AŞPA-dan beynəlxalq hüquqa hörmətsizlik və ikili standartlar - TƏHLİL

AŞPA-dan beynəlxalq hüquqa hörmətsizlik və ikili standartlar - <span style="color: red;">TƏHLİL
# 24 iyun 2015 17:57 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-də keçirilən yay sessiyasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeuş İvinski tərəfindən “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə müzakirəyə çıxarıldı.

Qətnamə Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən hazırlanmış hesabat əsasında tərtib edilmişdi. Hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatların fəaliyyətinin öyrənilməsi və AŞ PA-nın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar hazırlanmışdı.

Qətnamədə Azərbaycanın mürəkkəb geosiyasi vəziyyətdə Avropa İttifaqı, Türkiyə, İran və digər Xəzəryanı dövlətlər, o cümlədən Rusiya və ABŞ-la münasibətlərini tarazlaşdırmağa çalışdığı, müstəqil və diversifikasiya olunmuş xarici siyasət yürütdüyü qeyd olunur. Bundan sonra isə demokratikləşdirmə, seçki qanunvericiliyi və insan hüquqları sahəsində Avropa Şurasının irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi məsələlərinə toxunulur.

Dünən APA Agentliyi də AŞPA-dakı müzakirələri online işıqlandıraraq, bu qətnamə və onun ətrafında aparılan müzakirələr barədə ətraflı xəbər yaydı.

Lakin hadisənin özünün və qətnaməyə düzəliş üçün edilən təkliflər diqqətçəkən idi.

Əvvəla, qətnamə məhz Avropa Oyunlarının Azərbaycanda keçirildiyi dövrdə müzakirəyə çıxarıldı.

İkincisi, qətnamədə məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan hissədə mahiyyətin təhrif edilməsi ilə bağlı düzəliş təklif olundu.

Oyunlarının Azərbaycanda keçirilməsi ilə ərəfəsində və oyunlar gedən müddətdə onsuz da Azərbaycanla bağlı ən müxtəlif mövzularda “dinləmələr” keçirildi. Bu “dinləmələrin” əksəriyyətində eyni üzlər, eyni tezisləri dəfələrlə səsləndirdilər. İyunun 11-də Avropa Parlamentində, iyunun 12-də Almaniya Bundestaqında Azərbaycanla bağlı qəbul olunmuş qətnamələrin hamısı eyni tezisə, eyni qərəzə söykənirdi. Avropa Şurasının “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnaməsi də həmin xronologiyanın davamı idi. Zatən, Avropa Oyunları ilə bağlı məşhur “Kerri planı” barədəki araşdırmamızda bu barədə geniş və təfsilatlı yazmışdıq. Budur, Oyunların bitməsinə bir neçə gün qalır. İfşa olunmuş plandakı bütün addımlar atılıb, Azərbaycana qarşı total qarayaxma kampaniyası həyata keçirilib və davam etdirilir.

Əsas məsələ-işğal faktı

Azərbaycan üzrə AŞPA-nın əvvəlki analoji qətnamələrində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi öz əksini tapsa da, budəfəki qətnamədə “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayon ifadələri” çıxarıldı, bu “Dağlıq Qarabağ münaqişəsi”ifadəsi ilə əvəzləndi.

Diqqət çəkən bu dəyişikliyin edilməsi barədə AŞPA Monitorinq Komitəsi qarşısında təkliflə çıxış edənlərin siyahısıdı. Diqqət edin: Peter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qross, Röne Ruke və erməni deputat Hovannisyan Arpin.

Andreas Qross, Röne Ruke, Peter Omtzigtin və erməni Arpin Hovannisyanın adlarının bu siyahıda olması yəqin ki vəziyyətdən hali olanları heç təəccübləndirmədi. Andreas Qross Azərbaycanın Avropa Şurasına üzvlüyünün ilk illərində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Elə həmin illərdə Azərbaycandan çox Ermənistanın və ermənilərin mövqeyini müdafiə edən Qrossun islamofob mövqeyi ilə də seçilib. Azərbaycanda olmuş, yerli şəraiti bilən, Azərbaycan torpağının Ermənistan tərəfindən işğal edildiyini öz gözləri ilə görən, bu işğalın qurbanları olan qaçqınlarla görüşən şəxs belə bir təkliflə çıxış edir. Onun digər məsələlərdə də nə qədər “obyektiv” olduğu artıq təkcə bu faktdan görünür. Bu təkcə hakimiyyətə deyil, daha çox Azərbaycana və azərbaycanlılara nifrət deyil, bəs nədir?

Təklif müəlliflərindən olan Peter Omtzigtın da adı məşhurdur. Bu, islamafobiyanın güclü olduğu Hollandiyada “Xristian-Demokrat Müraciəti” partiyasının üzvü olan, müsəlmanlara qarşı həqarətli fikirləri ilə fərqlənən həmin o Omtzigtindir.

Röne Ruke də Azərbaycanın işğal altında olan torpaqlarına rəsmi Bakının icazəsi olmadan səfər etmiş şəxsdir. Hətta fransız həmkarları belə onun Fransadakı erməni diasporunun “xorunda oxuduğunu” lağ obyektinə çeviriblər.

Və belə bir dəstə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının qətnamədən çıxarılması üçün təklif edir, təklif isə Assambleyada keçir.

Baxmayaraq ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt ölkələrin ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır,

polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib:"Bu bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd etməliyik".

T. İvinski eləcə də bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.

Makedoniyalı deputat Nikoloski Aleksandr və Türkiyədən olan millət vəkili Egemen Bağış öz çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi məsələsinə toxunublar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalı ifadəsi sənəddən çıxarıldığı və nəticə etibarilə, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz faktına şübhə salındığı halda, hansı əsasla bu sənədin obyektivliyindən danışmaq olar?

Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə qəti dəstək mövqeyini ifadə edən və Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyanın AŞPA-da səsvermə hüququnu donduran AŞPA-nın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına münasibətdə ifadə olunun bu mövqe ikili standartların ifrat formasıdır.

AŞPA-nın bu cür davranışı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq təsisatların, eləcə də AŞPA-nın sənədlərinə və bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” (13216/05 saylı iddia) qərarı ilə bilavasitə ziddiyyət təşkil edir.

25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ” bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. Assambleya bir üzv dövlət tərəfindən digər ölkənin ərazisinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərinin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb, münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur və işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin qərarında xüsusilə qeyd edilib ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda Ermənistanın işğalı altındadır. Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək, Məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “DQR”-ın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib.

AŞPA vakuumda fəaliyyət göstərən təşkilat deyil. Öz fəaliyyətində və qəbul etdiyi sənədlərdə beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının sənədlərini nəzərə almalıdır.

Əgər AŞPA tərəfindən yanaşma bundan ibarətdirsə, onda Azərbaycan üçün də bu qətnamə adi kağız parçasından başqa bir şey olmamalıdır. Azərbaycan hakimiyyətinin də ölkənin ərazi bütövlüyü, xarici siyasətin prioritet məsələsi (AŞ PA öz qətnaməsində bunu təsdiq edir!) olan məsələyə bu cür ifrat ikili standartdan və qərəzli mövqedən yanaşan təşkilatın sənədinə eyni yanaşmanı nümayiş etdirməsi tam adekvat olardı.

Və sonda: Dünənki müzakirələrdə Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrexin AŞ PA-ya ünvanladığı sualları vardı: “Mən anlaya bilmirəm, postsovet ölkələrində bu qədər problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?”

AŞ PA tərəfdə bu sualla bağlı dərin səssizlik hökm sürür...

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR