Quba hadisələrində təqsirləndirilən şəxslərdən daha bir neçəsi azadlığa buraxılıb

Quba hadisələrində təqsirləndirilən şəxslərdən daha bir neçəsi azadlığa buraxılıb
# 21 dekabr 2012 14:01 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərdən Səfər Qəribov 1 il 6 ay, Habil Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun barəsində isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirib.

Qeyd edək ki, dövlət ittihamçısı Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxs Habil Əliyevin isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və əvvəllər barəsində çıxarılmış qərara əsasən ödənilməmiş qalmış 200 manat cərimənin ödənilməsini istəmişdi.

Xatırladaq ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR