“Soyqırım” məsələsi: Türkiyənin daxildən və xaricdən görünüşü - TƏHLİL

“Soyqırım” məsələsi: Türkiyənin daxildən və xaricdən görünüşü - <span style="color: red;">TƏHLİL
# 17 aprel 2015 10:43 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA-Analitics. Durumun süjeti 1 il əvvəl vəfat edən Nobel mükafatı laureatı, kolumbiyalı yazar Qabriel Qarcia Markesin “Gözlənilən qətlin tarixçəsi” əsərini xatırlatsa da, Avropa Parlamentinin 15 apreldə Türkiyə əleyhinə qəbul etdiyi “soyqırım” qərarından ölən olmadı, bundan sonra da olmayacaq. Çünki 10 illik müddət içərisində Türkiyənin daimi xəbərdarlıq və təkidlərini qulaqardına vuran AP, “soyqırım” məsələsini müstəqil və bitərəf tarixçilərin öhdəsinə buraxmayaraq, siyasi olduğu heç kimdə şübhə doğurmayan qərar qəbul etdi. O qərar “ölü doğulmuş uşağın ta özü oldu” ; durum bundan ibarətdirsə, Marquezin əsərindəki kimi qətlə nə ehtiyac var?

Brüsseldən qayıdarkən “Esenboğa” aeroportundan Ankaraya gedən yolda yaxaladığım professor Yusuf Halaçoğlu da “AP millət vəkillərinin siyasi qərar qəbul etdiklərinin fərqində olduqlarını, ona görə də Türkiyənin qərardan çox məyus olmamasını tövsiyyə etdiklərini” deyirdi...

15 aprel qərarıyla bir dönəm qapandı; “soyqırım” böhtanları sahəsində Avropa Parlamenti “erməni patentli” siyasi qərar qəbul etdiyini ən yüksək pərdədən elan edərək, Türkiyəni 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa dəvət etdi.

Cavabını da növbəti gün siyasət məcrasından aldı; Türkiyə Böyük Millət Məclisindəki 3 partiya AP qərarına sərt reaksiya nümayiş etdirən bəyanata imza ataraq, “Söz sahibinə aiddir” - metodunun gərəyi olaraq, sözü sahibinə qaytardı. Siyasət meydançasının istər Avropa, istərsə də Türkiyə tərəfində mövqelər bariz şəkildə müəyyənləşdi. Şəxsi fikrimi soruşan varsa, Türkiyənin bu oyundan qalib çıxdığını deməliyəm; çünki AP-nin qəbul etdiyi qərarın “yarlıkı” bişmiş kəllə kimi imişməkdədir: siyasi. Necə ki, bundan bir neçə ay əvvəl Avropa Parlamentinin başqa bir məsələ ilə bağlı çağırışını rədd edən prezident Ərdoğan 15 aprel qərarını daha sərt sözlərlə rədd etdi.

“Soyqırım” məsələsində siyasi manipulyasiya və manevrlərin ən təpədəki qərarını da görən Türkiyənin bundan sonra yoluna daha güclü şəkildə davam etməsi lazımdır. Bunun bir çox səbəbi arasında əl uzadılacaq qədər yaxın məsafədə olanını xatırlada bilərəm: Avropa İnsan Haqları Məhkəməsi Perinçək-İsveçrə çəkişməsində 17 dekabr 2013-də verdiyi hökmü qüvvədə saxlayarsa ( AP-nin 15 aprel qərarından sonra danışdığım Doğu Perinçek özünə son dərəcə əmin şəkildə “Qərarın qısa müddətdə zibilliyə gedəcəyini" vurğulayırdı), 15 aprel qərarı siyasət müntəxəbatında bir qərardan çox bir “şey” kimi xatırlanacaqdır...

Türkiyənin aprel ayında üz-üzə gələcəyi və indiyə qədər “sıxıntı” sayıla biləcək başqa bir olay - ABŞ prezidentinin ənənəvi 24 aprel mesajında “soyqırım” kəlməsini tələffüz edib-etməyəcəyi də AP-nin 15 aprel qərarından sonra “sıxıntı” olmaqdan çıxmışdır; varsın prezident Obama da “soyqırım” desin ki, ətəklərdəki daşlar birdəfəlik tökülsün və “soyqırım” məsələsində Qərbin uzun müddətdən bəri əlində tutduğu “təzyiq instrumentləri”nin rentgeni tamamilə çəkilmiş olsun. Bax, onda Türkiyə önünü daha aydın şəkildə görərək yol xəritəsindəki “müttəfiqlər” xanəsini daha etibarlı hala gətirə biləcək. Yəni, deməyim odur ki, “soyqırım” məsələsiylə bağlı aprel ayında cərəyan edən və edəcək proseslər Türkiyənin xeyrinə olmuşdur və olmağa davam edəcəkdir; Türkiyə bundan sonra “qıraqdakılar”la mübarizəsində “pozisyon”unu gücləndirmişdir; Tayyib bəyin çox sevdiyim sözlərindən biri burada yerinə düşür: bu, böylə bilinə.

Madam ki, o cürdür, onda yazının bundan sonrakı bölümünü “soyqırım” məsələsinin ölkə daxilindəki durumuna ayıraq.

Buna əmin ola bilərsiniz ki, AP-nin 15 apreldə qəbul etdiyi siyasi qərarla “soyqırım” məsələsindəki psixoloji baryeri böyük ölçüdə başından dəf etmiş Türkiyənin, eyni məsələ ilə bağlı öz içindəki durum daha mürəkkəb və xaotikdir. Yox, söhbət bir jurnalist-yazarın 8 il əvvəlki dəfn mərasimində ortaya çıxmış “Hamımız erməniyik”şüarından və ya 7 iyundakı seçki ərəfəsində siyasi partiyaların “erməni mənşəli” bir neçə namizədi öz siyahılarının ən baş tərəfinə yerləşdirmək üçün yarışa girməsindən və ya Mahçupyanın 1915-ci il hadisələrini tərəddüdsüz “soyqırım” kimi xarakterizə etməsindən getmir; məsələ bu və bunlardan ibarət olmayıb kökləri daha dərinlərdə olan bir tərtibatdır ki, səhnələndiyi önəmli arenalardan biri Türkiyə Böyük Millət Məclisidir. Hələ “soyqırım” məsələsi Avropa və ABŞ-ın gündəmində aktuallaşmazdan əvvəl - 24 aprel 2013-də indiki Halkların Demokrasi Partiyasının (o vaxtkı adını unutmuşam) həmsədri, maaşını Məclisdən alan Hakkari millət vəkili Səlahəddin Dəmirtaş, elan etdiyi 24 aprel bəyanatında “ Tarixin ən böyük soyqırımını Türklərin ermənilərə yapdığını, üzr istəyib təzminat ödənməsi lazım olduğunu” vurğulamışdı. 5-6 aydan sonra ABŞ-dakı daşnakların liderləriylə görüşən Dəmirtaş, “Türkiyənin gələcəyində kürdlərlə ermənilərin əməkdaşlıq yollarını” müzakirə etmişdi. Nə Məclisdən səs çıxmışdı, nə də Xarici İşlər Nazirliyindən. 2014-cü ilin payızında yenə eyni partiyanın millət vəkili Səbahət Tuncel isə işi daha da konkretləşdirərək “soyqırım”ın tanınması üçün Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi” təqdim etmiş, cavabını Məclisin təkcə yaşı yox, ağlı etibarıyla da öndərlərindən sayılan CHP İstanbul millət vəkili Oktay Ekşidən almışdı(Məclisin Rəyasət Heyəti istər Dəmirtaş, istərsə də Tuncelin açıqlama və cəhdlərini müşahidə etməklə kifayətlənmişdi). ”Türklərin yapdığı soyqırımı” Türkiyəyə tanıtdırma cəhdləri, xüsusilə, son illərdə ultra sol partiya və təşkilatların proqram və fəaliyyətlərinin əsas maddəsinə çevrilmişdir; onların təşkil etdikləri toplantı və aksiyalarda “Türkiyə Cümhuriyyətinin öz varlığını davam etdirməsi “soyqırımı” tanımasına indeksləndirilərək, “soyqırımı” tanımayan bir Türkiyənin yaşaya bilməyəcəyinin açıq şəkildə bəyan edilməsində heç bir “sakınca” görünmür.

Cümhuriyyət tarixinin ən qalmaqallı istintaq və məhkəmə prosesləri olan və türk ordusunu, ulusalçı qüvvələri birinci dərəcədə hədəf alan “Ergenekon” və “Balyoz” proseslərinin əsas məqsədinin Şimali İraqda de-fakto qurulmuş olan kürd dövlətiylə Ermənistanın birləşməsinə (Türkiyəni parçalayaraq) mane ola biləcək “ünsürlərin təmizlənməsi” olduğuna dair iddialardakı həqiqət payını da işə qatarsaq, Türkiyə üçün bu sahədəki təhdidin, əslində, Qərb ölkələri parlamentlərinin “siyasi” mahiyyətli qərarlarından çox, içəridən və ən yaxın qonşulardan gəldiyini görmək çətin olmayacaq. “Soyqırım” məsələsində Türkiyə qıraqdan yox, içəridən mühasirəyə alınmağa çalışılmaqdadır. Bəs buna TBMM-də təmsil edilən digər 3 partiyanın göstərdiyi və 7 iyunda formalaşacaq olan yeni Məclis üzərindən göstərəcəyi reaksiya nədən ibarətdir və ibarət olacaqdır? Gəlişmələrin 7 iyuna qədərki və ondan sonrakı mərhələsində HDP-ni hesaba qatmadan mülahizə yürütsək, 7 iyundan sonra da Məclisin birinci partiyası olma ehtimalını qoruyan Ədalət və İnkişaf Partiyasının (AKP) bu istiqamətdə onsuz da güclü olmayan mövqeyinin zəifləyəcəyini söyləyə bilərik. 2002-2011-ci illər arasındakı dönəmdə bu mübarizədə Yaşar Yakış və Vahid Ərdəm kimi təcrübəli dövlət adamlarıyla mövqe tutan AKP-nin 2011-dən bəriki “ustalıq” dönəmində bu işləri yaxşı bilən kadrları- Volkan Bozkır və Seyid Sərtçəlikin səslərini çox da eşitmədik. AB naziri olandan 2 gün sonra söhbət etdiyim Volkan Bozkıra “Erməni məsələsi”ylə bağlı olaraq AP-dən gələ biləcək təzyiqləri” soruşmuşdum, Türkiyənin AB-dəki daimi təmsilçisi vəzifəsindən ayrılıb AKP sıralarında siyasətə girən Bozkır, “Bundan sonra heç bir təzyiqin Türkiyəyə zərrə qədər təsiri ola bilməz, qardaşım”- sözləriylə özündən əminliyini nümayiş etdirmişdi.

7 iyundakı seçkinin nəticəsi ortaya hansı tablonu çıxaracaq? Bəlli deyil, ancaq, məsələn, “Yunanıstandakı kitablarda Türkiyənin İstiqlal savaşı yoxdur” - tərzindəki açıqlamaların müəllifi İhsan Şənər yenə Ordudan namizəd olduğuna görə, nəticə nə olursa-olsun, AKP sıralarından Türkiyənin tutacağı mövqeyə tərs gələ biləcək səslərin yüksəlməsi ehtimalı qalacaq. Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması” üçün indiki baş nazir Ahmet Davudoğlunun çantasında hələ 2002-ci ildə bir planın göründüyü də sirr olmadığına görə, 7 iyundakı seçkidən sonra da Məclisin birinci partiyası olacağı gözlənilən AKP-nin prosesin gələcəyindəki mövqeyi bundan sonrakı dönəm üçün çox önəmli olacaq. Bunu düşünərək AKP, Məclisin xarici əlaqələr komissiyasına bu işə uyğun siyasətçilər verməlidir. 2002-2011-ci illərdəki dönəmdə məsələ ilə bağlı mövqeyini Şükrü Ələkdağ və Onur Öymən kimi diplomat və siyasətçi üzərindən nümayiş etdirmiş ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-2015 arasında Faruk Loğoğlu və Osman Korutürk kimi diplomatlar sayəsində təsirli çizgisini davam etdirə bildi. 7 iyundakı seçki ərəfəsində Korutürkün İstanbulda seçilə bilməyəcək sırada olması, Loğoğlunun isə siyahıya daxil edilməməsi CHP-nin bu işlərdəki təsir gücünə ciddi zərbə vurub. Keçən ilin sentyabrında keçirilən qurultayda partiya məclisinə seçilə bilməyən, Kamal Kılıçdaroğlunun təkidiylə əvvəlcə baş müşavir, sonra isə xarici əlaqələrə cavabdeh sədr müavini vəzifəsinə gətirilən Türkiyənin Bağdaddakı keçmiş səfiri Murad Özçəlikin bu işlərdə CHP-yə nə dərəcədə faydalı olacağı iri bir sual işarəsi olaraq qalmaqdadır. Çağdaş Türk tarixçiliyinin üç fenomen ismindən biri olan professor Yusuf Halaçoğlunun biliyi və milli pozisiyası sahəsində Milliyyətçi Hərəkat Partiyası “erməni məsələsi”ylə bağlı hər yerdə gücünü qoruyacaq. HDP-nin 10%-lik ölkə baryerini keçməsi durumunda “erməni məsələsi”nin Məclisdə daima gündəmə gətiriləcəyini indidən görmək üçün münəccim olmağa gərək yoxdur. Bu mövzudakı qızğın mübahisələrin isə MHP ilə HDP arasında yaşanacağını da bəri başdan deyə bilərik.

AP-nin 15 aprel qərarının Türk dövlətinin öz pozisiyasını gücləndirməsinə gəlincə: burada Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə gücləndirilməsi lazım gələcəkdir. Əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycan iqtisadi sahədə lazımi addımları bütün cəsarətiylə atır və atmaqdadır. Yeni dönəmdə Avropanın təzyiqlərinə qarşı Türkiyənin istifadə edə biləcəyi iqtisadi “kartların” əksəriyyəti Azərbaycanın buraya gətirdiyi birbaşa investisiyaların əsəridir. Yeni dönəmin mübarizə silahı TANAP, mübarizə səngəri İzmirin Əliağa yarımadasıdır...

Tayyib bəyin məşhur sözünü bir daha xatırlatsaq, bu da böylə bilinə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR