Sahibkarların xaricdə sərgi-yarmarkalarda iştirak üçün dövlət dəstəyi verilməsi proseduru müəyyənləşib

Sahibkarların xaricdə sərgi-yarmarkalarda iştirak üçün dövlət dəstəyi verilməsi proseduru müəyyənləşib
# 01 noyabr 2016 09:57 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nı təsdiq edib.

APA-nın məlumatına görə, növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycanın iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, hər il may ayının 1-dən gec olmayaraq İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir və onun rəsmi internet səhifəsində yerləşdirilir.

Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarına müraciətdə göstərilən sərgi və ya yarmarkanın İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olması və sahibkarın istehsal etdiyi məhsulun müvafiq sərgi və ya yarmarkada nümayiş olunacaq məhsulların kateqoriyasına uyğunluğu daxildir. İxracatçı xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak üçün ərizəni İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərizədə ərizəçi hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü, ərizəçi fiziki şəxs olduqda adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü, xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası göstərilməlidir. Ərizəyə İqtisadiyyat Nazirliyi tərəfindən 10 iş günü müddətində baxılır. Sahibkarın müraciəti meyarlara uyğun olduqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştiraka dair qərar qəbul edilir. Sahibkarın müraciəti meyarlara uyğun olmadıqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştirakdan imtina haqqında qərar qəbul edilir.

Qeyd edək ki, 2016-cı və 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı bu Meyarlar qüvvəyə mindiyi tarixdən 15 gün müddətində İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaq və onun rəsmi internet səhifəsində yerləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na əsasən beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği çəkilən xərclərin 30 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR