Lalə İsrafilova: "Bank of Baku" ailəsi bizlərlə birlikdə bütün məhdudiyyətlərə meydan oxudu"

Lalə İsrafilova: "Bank of Baku" ailəsi bizlərlə birlikdə bütün məhdudiyyətlərə meydan oxudu"
# 29 fevral 2016 13:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bəzən insanın həyatında elə an olur ki, kiminsə, sənin əlindən tutub, sən bunu bacararsan deməsinə ehtiyac duyursan. Xüsusən fiziki məhdudiyyəti olan insanların isə buna daha çox ehtiyacı olur. Bəzi insanlar fiziki məhdudiyyətli insanları ya görmür, ya da anlamaqda çətinlik çəkir. Lakin “Bank of Baku” ailəsi bizlərin məqsədlərini, arzularını, karyera qurmaq, həyatda özümüzü təsdiq etmək istəklərimizi gördü və bizlərlə birlikdə bütün məhdudiyyətlərə meydan oxudu və həyatımızda yeni yollara cığır açdı". Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu sözləri “Bank of Baku”nun “Fiziki məhdudiyyətlərə meydan oxuyaq” layihəsinin iştirakçılarından biri olan Lalə İsrafilova deyib.

Hal-hazırda “Formula 1 - Baku Grand Prix” yarışlarının Məlumat Mərkəzində operator vəzifəsində çalışan Lalə karyera həyatında ilk pilləni də məhz layihə çərçivəsində “Bank of Baku” tərəfindən Azərbaycanda ilk dəfə keçirilən “Əngəlsiz Karyera Sərgisi”ndə qazanıb. “İnsan üçün məhdudiyyət deyə bir anlayış yoxdur. Əgər bizim arzularımız, məqsədlərimiz varsa, onlar üçün mübarizə aparmalı, hər kəsin gözündə görünən məhdudiyyətlərə meydan oxumalıyıq”, - deyə L. İsrafilova deyib.

Qeyd edək ki, fevralın 27-də “Bank of Baku”, məhdudiyyətlərə #meydanoxu-yan iştirakçılarını yenidən bir arada toplayıb. Görüşdə iştirakçılar arasında iş həyatına yenicə başlayan, öz işini quran və ictimai sektorda fəallıq göstərən şəxslər öz təcrübələri ilə bölüşüb, fiziki məhdudiyyətin uğurlu karyera üçün əngəl olmadığını bir daha sübut ediblər. “İlk Əngəlsiz Karyera Sərgisi”nin siması olan Coşqun Məmmədov, Əlil Sahibkarlar İctimai Birliyinin Nərimanov şöbəsinin sədri kimi fəaliyyət göstərmək üçün təklif alıb. “Bu layihədə iştirak etməsəydim, bəlkə də bu gün işləməzdim” deyən Elçin Qasımov, hal-hazırda Təhsil Nazirliyinin İnformasiya Şöbəsinin operatoru olaraq fəaliyyət göstərir.

Lalə ilə yanaşı layihənin digər bir nümayəndəsi Könül Turəngi də “Formula – 1 Baku Grand Prix” yarışlarının məlumat mərkəzinin operatoru vəzifəsinə iş təklifi alıb. Bu layihəyə qoşulmaqla sərbəst addımlamağı öyrəndiyini deyən Könül təkcə iş deyil, eyni zamanda özünə, bacarıqlarına inam qazandığını xüsusilə vurğulayır.

İştirakçılar arasında iş tapan gənclərlə yanaşı, həmçinin öz işinə başlayan və ilk addımlarında uğur qazanan şəxslər də var. “Mən deyərdim ki, bu layihənin faydası yox, faydaları oldu. Şəxsən özüm iş tapmasam da nişanlım, Könül Turənginin işlə təmin olunması məni sevindirməyə bilməzdi, onun üzündəki sevinc mənə də yüksək ruh verdi. Layihədə qazandığım bilik və bacarıqla, öz kiçik biznesimi qurdum və ilk uğurumu beləcə qazandım” deyən Seymur Xəlilov, əlilliyi olan şəxslərə pozitivliyi qorumalarını və özlərinə inamı itirməməyi tövsiyə edir.

Layihə iştirakçılarından ikisi - Murad Məmmədov və Xavər Nağıyeva isə “Bank of Baku”dan iş təklifi alıb və hal-hazırda bankın 145 məlumat mərkəzinin kiçik eksperti olaraq fəaliyyət göstərirlər. “Bank of Baku kimi qabaqcıl bir bankda çalışmaq sevincli və qürurvericidir. Müştərilərə xidmət göstərmək, insanlara dəstək olmaq, lazımi məlumatları onlara ötürərək işlərini asanlaşdırmaq adamı ruhlandırır”, - deyə M. Məmmədov qeyd edib.

“Bank of Baku” ailəsinə qoşulan digər layihə iştirakçısı X. Nağıyeva da bu layihənin onun həyatında yeni bir səhifə açdığını bildirir. Əlilliyi olan şəxslərə “Sadəcə istəyin, nələrə qadir olacağınızı özünüz görəcəksiz!” deyən Xavər, “Bank of Baku”nu bir-birini dəstəkləyən, komanda şəklində çalışan canlı mexanizm kimi dəyərləndirir.

Bütün iştirakçıların xüsusi bacarıqlara malik olduğunu vurğulayan “Bank of Baku”nun İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Nigar Tahirova yerli və beynəlxalq şirkətlərin rəhbərlərinə üzünü tutaraq: “Bizim iştirakçılarımızın timsalında fiziki məhdudiyyətin həqiqətən də uğurlu karyera üçün heç bir əngəl olmadığının şahidi olduq. Geniş potensiala malik olan bu iştirakçılarımız istənilən şirkətin əvəzedilməz əməkdaşı olmağa qadir şəxslərdi. Bütün şirkətləri onların namizədliyini nəzərdən keçirməyə dəvət edirəm”, - deyə qeyd edir.

Görüşün yadda qalan əsas məqamlarından biri iştirakçılardan üçünün ölkənin aparıcı marketoloqları tərəfindən keçirilən təlimlərdə ödənişsiz iştirak imkanı qazanmaları olub. Belə ki, layihədə “Sosial şəbəkələrin idarəedilməsi” üzrə təlimçi olaraq iştirak etmiş Rafiq Hunaltayın dəstəyilə iki iştirakçıya “Marketing Air 8” təliminə, bir iştirakçıya isə təlimçi Fərhad Ələkbərovun “SMM üzrə praktik təlim”inə hədiyyə kuponu təqdim edilib.

Xatırladaq ki, bir müddət öncə, #meydanoxu həştəqi ilə “Bank of Baku” fiziki məhdudiyyəti olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi və yiyələnəcəyi peşəyə uyğun olaraq işlə təmin olunmasına dəstək göstərmək məqsədilə “Məhdudiyyətlərə Meydan Oxuyaq” adlı layihə həyata keçirib. Layihənin yekununda iştirakçıların işlə təmin olunma imkanlarını artırmaq üçün yerli və beynəlxalq şirkətlərin iştirakı ilə “İlk Əngəlsiz Karyera Sərgisi” təşkil olunub. Sərgi və bilavasitə layihə Lalə və iştirakçılardan bəzilərinin iş tapmalarında xüsusi rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR