Əfrand Daşdəmirov: “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə o qədər ümid etmək lazım deyil”

Əfrand Daşdəmirov: “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə o qədər ümid etmək lazım deyil”
# 02 may 2008 13:27 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Rusiya prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Əfrand Daşdəmirov deyib. O, BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qəbul olunan qətnaməni çox mühüm sənəd adlandırıb: “Belə bir qətnamənin qəbulu ictimai rəydə Azərbaycanın ədalətli mövqeyini bir daha təsdiqləmiş oldu. Sənədin lehinə, yaxud əleyhinə kimin səs verməsindən asılı olmayaraq, BMT-də belə bir qətnamənin qəbulu mühüm mənəvi qələbədir. Amma nəticənin əldə olunması, münaqişənin tam nizamlanması üçün təkcə mənəvi dəstək tələb olunmur. Siyasi danışıqlar prosesində yalnız mənəvi, hətta hüquqi kapital hesabına nəticə əldə etmək çox çətindir. Münaqişənin nizamlanması üçün həm də ardıcıl, müvafiq siyasət yürüdülməlidir. Bu məsələdə necə siyasət yürütmək lazım olduğunu indiki situasiyanın bütün incəliklərinə bələd olanlar bilirlər. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlər - ATƏT-in Minsk Qrupuna həmsədrləri tərəfləri barışdırmağa çalışırlar. Amma eyni zamanda bu dövlətlərin hər birinin bizim regionda öz maraqları və münaqişə tərəfləri ilə fərqli xüsusi münasibətləri var. Həm Ermənistan, həm Azərbaycanla eyni dərəcədə yaxın münasibətlərdə olmaq Rusiya üçün ideal sayılardı. Rusiya üçün Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanla sıx münasibətləri qoruyub saxlamaq vacibdir, amma eyni zamanda Moskva Ermənistanı da itirmək istəmir. Rusiyanın təsir imkanlarının da həddi var. Eynilə hər kəsə aydındır ki, Fransanın mövqeyinə ölkənin erməni əsilli vətəndaşları təsir edir. ABŞ-ın isə regionda öz hesabları və öz oyunları var. Bu dövlətlərdən hər biri müəyyən qədər bizə, müəyyən qədər isə ermənilərə dəstək verir. Ümumiyyətlə onlar açıq şəkildə bəyan etməkdən çəkinmirlər ki, “Öz aranızda razılaşın, o zaman biz bu razılaşmanı dəstəkləyərik”. Amma ərazisinin bir hissəsi işğal olunmuş ölkə kimi bizim hər hansı razılığa getməyimiz utandırıcı, xoş olmayan mövqedir. Amma reallıq belədir. Bu məsələdə vasitəçilərə arxalanmaq olmaz, özümüzün iradəsi olmalıdır. Deməli, təkcə təkliflər gözləməməli, vasitəçilər olmadan birbaşa dialoqa getmək lazımdır”. Ə. Daşdəmirov hesab edir ki, ilk olaraq bu dialoqa vətəndaş cəmiyyəti institutları başlaya bilər: “Azərbaycan və Ermənistanın ömrü boyu qonşu dövlətlər olaraq qalacağı faktorunu nəzərə alaraq, birbaşa danışıqlara başlamaq lazımdır. Epizodik xarakterli səfərlər bu prosesə kömək edə bilməz. Şübhə etmirəm ki, erməni tərəfi mövcud situasiyadan əziyyət çəkir, iqtisadi baxımdan uduzur və uduzmaqda davam edəcək. Lakin biz də vakuumda yaşamırıq, bizim xoşumuza gəlsə də, gəlməsə də, Gürcüstan bu ölkə ilə əlaqələri davam etdirir, Rusiya və İranın da Ermənistan iqtisadiyyatında hansı rol oynadığını bilirik”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR