«Serbiya Koridorları d.o.o.» və «AzVirt» şirkətləri arasında Serbiyada avtomagistral yolunun tikintisi ilə bağlı müqavilə imzalanıb - FOTO

«Serbiya Koridorları d.o.o.» və «AzVirt» şirkətləri arasında Serbiyada avtomagistral yolunun tikintisi ilə bağlı müqavilə imzalanıb - <font color=red>FOTO</font>
# 09 aprel 2012 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Serbiyadakı səfirliyində «Serbiya Koridorları d.o.o.» və Azərbaycanın «AzVirt» şirkətləri arasında Serbiyada həyata keçirilən iri infrastruktur layihələrindən biri - «11-ci Dəhliz» avtomagistral yolunun (Belqrad-Cənubi Adriatika) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, müqaviləni «Serbiya Koridorları d.o.o.» şirkətinin direktoru Mixail Mişiç, «AzVirt»in direktoru Kamil Əliyev və «AzVirt Ogranak (Belqrad)» şirkətinin direktoru İsa Akbulut imzalayıblar.

İmzalanma mərasimindən sonra Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov artıq gerçəkləşməkdə olan avtomagistral yolunun tikintisində Azərbaycanı təmsil edəcək «AzVirt» şirkətinin Azərbaycanda və xaricdə yüksək peşəkarlıq və məsuliyyətlə müxtəlif layihələri uğurla həyata keçirdiyini və işgüzar dairələrdə böyük rəğbət qazandığını söyləyib, «11-ci Dəhliz» layihəsi də uğurla başa çatdırıldıqdan sonra serb xalqının rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra tədbirdə iştirak edən bu günlərdə ölkə prezidentliyindən istefa vermiş və namizədliyini yenidən bu vəzifəyə irəli sürmüş Boris Tadiç Azərbaycan-Serbiya əlaqələrinin son dövrlərdə əhəmiyyətli şəkildə genişləndiyini qeyd edərək, Serbiya dövlətinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini və son illərdə iki ölkə arasında münasibətlərdə baş verən dinamikliyi buna bariz nümunə olduğunu qeyd edib. O, Serbiya vətəndaşları və Azərbaycanın iş adamlarının uzun illər imzalanan müqavilədən bəhrələnəcəklərinə ümid etdiyini bildirib.

B.Tadiç Azərbaycanın bütün sahələrdə böyük potensiala malik olduğunu qeyd edərək, onun yerləşdiyi regionun siyasi sabit, iqtisadi inkişafa malik və aparıcı ölkəsi olduğunu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu söyləyib, Azərbaycanın iş adamlarını bütün sahələr üzrə Serbiya iqtisadiyyatına sərmayə qoymağa çağırıb.

B.Tadiç Azərbaycan tərəfində Serbiyada həyata keçirilən humanitar layihələrə toxunaraq, bu layihələrin iki xalqın yaxınlaşmasında, həmçinin Qərbi Balkan regionunda xalqlararası, mədəniyyətlərarası və dinlərarası dialoqa, regionda etimadın yaradılması, sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində tədbirdə çıxış edən K.Əliyev imzalanan müqavilənin Serbiya və Azərbaycan arasında yaranmış münasibətlərin bariz göstəricisi kimi dəyərləndirib. O, qarşıya qoyulan işlərin keyfiyyətlə və vaxtında yerinə yetirməklə təmsil etdiyi şirkətin iki xalq arasında yaranmış mehriban dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini bildirib. K.Əliyev bu işdə «AzVirt»lə birlikdə çalışacaq Serbiya şirkətləri, mühəndisləri və mütəxəssislərinin köməyinə duyulan ehtiyacı yüksək dəyərləndirərək, tikintidə istifadə ediləcək işçi qüvvəsi, inşaat materialları, texnika və avadanlıqların əsasən Serbiyadan təmin ediləcəyini, «AzVirt» şirkətinə həvalə olunmuş işlərin məsuliyyət hissi ilə yerinə yetirəcəyini söyləyib.

Qeyd edək ki, magistral yolunun tikintisi layihəsinə əsasən, Azərbaycan hökuməti Serbiyaya 308 mln. avro məbləğində kredit vəsaiti ayıracaq. Vəsait 25 il müddətinə, illik 4%-lə ayrılacaq. Müvafiq layihənin podratçısı qismində Azərbaycanın «AzVirt» şirkəti çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR