Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Kosovonun müstəqilliyini elan etməsinin günahını Rusiyada görür

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Kosovonun müstəqilliyini elan etməsinin günahını Rusiyada görür
# 19 fevral 2008 12:30 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Kosovonun müstəqilliyini elan etməsinə və bəzi dövlətlərin bu müstəqilliyi tanımasına münasibət bildirən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov deyib. İcma rəhbəri hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq hüquqi-normativ aktlarda boşluq olduğundan Kosovonun müstəqilliyi BMT-yə üzv olan dövlətlər, o cümlədən Avropa dövlətlərinin hamısı tərəfindən qəbul olunmur. N. Bəhmənovun sözlərinə görə, postsovet məkanında - həm Moldova, həm Gürcüstan, həm də Azərbaycan ərazilərindəki münaqişələrin mənbəyini Rusiya dövləti yaradıb: “Yuqoslaviyanın dağılması ilə əlaqədar Balkanlarda baş verən qırğınlar da Rusiya tərəfindən eyni ssenari ilə hazırlanıb və dəstəklənib. Bu günə qədər həmin münaqişələrin həll olunmamasında, dondurulmuş vəziyyətdə qalmasında Rusiyanın çox böyük səyləri olub. Bu isə Kosovonun birtərəfli şəkildə müstəqilliyini elan etməsi ilə nəticələndi”. N. Bəhmənov rəhbərlik etdiyi icma adından bəyan edib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi qeyri-qanuni addımdır və beynəlxalq hüquqi normalara ziddir.
BMT Təhlükəsizlik Şurasında da Kosovonun müstəqilliyi bağlı yekdil fikir olmadığını xatırladan N. Bəhmənov Kosovo rəhbərliyinin bu addımının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.
Beynəlxalq hüquqi normalara uyğun olaraq hər bir münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edən N. Bəhmənov bildirib ki, Kosovo məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin həllində presedent ola bilməz: “Dağlıq Qarabağ münaqişəsində işğal faktı var - Ermənistan Azərbaycan ərazisini işğal edib, işğalçı ölkə kimi tanınır. Prezidentimiz bütün görüşlərdə münaqişənin Azərbaycanın ərzi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edir və bu, müxtəlif ölkələrlə imzalanmış bəyannamələrdə də əksini tapır”.
N. Bəhmənov hesab edir ki, “dondurulmuş münaqişələri” yaradan Rusiya nə vaxtsa bunun cəzasını çəkəcək: “Kosovonun müstəqilliyinin bəzi ölkələr tərəfindən tanınması da Rusiyaya qarşı qisasdır”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR