Cənub Qaz Dəhlizi: bütün tərəflərin maraqlarına cavab verən unikal layihə - ANALİZ

Cənub Qaz Dəhlizi: bütün tərəflərin maraqlarına cavab verən unikal layihə - <span style="color: red;"> ANALİZ
# 13 fevral 2015 09:54 (UTC +04:00)

45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. 2,5 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları olan Azərbaycanın növbəti illərdə Avropaya nəql edəcəyi mavi yanacağın miqdarını 20 milyard kubmetrə çatdırmaq imkanı da var. Gələcəkdə, siyasi problemlər həll olunduqdan sonra bu layihəyə İraq və İranın qoşulma ehtimalını da nəzərə alsaq, Cənub Qaz Dəhlizi kəmərinin nə dərəcədə önəm kəsb etdiyini təsəvvür etmək çətin deyil.

Bu layihənin unikallığı bütün iştirakçı tərəflərin maraqlarına cavab verməsidir. Tarixi təcrübə göstərir ki, hansısa ciddi enerji layihəsi bazarda durumu dəyişdiyindən bazarın əsas iştirakçılarından ən azı birinin maraqlarını vurmuş olur. Cənub Qaz Dəhlizi layihəsi isə təkcə layihənin birbaşa iştirakçılarının deyil, həm də regional güclərin maraqlarını təmin edir. Buna səbəb həm də qlobal siyasi sistemdə gedən dəyişikliklər və Azərbaycanın bu prosesdə öz maraqlarını tam təmin edən mövqedə yer almasıdır.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana, layihədə birbaşa iştirak etməyən Rusiyaya, sürətlə enerji dövlətinə çevrilən Türkiyəyə və enerji nəqli marşrutlarının şaxələndirilməsində son dərəcə maraqlı olan Avropaya nələr verəcək?

***

Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan enerji resurslarının şaxələndirilməsi kimi önəmli missiyanı yerinə yetirir. Bu layihə istər daxili siyasətdə ölkənin gəlirlərinin, xarici siyasətdə Azərbaycanın xüsusi çəkisinin artması baxımından ikili divident gətirəcək. Eyni zamanda Azərbaycan təkcə enerji nəqli marşrutlarının deyil, enerji mənbələrinin şaxələndirilməsində də önəmli rol oynamağa başlamış olur. Yeni layihənin daha bir strateji önəmi Cənub Qaz Dəhlizi xəttinin təxminən 30-dək ölkənin (hasilatçı, tranzit və istehlakçı) iqtisadi durumuna təsir etməsidir. Bu, həmin ölkələr arasında münasibətlərin yeni səviyyədə qurulmasını, münaqişələrin arxa plana, sabitlik faktorunun ön plana keçməsi deməkdir. Layihənin müəllifi olan Azərbaycan bu mənada Asiya və Avropada sabitliyin bərqərar olmasına da dolayı yolla öz töhfəsini vermiş olacaq. Bu mənada Cənub Qaz Dəhlizini həm də sülh, siyasi və iqtisadi sabitlik layihəsi kimi də dəyərləndirmək lazımdır.

***

Azərbaycanın sağlam rəqabətə əsaslanan enerji siyasəti Rusiyanı rəqib deyil, tərəfdaşa çevirmiş oldu. Rusiya artıq bu layihəni qaz bazarında mövqelərinin itirilməsi kimi deyil, normal bazar rəqabəti kimi dəyərləndirir. Avropanın enerjiyə olan tələbatı ildən-ilə artır və Rusiya mövcud durumda həm iqtisadi, həm siyasi səbəblərdən bu tələbatı təkbaşına ödəmək iqtidarında olmadığını anlayır. Bu mənada bazara başqa birinin deyil, məhz Azərbaycan kimi tərəfdaş ölkənin daxil olması Rusiyaya sərf edir. Eyni zamanda Cənub Qaz Dəhlizi Rusiyaya Qərblə münaqişədə əlavə manevr imkanları və üstünlüklər yaradır. İstər Cənub Qaz Dəhlizi, istərsə “Türk axını” layihəsi Avropanın mavi yanacaqla təminatında Türkiyənin xüsusi çəkisini birə beş artırmış olur və Rusiya bu layihələrə dəstək verməklə Qərb-Rusiya çəkişməsində Türkiyə kimi önəmli dövləti öz tərəfinə çəkir (yaxud neytrallaşdırır).

İkinci bir məqam Ukrayna ilə bağlıdır. Ukrayna Rusiya qazının Avropaya nəqlində tranzit ölkə rolunu oynayır və qaz tranzitində faktiki inhisarçı mövqeyə sahibdir. Qərbin münaqişədə Ukraynanı müdafiə etməsinin əsas səbəblərindən biri də budur. Cənub Qaz Dəhlizi layihəsi Rusiyaya Avropanı qazla təmin etmək üçün alternativlərin olduğunu göstərmək imkanı verir.

Üçüncü məqam ağır iqtisadi böhran səbəbilə Rusiya Avropada yeni nəql kəmərlərinin çəkilməsi siyasətindən imtina edib və faktiki olaraq “Qazprom” yaxın illərdə yeni kəmərlərin çəkilməsində iştirak etməyəcək. Moskvanın siyasəti “qaz var, gəlin özünüz aparın” anlamı daşıyır və bu mənada özünün iştirak etmədiyi, lakin nə vaxtsa imkanlarından yararlanan biləcəyi yeni kəmərlərin tikintisi Rusiyanın maraqlarına tam cavab verir.

***

Qeyd olunduğu kimi, son 20 ildə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çıxarılmasına hesablanan layihələr Türkiyənin həm enerji dövləti, həm tranzit ölkə kimi xüsusi çəkisini artırır. “Türk axını” layihəsindən sonra Cənub Qaz Dəhlizi layihəsi də Türkiyənin bu strateji mövqeyini daha da möhkəmləndirmiş olacaq. Digər tərəfdən Türkiyə bu layihə çərçivəsində daxili istehlak üçün daha ucuz qiymətə mavi yanacaq əldə etmiş olacaq ki, istər dünyanı bürüyən iqtisadi böhran, istərsə ölkənin rəqabətə davamlılıq qabiliyyətini artırmaq baxımından Ankara üçün bu layihə əvəzsizdir. Üçüncü bir məqam Avropaya qaz nəqlinin əsas fiqurlarından birinə çevrilən Türkiyənin AB ilə münasibətlərdə əlavə manevr imkanı qazanmasıdır. Nəzərə alsaq ki, Ankaranın Avropa ilə münasibətlərində belə təzyiq imkanları demək olar ki, yoxdur, o zaman Cənub Qaz Dəhlizi layihəsinin Türkiyə üçün nə dərəcədə dəyər kəsb etdiyini təxmin etmək olar.

***

Mavi yanacaqla təchizat problemi Avropa Birliyi üçün hər zaman ciddi problem olub və son onilliklərdə Rusiya ilə münasibətlərin əsasını təşkil edib. Enerji nəqli marşrutlarının şaxələndirilməsi hər zaman Avropa Birliyinin yürütdüyü siyasətin əsas tərkib hissəsi olub. Avropa

a) enerji təminatı baxımından asılılıq problemini heç vaxt ciddi şəkildə həll edə bilməyəcəyini,

b) bu məsələdən hər zaman ona qarşı təzyiq vasitəsi kimi istifadə ediləcəyini,

c) mavi yanacaqla təminat faktorunun Avropanın bütövlüyünə qarşı təhdid olduğunu və separatçılıq meyllərini (özəlliklə Şərqi Avropada) gücləndirəcəyini

bir gerçək kimi qəbul etməyə başlayıb. Avropaya gələn qazın bir mərkəzdən bölüşdürülməsini nəzərdə tutan Vahid Qaz İttifaqının yaradılması bunun nəticəsidir. Bu mənada Avropa istənilən halda alternativ enerji nəqli marşrutunun yaradılmasında maraqlıdır.

***

Göründüyü kimi, Cənub Qaz Dəhlizi bütün iştirakçı dövlətlərin, regional güclərin maraqlarına cavab verir. Prosesin bütün tərəfləri yaxın on illər ərzində Azərbaycan qazının Avropa iştirakçıları üçün yeganə yeni qaz mənbəyi olduğunu anlayır, buna görə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə olduğunu qəbul edirlər.

Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR