Sorosla Obamanın “Human Rights Watch” təşkilatı... - TƏHLİL

Sorosla Obamanın “Human Rights Watch” təşkilatı... - <span style="color: red;">TƏHLİL
# 17 aprel 2015 12:04 (UTC +04:00)

Təkcə yürütdüyü siyasətdəki qeyri-ardıcıllığa görə yox, həm də insanların deyil, ayrı-ayrı dövlətlərin və transmilli şirkətlərin maraqlarını müdafiə etdiyinə görə. Məhz transmilli şirkət və korporasiyaların, çünki “Human Rights Watch” bu günlərə gəlib çıxmasında Açıq Cəmiyyət Fondunun rəhbəri, avantürist milyarder Corc Soros əsas rol oynayıb.

APA Analitics”in təhlilinə görə, “Human Rights Watch” təşkilatının missiyasına, fəaliyyətinin xarakterinə, tənqid etdiyi obyektlərin seçiminə avantürist, birja fırıldaqçısı, milyarder Corc Sorosla alyans həlledici təsir göstərib. Soros “Human Rights Watch”a tək gəlməyib. Qurumun müşavirləri, komitə üzvləri, törəmə seksiyalarının rəhbərləri arasında Corc Sorosun həyat yoldaşı Susan Soros, təsis etdiyi Quantum Fund investisiya fondunun sərmayədarı olan multimilyonerlər John Gutfreund və John Studzinski, fondun meneceri, milyarder Stenli Druckenmillerin həyat yoldaşı Fiona Druckenmiller, Sorosa məxsus şirkət və fondların əməkdaşları, tanınmış politoloqlar Barnett Rubin, William D. Zabel, diplomat Warren Zimmermann da var.

“Human Rights Watch”un bəzi əməkdaşları təşkilatın rəhbərliyində qalmaqla Soros strukturlarında da işləməyə başlayıblar. “HRW”nin Avropa və Mərkəzi Asiya seksiyasının Müşavirlər Komitəsinin sədri, Direktorlar Şurasının üzvü jurnalist Peter Osnos Sorosun nəşrində rəhbər təyin olunub. Qadın hüquqları seksiyasının Müşavirlər Komitəsinin üzvü, homoseksualların hüquqları üzrə mübarizənin fəallarından Gara LaMarche Soros Fondunun Nyu-York şöbəsinin vitse-prezidenti olub.

Corc Sorosun hüquq müdafiə hərəkatında və “Human Rights Watch”da rolu və iştirakı barədə çox az məlumat var. Olan məlumatlar isə təşkilatın aparıcı əməkdaşlarının Sorosun rəhbərlik etdiyi strukturlara transferinə əsaslanır. Lakin məsələ təkcə Sorosun “Human Rights Watch” və üzvlərini maliyyələşdirməsi ilə bitmir. Ötən əsrin 80-ci illərinin ortalarında tarixi təsadüf adlandırıla biləcək hadisə baş verir. Bu illər ərzində valyuta fırıldaqlarında varlanan Corc Soros özü üçün fəlsəfi doktrina formalaşdırır və bu doktrinanı “Açıq Cəmiyyət” adlandırır.

Məlumdur ki, Soros öz ilk milyardlarını beynəlxalq valyuta bazarında fırıldaqlar yolu ilə qazanıb. Məsələn, o, 1992-ci ildə təkcə bir gündə birjada 1 milyard qazanc əldə edib. Soros pullarını özünün təsis etdiyi “Sıfır riskli fondlar”a yatırır, səhmdarlara yüksək faizlər verən bu fondlara digər valyuta fırıldaqçıları Stanley Druckenmiller, Bruce Kovner, Franklin Booth və Henry Kravis də sərmayə qoyurlar. Bununla bir neçə milyard pul qazanan Soros üzünü Sovet İttifaqı və Şərqi Avropaya çevirir. Ağır günlər yaşayan Rusiya və Şərqi Avropanı milyarder öz siyasi-iqtisadi eksperimentləri üçün münbit məkan sayır. Eksperimentlərin məqsədi Sovet İttifaqı və Şərqi Avropada maliyyə kapitalının dövlətin nəzarətindən kənar, azad şəkildə dövriyyəsinə nail olmaq, bu ölkələrin valyuta bazarlarını ələ keçirmək idi. Soros hesab edirdi ki, bu məqsədə həmin ölkələrdə Qərb tipli nümayəndəli demokratiyanın, azad mətbuatın və bazar iqtisadiyyatının bərqərar olması ilə nail olmaq olar. Bununla belə Soros anlayırdı ki, dövlətin idarə etmədiyi bazar təsərrüfatı – dağıdıcı gücdür, bu güc gec-tez ümumdünya maliyyə böhranına, beynəlxalq iqtisadi və siyasi sistemin deqradasiyasına gətirib çıxara bilər. Soros bu qlobal problemin yeganə həll yolunu dövlətin içində dövlət yaratmaqda, paralel dövlət strukturlarının formalaşmasında görürdü.

Soros faktiki olaraq dünya hökumətinin yaradılmasına tərəfdar çıxır, onun fikrincə açıq cəmiyyətlər koalisiyası BMT-nin missiyasını əlindən ala, Baş Assambleyanı beynəlxalq hüququ müdafiə edən əsl qanunverici orqana çevirə bilər. Bu zaman universallığa əsaslanan liberal hüquq müdafiə təşkilatı onun üçün göydəndüşmə oldu. O təşkilat ki, insan haqları barədə qlobalist ideyaları əlində bayraq edib, insan haqlarının dövlətdən, cəmiyyətdən, ənənələrdən, dindən və mənəviyyatdan üstün olduğunu iddia edir. Sorosun və digər kosmopolit maliyyə maqnatlarının sinfi maraqları liberal-kosmopolit dəyərləri bölüşən, naşir və hüquqşünasların təsis və rəhbərlik etdiyi “Human Rights Watch”la bu nöqtədə üst-üstə düşdü. Bu “sintez”in məhsulu olaraq Amerikanın liberal-kosmopolit isteblişmenti tərəfindən maliyyələşdirilən və rəhbərlik edilən siyasi təşkilat meydana çıxdı. Bu isteblişment həmin təşkilatın hüquq-müdafiə fəaliyyətindən öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün yararlanmağa başladı. Başqa sözlə desək, “Human Rights Watch” təşkilatının fəaliyyəti informasiya-humanitar istiqamətdən informasiya-təbliğat istiqamətinə dəyişdi, Birləşmiş Ştatların liberal-kosmopolit isteblişmentinin maliyyə, siyasi və akademik maraqlarına xidmət etməyə başladı.

Bəzi hallarda “HRW” ABŞ administrasiyasının maraqlarına da xidmət edir, əgər bu maraqlar Corc Sorosun maraqları ilə üst-üstə düşürsə. Bu, ötən əsrin 90-cı illərinin ortalarında Yuqoslaviya müharibəsi zamanı aydın hiss olundu. Balkan böhranında “Human Rights Watch” rəhbərliyi və Corc Soros ABŞ-ın Yuqoslaviyaya hərbi müdaxiləsini dəstəklədi, Yuqoslaviyada Klinton administrasiyasının maraqlarını müdafiə etdilər. Yuqoslaviyaya hərbi müdaxiləni dəstəkləyən Soros ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxdı və bəyan etdi ki, həyatının məqsədi Corc Buşu Ağ Evdən qovmaqdır. Sorosun bu bəyanatından sonra “Human Rights Watch” İraq müharibəsində neytral mövqe tutdu və Buş administrasiyası ilə əməkdaşlıq etmədi.

Formal hədəfini dünyada insan haqlarını müdafiə etmək şəklində açıqlayan “Human Rights Watch”un milyonlarla insanın ən təbii hüquqlarının pozulduğu İraq müharibəsinin başlamasında əsas rol oynadığını xatırlamamaq olmaz. Təşkilat ABŞ-ın İraqa hərbi müdaxiləsindən əvvəl aktiv publisistik fəaliyyətə başlayır. Xatırladaq ki, bu müharibənin çox da açıqlanmayan səbəblərindən biri Səddam Hüseyn rejiminin İsrailə qarşı törətdiyi təhdid təhlükəsini aradan qaldırmaq idi. Bu səbəbdən hərbi əməliyyatlar başlamazdan bir neçə ay əvvəl “Human Rights Watch” İraqda insan haqlarının kütləvi şəkildə pozulduğuna dair silsilə hesabatlar dərc etməyə başlayır və hesabatlara hətta 15 il əvvəl baş vermiş hadisələr belə daxil edilir. Təşkilat öz hesabatlarında Səddam Hüseynin 1987-ci ildə kürd üsyançılara qarşı kimyəvi silahdan istifadə etməsi faktını daim qabardır. Bu materialların məqsədi heç də İraqda məzlum ərəblərin, türkmənlərin, kürdlərin tapdanan haqlarını müdafiə etmək deyil, ABŞ-ın İraqa təcavüzünə qarşı beynəlxalq ictimaiyyətin reaksiyasını yumşaltmağa əsas yaratmaq idi. Buş administrasiyası ilə həmrəylikdə günahlandırılmamaq üçün “Human Rights Watch” ilkin missiyasını bitirdikdən sonra pərdə arxasına çəkildi və İraqda müharibəyə dair mövqeyini açıqlamadı.

Analoji proses Obama administrasiya dönəmində də qabarıq şəkildə müşahidə olunur. “Human Rights Watch”ın hesabatları ilə Dövlət Departamentinin açıqlamalarının xronoloji təhlili göstərir ki, bu hesabat və bəyanatlar konkret olaraq Obama administrasiyası tərəfindən hazırlanır, yaxud “HRW” öz fəaliyyətini Dövlət Departamenti ilə ciddi koordinasiya edir. Departament rəsmilərinin konkret ölkədə “insan haqlarının pozulmasına” dair açıqlamaları adətən “Human Rights Watch”ın hesabatı açıqlandıqdan bir gün sonraya təsadüf edir. Dolayı yolla Departament mövqeyini açıqlamazdan əvvəl HRW vasitəsilə ictimai rəy yaradır, daha sonra təşkilatın “ötürməsini” qola çevirməyə çalışır. Əgər Buş və Klinton administrasiyaları dönəmində Ağ Evlə “HRW” arasında müəyyən məsələlərdə fikir ayrılıqları müşahidə olunurdusa, Obama administrasiyası dönəmində “Human Rights Watch” faktiki olaraq Ağ Evin informasiya təbliğat bölməsi kimi fəaliyyət göstərməyə başlayıb. Bu, hər vəchlə Yeni Dünya Düzəni konsepsiyasını həyata keçirməyə çalışan Vaşinqtonun maraqlarının indiki məqamda “Soros və komandası” ilə üst-üstə düşdüyünü göstərir və “Human Rights Watch” bu prosesdə həm Obama aministrasiya, həm də Soros tərəfindən siyasi alət kimi istifadə olunur.

Bunlar Azərbaycana dair silsilə bəyanatlar verən, hesabatlar dərc edən “Human Rights Watch” təşkilatının ikili standart siyasəti yürütməsinə dair yalnız bir neçə faktdır. Sorosun və maliyyə maqnatlarının maraqlarını müdafiə edən, onlar tərəfindən maliyyələşdirilən, tənqid etdiyi obyektləri seçmə üsulla müəyyənləşdirən “Human Rights Watch”un Azərbaycanı hədəfə götürməsinin bir neçə səbəbi var. Səbəblərdən Corc Sorosun “açıq cəmiyyət” qurmaq xəyalının puça çıxdığı, ABŞ-ın təsir dairəsindən uzaqlaşmağa müvəffəq olan, balanslaşdırılmış siyasət yürüdən ölkələri Vaşinqtonun iradəsinə tabe etdirməkdir.

Azərbaycanın həyata keçirdiyi qlobal enerji və nəqliyyat layihələri yüksək iqtisadi gəlirlilik səbəbilə həm daha böyük bazarlara can atan region dövlətlərinin, həm enerji nəqli marşrutlarının diversifikasiyasında maraqlı olan Avropa ölkələrinin maraqlarına cavab verir. Nəzəri baxımdan bu, paralel olaraq Birləşmiş Ştatların da maraqlarına cavab verməlidir. Lakin Vaşinqton nə Çindən Britaniyaya qədər yük daşınmasını təmin edəcək Bakı-Tiflis-Qars dəmiryolu layihəsini, nə Mərkəzi Asiyanın enerji resurslarını Avropaya çatdıracaq Transxəzər boru kəməri layihəsini dəstəkləməyib. Əksinə, həm ABŞ-da, həm də digər ölkələrdə bu layihələrin icrasına qarşı aktiv lobbiçilik fəaliyyəti aparılıb. Birləşmiş Ştatların özəlliklə TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinə razılıq vermək üçün Türkmənistana təzyiqlər etməsi faktdır.

Aşqabadın neft-qaz layihələrində ABŞ-la əməkdaşlıq etdiyi dövrdə Türkmənistanda insan haqları mövzusuna epizodik də olsa toxunmayan Human Rights Watch təşkilatının TAPİ layihəsi ortaya çıxdıqdan sonra “Türkmənistanda insan haqları kobud şəkildə pozulur” deyə hay-küy salması maraq doğuran məqamdır. Demək ki, “Human Rights Watch”un iş prinsipi belədir – Sorosun, bəzən isə “Soros+administrasiya” formatının maraqlarına uyğun gəlməyən layihələrə qarşı “insan haqları” kartından istifadə etmək. Bu yanaşma, ikili standartlar, üstəgəl “Human Rights Watch”un seçmə üsulla tənqid metodu bu təşkilatın gerçək üzünü artıq ortaya qoyub. Bu səbəbdən artıq bütün dünya, o cümlədən Azərbaycan ictimaiyyəti HRW və onun kimi təşkilatların missiyasından kifayət qədər məlumatlıdır və buna görə də Qərbin və onun nəzarətində olan qurumların bəyanatlarını, hesabatlarını, ayrı-ayrı media orqanlarında verilən qərəzli materialları ciddi qəbul etmir.

«Human Rights Watch»un Azərbaycana qarşı siyasətində bir “təsadüf” hiss olunur, təşkilat antiAzərbaycan fəaliyyətini ölkəmizdə beynəlxalq miqyaslı tədbirlər keçirilən zaman xüsusi aktivləşdirir. Bu proses “Eurovision” mahnı müsabiqəsi ərəfəsində müşahidə olunub, Avropa Oyunları ərəfəsində yenidən özünü qabarıq şəkildə büruzə verir. Bu tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır və deməli paralel olaraq həyata keçirilən layihələrə beynəlxalq tərəfdaş cəlb etmək imkanlarını genişləndirir. Çin, ərəb kapitalının bu layihələrə cəlb olunması Soros və digər birja milyarderlərinin maraqlarına cavab vermir, bu səbəbdən əllərində olan əsas siyasi alət - «Human Rights Watch» vasitəsilə Azərbaycanın etibarını gözdən salma kampaniyası aparırlar.

Buna görə də HRW 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, indi də l Avropa Oyunları ərəfəsində Qərb ölkələrini Azərbaycana təzyiq göstərməyə, Avropa Oyunlarını boykot etməyə çağırır. Kampaniya üçün bu dövrün seçilməsi təsadüfi deyil, çünki beynəlxalq idman tədbirləri, musiqi yarışmaları həmişə dünyanın diqqətində olur və «Human Rights Watch» bunu fürsət bilərək bu kampaniyanı davam etdirir. Əgər Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinə imza atmasaydı, Avropa Oyunları kimi qitə miqyaslı yarışa ev sahibliyi etməsəydi, yaxud Azərbaycanın siyasəti Corc Sorosun maraqları ilə üst-üstə düşsəydi, əminliklə demək olar ki, «Human Rights Watch»un hesabatlarında ölkəmizə dair bir cümlə belə yer almazdı.

Əslində ABŞ-ın maliyyə maqnatlarının və hakimiyyətinin əlində alət olan təşkilatların Azərbaycana qarşı kampaniya aparması ölkənin düz yolda olduğunu, forpost olmadığını, öz maraqlarından çıxış etdiyini təsdiqləyir. Hesabatlar isə yalnız sifarişçilər üçün dəyərli ola bilər, çünki artıq bütün dünya, o cümlədən Azərbaycan ictimaiyyəti HRW və onun kimi təşkilatların missiyasından kifayət qədər məlumatlıdır və buna görə də Qərbin və onun nəzarətində olan qurumların bəyanatlarını, hesabatlarını, ayrı-ayrı media orqanlarında verilən qərəzli materialları ciddi qəbul etmir.

APA Analitics”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR