“Asan İmza” Polşada təqim edilib

“Asan İmza” Polşada təqim edilib
# 12 iyun 2015 21:48 (UTC +04:00)

APA-nın məlumatına görə, şirkətin təsisçisi xanım Yana Krimpe iyunun 10-12-də Polşada keçirilən Elektron İmzaya dair XV Avropa Forumunda (EFPE 2015) iştirak edib. Sözügedən forum elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzulara həsr edilmiş ən böyük beynəlxalq konfranslardan biridir.

EFPE 2015-də məruzəçi qismində Avropa Komissiyasının, Avropa Telekommunikasiya Standartları İnstitutunun, BMT-nin orqanı olan UNCITRAL Katibliyinin, etimad xidmətlərindən istifadə edən dövlət və özəl təşkilatların, proqram və aparat həlləri istehsalçılarının, eləcə də elektron imza və elektron identifikasiya ilə əlaqədar xidmətlər təqdim edən sertifikasiya mərkəzlərinin nümayəndələri iştirak edir. Forumda “Asan İmza – Azərbaycanda mobil hökumətin unikal platforması” mövzusunda məruzə edən xanım Krimpe tədbir iştirakçılarına Azərbaycanda elektron və mobil idarəetmə sahəsində mövcud vəziyyət barədə məlumat verib və “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim edib. O qeyd edib ki, Azərbaycanın dövlət və özəl sektorun birgə tərəfdaşlıq modelinə əsaslanan mobil imza texnologiyasının tətbiqindəki təcrübəsi hazırda beynəlxalq miqyasda böyük maraqla qarşılanır. Onun sözlərinə görə, “Asan İmza” bütün tərəflərə açıq-aydın üstünlüklər təqdim edən çevik innovativ həlldir. O, elektron xidmət təminatçıları üçün tətbiqin asanlığı, əhali üçün kütləvi istifadə baxımından əlçatan olması, eləcə də elektron mühitdə əməliyyatların həyata keçirilməsi zamanı maksimal təhlükəsizliyin təmin edilməsi kimi mühüm amillərə görə dünya miqyasında mövcud olan alternativləri ilə müqayisədə önə çıxır. Dövlət xidmətlərinin göstərilməsində geniş tətbiq edilməklə yanaşı, “Asan İmza” həm də elektron maliyyə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi baxımından perspektivli bir texnologiyadır.

Ümumilikdə, “Asan İmza” texnologiyasının təqdimatı forumun auditoriyası tərəfindən yüksək maraq şəraitində keçib. Konfrans ərzində həmçinin elektron etimad xidmətləri sahəsində ixtisaslaşmış nüfuzlu mütəxəssislərin məruzələri dinlənilib, hökumət və biznes nümayəndələri arasında müzakirələr təşkil edilib.

Qeyd etmək lazımdır ki, EFPE dünyanın müxtəlif ölkələrini təmsil edən məruzəçilərə və iştirakçılara elektron imza texnologiyasının inkişaf meylləri, mövcud hüquqi baza, eləcə də qlobal informasiya cəmiyyətinin və elektron iqtisadiyyatın gələcək inkişafının qarşısında duran baryerlərin müəyyən ediıməsi istiqamətində təcrübə və fikir mübadiləsi aparmağa imkan verən geniş müzakirə meydançasıdır.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR