"Bank VTB" Azərbaycana dedollarizasiya prosesində kömək etmək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində təşkil olunan "Sənaye: ikitərəfli əməkdaşlığın perspektivi" mövzusunda dəyirmi masada "Bank VTB"-nin İdarə Heyəti sədrinin müavini Mixail Oseyevski bildirib.
Onun sözlərinə görə, manatın devalvasiyası nəticəsində ölkə dollarlaşma səviyyəsi maksimal həddə çatıb: "Bizim Azərbaycanda fəaliyyət göstərən törəməmizin aktivlərinin bir qismi manatdadır. Azərbaycan bank sektorunun digər oyunçuları kimi "Bank VTB" də dollarlaşma adlanan problemin həlli üçün tənzimləyicinin pul-kredit siyasətinə dəyişikliyin edilməsi barədə qərarı gözləyir. Ancaq tənzimləyici qərarı gecikdirir".
Bankir deyib ki, sahibkarlara kömək etmək məqsədilə, həmçinin problemin qismən həlli üçün "Bank VTB" Rusiya bazarına istiqamətlənmiş sahibkarlara və istehlakçılara rubl ilə kreditlər təklif edir.