bir qrup jurnalistə açıqlamasında bildirib. “Hələlik tam, yaxud qismən heç bir razılıq əldə edilməyib” deyən A. Əzimov Ermənistan tərəfindən bir neçə mifin səsləndirildiyini söyləyib: “Guya Dağlıq Qarabağın müstəqilliyi məsələsi müzakirə predmeti olub, guya öz müqəddəratını təyin etmə hüququ da müzakirəsi olunur və guya növbəti mərhələdə bu müstəqilliyin təmin olunması, öz müqəddəratını təyin etmə hüququnun yerinə yetirilməsi məsələsi artıq həll olunub. Burada bir neçə təbəqəli yalan var. Birincisi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu bütün beynəlxalq cəmiyyət qəbul edir və nizamlanma bu prinsipə söykənir. İkincisi, Azərbaycan heç bir vəchlə, heç bir halda ərazilərinin parçalanmasına yol verməyəcək, ərazi bütövlüyü hər zaman Azərbaycanın prinsipial mövqeyi olub və olacaq. Başqa istiqamət mümkün deyil və olmayacaq. Öz müqəddəratını təyin etmə hüququ, beynəlxalq hüquq normaları və prinsiplər, beynəlxalq hüququ təyin edən və formalaşdıran sənədlər əsasında bir mexanizm kimi baxılsa belə, ərazilərin parçalanmasına gətirib çıxarmamalıdır və hər zaman ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Bu hüquq hansısa vahidin, bölüyün, parçanın ayrılmasına gətirib çıxara bilməz”. A. Əzimov bildirib ki, öz müqəddəratını təyin etmə hələ müstəqillik əldə etmək demək deyil: “İstənilən formada, istənilən səviyyədə Dağlıq Qarabağdakı əhalinin hüquqlarını təmin edən özünüidarəetmə modelinin tətbiqi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Belə formullar, belə modellər Avropa və digər dünya ölkələrinin təcrübələrinə uyğundur və tətbiqində çətinliklər nəzərə çapmır. Dağlıq Qarabağ regionunda ermənilərdən başqa, oradan qovulmuş azərbaycanlılar da yaşayır. Etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlıların oraya qaytarılması qəti şərtlərdən, prinsipial mövqelərdən biridir və bunu tək Azərbaycan demir. Bu, yalnız Azərbaycanın iddiası olsa belə, bütün beynəlxalq cəmiyyət tərəfindən dəstəklənən maddədir. Əks təqdirdə - azərbaycanlıların Dağlıq Qarabağa qayıtmadığı halda, o regionda tətbiq edilə bilən modellə bağlı müzakirələr aparmaq etnik təmizləmənin təsdiqlənməsi və təqdir edilməsi kimi qəbul olunmalıdır. Dağlıq Qarabağ regionunun hansısa formada statusunun müzakirəsi azərbaycanlıların bilavasitə regiona qayıtmasından sonra, onlara ermənilərlə bir yerdə, eyni səviyyədə, eyni qarantiyalarla, eyni zəmanətlərlə, eyni təhlükəsizlik şəraitində yaşama şəraiti yaradılandan sonra mümkündür. Belə bir şəraitin təmin edildiyi halda, iki icmanın ayrı-ayrılıqda, amma eyni səviyyədə və eyni prosesdə iştirakı qaçırılmaz prinsipial məqamdır ki, buna da kiminsə istəyib-istəməsindən asılı olmayaraq, beynəlxalq hüquqi norma və prinsiplərə əsaslanaraq beynəlxalq dünya cəmiyyətinin təcrübəsinə uyğun olaraq riayət edilməlidir”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR