5 avqust 2013: Türkiyənin “QULAQ Arxipelaqı”nın rəsmi elanı - Təhlil

5 avqust 2013: Türkiyənin “QULAQ  Arxipelaqı”nın  rəsmi elanı - <span style="color: red;">Təhlil
# 12 avqust 2013 07:46 (UTC +04:00)

Ona görə də başqalarına radikal dərəcədə sərt görünən məhkəmə hökmü açıqlananda qətiyyən təəccüblənmədim: 2008-in martında İlhan Səlçuk səhər saat 5-də evinə basqın edilərək polis bölməsinə aparılanda “Kommersant”a “Türkiyənin 1937-ci ili” başlığıyla yazı yazdığımı bir daha xatırladım, Silivri məhkəməsinin 5 avqust 2013-dəki hökmünün Türkiyənin “QULAQ Arxipelaqı”nın rəsmi şəkildə elanından başqa bir şey olmadığını bir daha gördüm. Hökm açıqlananda Aleksandr Soljenitsının Nobel nitqini yenə və yenidən beynimdə canlandırdım; mənə görə, ədəbi baxımdan Nobel kürsüsündən söylənmiş ən yaxşı nitq Alber Kamüyə, siyasi baxımdan söylənmiş ən yaxşı nitq isə Aleksandr Soljenitsına aid idi. Sürgündə böyük bir ədəbiyyatın məhv olmasından danışan Soljenitsın bu yazını yazarkən adını xatırlaya bilmədiyim bir şairin

Zəncirlənmiş olsa da əlimiz-ayağımız

Taleyin yollarını özümüz açmalıyıq

misralarını dustaqlığın mübarizə manifesti kimi vermişdi. Silivri məhkəməsinin 5 avqust 2013-də Türkiyənin “QULAQ Arxipelaqı”nı rəsmən elan etməsindən sonra Ərdoğan hökumətinin bunu simvollaşdırmaq üçün atacağı yeganə addım Silivri həbsxanasını ölkənin ən soyuq məkanlarından birinə - Karsa və ya Ərzuruma köçürməsi qalır. Çünki “Arxipelaq”ın atributları tam olmalıdır; bu baxımdan bütün standartları artıqlamasıyla yerinə yetirən Silivri zindanının dəniz kənarındakı isti bir məkanda yerləşməsi “Arxipelaq” simvolunun kamilliyinə kölgə düşürür; Kars və ya Ərzurumun sarp dağlarının təpəsindəki zindan “Arxipelaq”ın məzmun və mahiyyətini obrazlı şəkildə tamamlayacaq və dünya XXİ əsrin Türk “QULAQ Arxipelaqı”nı tam təşkilatlı şəkildə görmüş olacaq. Ədəbiyyata gəlincə: Soljenitsının dediklərindən fərqli olaraq, Türk “QULAQ Arxipelaq”ında (yəni Silivri zindanında) böyük bir ədəbiyyat məhv olmadı, əksinə, orda yaranmış ədəbiyyat ildırım sürətiylə qıraqda yayılaraq həm müəlliflərə, həm də naşirlərə böyük qazanc əldə etdirdi. 90 il sonranın 90 il əvvəldən ən önəmli fərqi bəlkə elə budur: rus “QULAQ Arxipelaqı”nın böyük bir ədəbiyyatı məhv etməsi, türk “QULAQ Arxipelaqı”nın isə özünün zəngin ədəbiyyatını yaratması. Fərq “QULAQ”lar arasındakı humanizmə münasibətdə yox, kommunikasiya vasitələrinin inanılmaz dərəcədə inkişaf etməsindədir...

Əməliyyat Dolmabahçədəki Ərdoğan-Büyükanıt görüşündə razılaşdırılmışdı?

Türkiyə 2007-ci ilin yazına çox sıxıntılı girdi: iqtidar ölkənin yeni prezidentini mövcud parlamentin seçməsini (çünki millət vəkili sayı buna rahatlıqla imkan verirdi) istəyirdi, müxalifət isə erkən seçkiyə gedilməsi və yeni prezidenti seçki nəticəsində formalaşacaq olan yeni Məclisin seçməsi üçün təkid edirdi. İkinci variant üzərində qərar qılınınca baş nazir Ərdoğan AKP-nin prezdentliyə namizədinin “qardaşı Abdullah Gül” olduğunu 15 apreldə açıqladı. 26 apreldəki ilk turda səsverməyə keçilməzdən əvvəl ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası Məclisə gəlmədi, partiyanın parlament qrupu sədrinin müavini Kamal Anadol isə “sessiyanın başlaya bilməsi üçün 367 millət vəkilinin salonda olmasının lazım gəldiyini” spiker Bülənt Arınca ən arxa sıradan ayaq üstündə çatdırdı. Xəbərdarlığı dinləməyən Arınç, prezident seçkisinin ilk turunda Abdullah Gülün namizədliyini səsə qoydu, ilk turda lazımi qədər səs toplanmadığına görə növbəti tur 2 gün sonraya qaldı. 27 apreldə gecə saat 11-də Silahlı Qüvvələr Baş Qərargahının internet saytına qoyulan bir bəyanat ultimatum xarakterində idi; Baş Qərargah rəisi, ordu generalı Yaşar Büyükanıtın daha sonra “öz əlimlə yazdım” dediyi bəyanat bir anda ölkədəki gərginliyin maksimum dərəcəyə çıxmasına səbəb oldu. Birinci dərəcəli həyəcan vəziyyətinə keçirilən TV kanalları səhərə qədər “Ultumatum verən ordu tankların kazarmadan çıxmasına əmr edəcəkmi?” sualına cavab axtardılar. 28 apreldə gönorta kameraların qarşısına keçən ədliyyə naziri və hökumət sözçüsü Cəmil Çiçək “Konstitusiyaya görə hökumətə tabe olan Baş Qərargahın belə bir açıqlama yaymasını qəbul etmədiklərini və prosesləri normal zəminə qaytarmaq üçün təmkinli şəkildə lazımi addımları atdıqlarını” söyləyincə, ölkə bir az rahat nəfəs ala bildi; dövlət çevrilişi təhlükəsi sovuşmuşdu. Prezident seçkisi üçün Məclisdə ikinci tura ehtiyac qalmadı, çünki CHP-nin müraciətiylə “Məclisdəki səsvermənin ilk turunda 367 millət vəkili iştirak etmədiyinə görə” Konstitusiya Məhkəməsi ilk turu da keçirilməmiş hesab etdi. 2 mayda AKP-nin təklifiylə Məclis erkən seçkinin tarixini açıqladı: 22 iyul. Son 6 ildə Türkiyənin gündəmini ən çox məşğul edən gəlişmə isə 12 iyunda yaşandı: İstanbulun Ümraniyyə bölgəsindəki bir gecəqonduda ələ keçirilən 27 əl bombası sonradan “Ergenekon” adı verilən prosesin başlanğıc nöqtəsini təşkil etdi. Mayın əvvəlində Türkiyə üçün həyati dərəcədə önəmli olan başqa bir gəlişmə isə baş nazir Ərdoğanın Dolmabahçə sarayındakı ofisində yaşanmışdı: Baş Qərargah rəisi Büyükanıtı İstanbula dəvət edən Ərdoğan onunla 2 saatlıq görüş keçirsə də, görüşdə danışılan mövzular Türkiyənin dövlət sirlərindən önəmli bir şeyə çevrilmiş, istər Ərdoğan, istərsə də Büyükanıt o sirləri özləriylə məzara aparacaqlarını vurğulamışdılar. Mətbuatın təzyiqi də heç bir nəticə verməmişdi. Prezident seçkisi ərəfəsində yaşanmış önəmli olaylardan birinin Ərdoğan-Büyükanıt məxfi görüşü olduğunu bir tərəfə qeyd etdikdən sonra ikinci önəmli olayın 14 apreldə Ankarada, 28 apreldə isə İstanbulda keçirilən və hər ikisində 1 milyon insanın iştirak etdiyi Cümhuriyyət mitinqləri olduğunu bir daha hafizələrdə canlandırmadan Silivri məhkəməsinin 5 avqustda verdiyi hökmün mahiyyətini anlamaq olmaz. Çünki daha sonra Cümhuriyyət miqtinqləri də “Ergenekon” adı verilmiş prosesin çərçivəsinə daxil ediləcək, mitinqin təşkilatçılarından olan Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin başqanı, professor Türkan Saylanın evinə, dərnəyin baş qərargahına və şöbələrinə basqınlar təşkil ediləcək və xərçəng xəstəsi olan professor Saylan qısa müddətdə həyata gözlərini yumacaqdı. Cümhuriyyət mitinqlərini canlı yayınlayan yeganə TV olan “Kanaltürk”ün sahibi Tuncay Özkana isə 5 avqustda Silivri məhkəməsi ömür boyu həbs cəzası kəsəcəkdi. 12 iyun 2007-də İstanbulun Ümraniyyə bölgəsindəki bir gecəqondunun çatısında tapılan (protokolu tutulmayan, ekspertizaya verilmədən “Ergenekon” adlı prosesin “dəlil” siyahısına daxil edilən və məhkəmədə nümayiş etdirilmədən aradan qaldırılan) əl bombalarına dönəmin xarici işlər naziri və iqtidar partiyasının prezidentliyə namizədi Abdullah Gül öz reaksiyasını “Ürəkli prokuror axtarırıq, bunun arxasınca çox şeylər gələcək”- sözləriylə bildirmiş, o günlərdə çoxları Gülün sözlərinin arxasından hansı “çox şeylər”in gələcəyinin üzərində durmamışdı. 22 iyulda AKP-nin öz iqtidarını 47% səslə gücləndirməsindən 5 gün sonra ilk “şey” gəlmiş və Abdullah Gül, Tayyip Ərdoğan, Bülənt Arınç və AKP-nin “mənşəyi”nə dair kitabların müəllifi Ergün Poyraz həbs edilmişdi. (Kitabları “terror fəaliyyəti” kimi dəyərləndirilən Poyraz da 5 avqustda “ömürlük həbsdə qalacaqlar” karvanına qoşuldu). Baş Qərargah rəisi, ordu generalı Büyükanıtın 27 apreldə “öz əlimlə yazdım” dediyi ultimatum seçki təbliğatı dönəmində AKP-nin işinə hava və su kimi yaramış və təkpartıyalı iqtidarın ikinci dönəminə can vermişdi. Bəlkə elə buna görədir ki, baş nazirin siyasi müşaviri Yalçın Akdoğan “Star” qəzetindəki köşəsində Silivri məhkəməsinin 5 avqust qərarını 27 may (1960), 12 mart (1971), 12 sentyabr (1980), 28 fevral (1997) və 27 aprel (2007) çevriliş və ultumatumlarıyla hesablaşma olduğunu önə sürərkən bu “xidmətinə görə”, ordu generalı Büyükanıtın adını heç, həm də heç tələffüz etmir...

Bu işlər Amerikasız mümkün idimi?

28 avqust 2007-də Abdullah Gül Türkiyə Cümhuriyyətinin XI prezidenti seçildi. Yeni prezidentin ilk işi ölkənin Cənub-Şərq bölgələrindəki hərbi hissələri gəzib əsgərlərlə çörək kəsmək və yaxın təmas qurmaq oldu. 21 oktyabrda keçirilən referendumda isə AKP 70% səslə növbəti prezidentin 2 dəfədən artıq olmamaq şərtiylə 5 illiyə xalq tərəfindən seçilməsinə dair maddəni Konstitusiyaya daxil edə bildi. Şimali İraqdan Türkiyəyə qarşı yönələn terror aksiyaları artdıqca Ankara ilə Vaşinqton arasındakı münasibətlərin getdikcə gərginləşdiyini görməmək mümkün deyildi. Bakıya ilk səfəri ərəfəsində - 1 noyabrda Çankaya iqamətgahında Azərbaycandan gələn jurnalistləri qəbul edən Abdullah Gülə, həmkarlarımın ümumi suallarından fərqli olaraq bu sualı vermişdim:

“5 noyabrda Ağ Evdə hörmətli baş nazir Ərdoğanın prezident Buş ilə kritik bir görüşü olacaq. Əgər Şimali İraqdan Türkiyəyə qarşı yönəlmiş terror təhdidinə qarşı təsirli tədbirlər görmək üçün ən böyük müttəfiqiniz olan ABŞ-dan lazımi dəstəyi ala bilməsəniz, hansı addımları atmağı düşünürsünüz? NATO-dan çıxarsınızmı? Həm də ilk dəfə Baş Qərargahın ikinci adamı baş nazirlə birlikdə Vaşınqtona gedir, Türkiyə buna niyə ehtiyac hiss edib?” Prezident Gülün cavabı:

“ABŞ İraqı işğal etmişdir, ona görə də İraqın bütün bölgələrindəki təhlükəsizliyə cavabdehdir. Ola bilməz ki, Bəsrədəki təhlükəsizliyə görə cavabdeh olsun, Şimali İraqdakı təhlükəsizliyə görə yox. Ona görə də terrorla mübarizəmizə ABŞ-dan konkret dəstək gözləyirik. Baş Qərargahın ikinci adamının baş nazirlə getməsinin də önəmli səbəbləri vardır, onun da nəticələrini görəcəyik”.

“Ergenekon” adı verilən prosesin ortalarında prezident Gülün gənclik dostu olan jurnalist-yazar Fəhmi Koru bir TV kanalındakı çıxışında “Ergenekon” əməliyyatı qərarının 5 noyabr 2007-də Ağ Evdəki Buş-Ərdoğan görüşündə qəbul edildiyini - qəsdənmi, yoxsa bilməyərəkmi - ağzından qaçıracaqdı. Fəhmi bəyin ağzından qəsdən və ya bilməyərək qaçırmasından asılı olmayaraq, qəti olan şey bundan ibarətdir ki, səbəbi nə olursa-olsun, 21 sentyabr 2012-də hökmü oxunan “Balyoz” və 5 avqust 2013-də hökmü oxunan “Ergenekon” proseslərində türk ordusunun ən yüksək rütbəli general və zabitlərinin çıxdaşı ABŞ-ın razılığı (bəlkə gizli təlimatı da deyilə bilər) olmadan mümkün deyildi. Axı söhbət NATO-nun ikinci böyük ordusunun ən yüksək rütbəli general və zabitlərinin çıxdaşından gedir. Necə ki, hər iki prosesdəki minlərlə haqq tapdanması örnəklərinə bu 6 ildə Vaşinqtondan bir dəfə də olsun təsirli reaksiya verildiyini görən olmadı. Silivri məhkəməsinin 5 avqustdakı hökmündən sonra da Ağ Evin reaksiyası “Apellyasiya prosesini yaxından izləyəcəyik”- şəklində oldu...

“Terrorçular bayıra, generallar, yazarlar, jurnalistlər, siyasətçilər, alimlər içəriyə”

“Ergenekon” adı verilən proses işin başından etibarən qərəzlə işləyən bir mexanizm üzərində yürüdüldü: AKP hökuməti orduyla və ölkənin aydın təbəqəsiylə “hesablaşmaq” (etiraf baş Tayyip Ərdoğanın sağ əli Yalçın Akdoğana aiddir) üçün “xüsusi səlahiyyətli məhkəmələr” qurub xüsusi səlahiyyətli hakim və prokurorlar təyin etdi. Ölkənin ən güclü dini icmasının hədəfində də ordu və aydın təbəqəsi olduğuna və layihə ABŞ-ın nəzarəti altında həyata keçiriləcəyinə görə, ordu generalı Büyükanıtın məşhur 27 aprel ultimatumundan sonra Vaşinqtonun də təlqiniylə dini icma ilə AKP-nin güclərinin eyni hədəfə qarşı birləşdirilməsi uzun sürmədi. İqtidarın və icmanın (indiki adı “Xidmət”dir) nəzarətindəki media qurumlarına “sosialist” Ahmet Altanın “Tərəf” qəzeti də əlavə olununca meydanı “çamadanlarla daşınan sənədlər”in toz-dumanı bürüdü. (İstifadə müddəti başa çatandan sonra “Xidmət” o qəzetə dəstəyi kəsdi). Prosesin əvvəlcədən hazırlanan layihəyə uyğun şəkildə aparıldığını isə 2010-cu ilin mayında Türkiyədə Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) saldırsının “Ergenekon”a birləşdirilməsi oldu. 17 may 2006-da məhkəməyə girərək bir hakimi öldürüb sədr də daxil olmaqla 3 hakimi yaralayan və ömürlük həbs cəzası alan Alparslan Aslanın törətdiyi cinayət işi bir anda Silivridə həbsdə saxlanan jurnalistlərin, alimlərin, siyasətçilərin işiylə birləşdirilərək nəhəng bir “Ergenekon qazanı” yaradıldı. 6 yanvar 2012-də həbs edilən Baş Qərargahın keçmiş rəisi, ordu generalı İlkər Başbuğ da “terror təşkilatı qurmaq və idarə etmək” suçuyla üz-üzə qalınca, vəkillərin hesablamalarına görə, prosesə əlavə edilən sənədlərin həcmi 120 milyon səhifəni keçdi. (Jurnalistlərlə birlikdə keçmiş polis rəisi, kəşfiyyat işçisi və alimin də “terrorçu” ittihamıyla məhkəməyə çıxarıldığı “Odatv” saytının prosesi, prokurorun bütün cəhdlərinə baxmayaraq. “Ergenekon qazanı”na atıla bilmədi). 23 fərqli ittihamnamənin birləşdirildiyi “Ergenekon prosesi”ndə “şübhəli şəxslər”in onsuz da ədalət gözləməkdə çox pessimist olduqları bir vaxtda yeni bir skandal ortaya çıxdı: məlum oldu ki, indiyə qədər “gizli şahid” kimi ifadə verənlərdən biri terror təşkilatının ömür boyu həbs cəzası almış və Diyarbakır həbsxanasında cəzasını çəkən adamı Şəmdin Sakık imiş. Daha əvvəl isə oğurluq, adam yaralama, bacısının qızını zorlama, qardaşının qızını pulla satma və s. kimi suçlardan cəza almış və Alparslan Aslana yardım etdiyi qətiləşdiyinə görə “Danıştay saldırısı”ndan ömür boyu həbsə məhkum edilmiş Osman Yıldırımın “gizli şahid” olduğu ortaya çıxmışdı. “Gizli şahid” məfhumunu türk hüquq sisteminə AKP gətirdi. 5 avqustda Silivri məhkəməsi tərəfindən ömür boyu həbsə məhkum edilən jurnalist-yazar Hikmət Çiçək “Ergenekon” prosesində 44 “gizli şahid”in kimliklərini açıqlayan kitab yazdı. Hamısı ya terrordan, ya da ağır suçlardan uzunmüddətli həbsə məhkum edilən adamlar “Ergenekon” adlı prosesdə “gizli şahid” kimi Türkiyənin yüksək rütbəli general və zabitlərinin, jurnalist-yazarlarının, siyasətçilərinin üzünə durublar. Osman Yıldırım isə türk hüquq sisteminin dünya hüquq tarixinə bəxş etdiyi bir fenomen oldu; belə ki, Silivridəki məhkəmələrdə prokurorların “Osman bəy”, hakimlərin isə “Osmanım” - deyə müraciət etdikləri bu fenomen həm şübhəli şəxs, həm gizli, həm də açıq şahid qismində çıxış etməsinə bacararaq, ömür boyu həbs cəzasından qurtulmağı bacardı. Baş Qərargahın keçmiş rəisi İlkər Başbuğa ömür boyu həbs cəzası verildi, eyni prosesdə Osman Yıldırım üçün “həbsdən azad edilmə” hökmü çıxdı..

“Ergenekon” hansı özəllikləriylə xatırlanacaq?

“Türkiyənin qaranlıq dönəmlərini aydınlatmaq və dərin dövləti çökdürmək” paroluyla yola çıxılmasına və ictimaiyyət arasında böyük ümidlər doğurmasına baxmayaraq, hamının gözünün qabağında haqq-hüquqların tapdanaraq bir layihənin həyata keçirilməsi kimi yadda qalacaq. Prosesin başlamasına səbəb olan və daha sonra Kanadaya qaçan, ifadəsinin alınmasına belə gərək görülməyən Tuncay Güney adlı şəxs bir neçə ay əvvəl “Ergenekon”un bir layihə olduğunu, şübhəli şəxslərə ağır cəzalar verilib 10 il həbsdə saxlanılacaqlarını, daha sonra əfv yoluyla azad ediləcəklərini etiraf etdi.

Prokurorluq ittihamnamələrinin təxminən 80%-i telefon danışıqlarından ibarət oldu. Sovetlərdə belə hər hansı prokuror altına imza atdığı ittihamnaməyə telefon danışıqlarını əlavə etməyi ağlından keçirə bilməzdi.

Müdafiə üçün şübhəli şəxslərin hər birinə sadəcə 15 dəqiqə vaxt verildi. Könüllü ifadə vermək istəyənlərin ifadələri alınmadı. Məhkəmənin gedişində “özünü yaxşı aparmadığına görə”, şübhəli şəxslərdən birinə ümumilikdə 26 il həbs cəzası verildi. Hökmün oxunduğu gün nə vəkillərə, nə də şübhəli şəxslərə son söz verildi (dünya hüquq praktikasında bəlkə əmsalı olmamış bir örnəkdir).

Proses başlar-başlamaz baş nazir Ərdoğan özünü “prosesin prokuroru”, o vaxtkı ana müxalifət lideri Baykal isə “vəkili” elan etdilər ki, bu da lap əvvəldən işin üzərinə siyasətin kölgəsinin düşməsinə səbəb oldu.

2002-ci ilin avqustunda ölüm hökmü qaldırılmasaydı, Silivri məhkəməsinin 5 avqust qərarları ömürlük həbs cəzası alanların ölüm hökmü olacaqdı.

Silivri məhkəməsinin 5 avqust hökmü türk toplumundakı qütbləşmə duyğusunu daha da dərinləşdirib. Bunu iqtidar və müxalifət təmsilçilərinin açıqlamalarından bariz şəkildə görə bilərsiniz. 700 minlik orduya komandanlıq etmiş bir ordu generalını “terrorçu” kimi ömür boyu həbsə məhkum etməyi hansı məntiq və matematikanın qəbul edə biləcəyini o hökmü verənlər heç düşünmədilərmi?

5 avqust hökmünü verənlər, eyni zamanda. AKP hökumətiylə cəmiyyətin bir qismini qarşı-qarşıya gətirmək məqsədi güdmüşlər ki, bunun da əks-sədalarını yaxın vaxtlarda görəcəyinə hər kəs əmin ola bilər. 20 oktyabr 2008-də başlayıb 5 avqust 2013-də bitən “Ergenekon” məhkəməsi müddətin uzunluğu baxımından da hüquq tarixinin nadir məhkəmələrindən biri kimi kitablarda özünə yer tapacaq.

6 yanvar 2012-də Baş Qərargahın keçmiş rəisi İlkər Başbuğ “terrorçu” suçlamasıyla həbs ediləndə baş nazir Ərdoğana bir an əvvəl Türkiyədə rejim dəyişikliyi elan etməyi təklif etmiş, əks-təqdirdə qarşı tərəfin (və ya tərəflərin) güc qazanacağını vurğulamışdım. Silivri məhkəməsinin 5 avqust hökmü qatarın getdiyini və bundan sonrakı mərhələdə AKP iqtidarı ilə məhkəmə və prokurorluq orqanlarında xeyli adamı olan “Xidmət” arasındakı çəkişmənin daha da sərtləşəcəyinə şahid olacağımızı göstərməkdədir. 50-dən artıq kitabın müəllifi olan 75 yaşlı professoru “Terror təşkilatı qurmaq və idarə etmək” suçlamasıyla ömür boyu həbsə məhkum edən Silivri məhkəməsinin türk demokratiyasını hansı istiqamətə sürüklədiyini özünüz düşünün. 5 avqust hökmləri siyasi islamın, hüquq sistemini öz məqsədlərinə alət etməkdən qətiyyən çəkinməyən revanşist naturası barədə şübhələri gücləndirən örnəklərlə zəngin olması baxımından da tarixə keçəcək.

Türkiyənin sayğılı hüquqçularından biri olan professor Sami Səlçuk yaranmış vəziyyətdən çıxış yolunu heç bir məhkəmənin göstərə bilməyəcəyini, “bu işi təmizləmək üçün yeganə ünvanın Məclisdə qəbul ediləcək ümumi amnistiya aktı” olduğunu vurğulayır. Bu fikrə qatılmamaq mümkün deyil, ancaq bunu sadəcə baş nazir Ərdoğanın və ya AKP-nin istəməsi kifayət etməyəcək, çünki AKP bu prosesi başqa qüvvələrlə ittifaq halında yürüdüb, onların da razılığını almaq lazım gələcək ki, işin qəliz tərəflərindən biri də budur. Əgər “əfvi-ümumi” elan ediləcəksə, baş nazir Ərdoğan əlindəki Məclis çoxluğunu bir an əvvəl tədavülə daxil etməlidir, yoxsa yenə gec olacaq və bu “hüquqsuzluğun günahı” onun boynuna yüklənməyə çalışılacaq. Bu sürəc AKP-nin iqtidarı itirməsinə qədər aparıb çıxara bilər.

“Ergenekon” adi verilən proses barədə 5 ildən bəri yazdıqlarımı kitab şəklində çap etdirməyin vaxtı gəldi...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR