Mehmet Perinçək: “Daşnakların İkinci Dünya müharibəsində nasistlərlə işbirliyini sübut edən sənədlər var” - MÜSAHİBƏ

Mehmet Perinçək: “Daşnakların İkinci Dünya müharibəsində nasistlərlə işbirliyini sübut edən sənədlər var” - <span style="color: red;">MÜSAHİBƏ
# 21 oktyabr 2015 10:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Uydurma “erməni soyqırımı” iddialarını Rusiya arxivlərindən topladığı materiallarla puça çıxaran türkiyəli alim, “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının müəllifi Mehmet Perinçəkin APA-nın Moskva müxbirinə müsahibəsi

- Rusiya dövlət arxivlərində uydurma “erməni soyqırımı” ilə bağlı araşdırmalarınız davam edirmi?

- Bəli, araşdırmalarım davam edir. Bu ilin mart ayında “Erməni milliyyətçiliyinin serüveni: Daşnaklardan ASALA-ya yeni sənədlərlə” adlı kitabım çıxıb. Orada həm çar Rusiyası dövrünə, həm də Sovet İttifaqı dövrünə aid, erməni məsələsi ilə bağlı yeni sənədləri açıqlamışam. Bundan başqa, həmin kitabda I Dünya müharibəsinin Qafqaz cəbhəsində Rusiyanın hərbi məhkəmələrində erməni dəstələrinin mühakimə olunduğu cinayət işlərinin dosyelərini çap etmişəm. Həmin sənədlərdən aydın olur ki, erməni dəstələri Rusiya tərəfindən müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qətllərə görə mühakimə olunublar. Rusiya məhkəmələri onlara ən ağır cəza kəsib. Yenə həmin kitabda erməni məsələsində ən başlıca rol oynayan daşnakların İkinci Dünya müharibəsində nasistlərlə işbirliyi içində olduğunu sübut edən sənədləri yaymlamışam. Bu kitabda xüsusilə daşnakların Hitlerlə, faşist Almaniyası ilə həm Türkiyəyə qarşı, həm də Sovet İttifaqına qarşı törətdiyi cinayətləri ortaya çıxaran sənədlər də öz əksini tapıb. Son kitabım türkcə nəşr olunub. Bu kitabı rus dilində də nəşr edib, Moskvada təqdimat mərasimini keçirməyi planlaşdırıram.

""Erməni soyqırımı”nı inkar etməyin cinayət məsuliyyəti yaratması haqqında qanun İsveçrədə, İsveçdə, Yunanıstanda, Ermənistanda və digər ölkələrdə mövcuddur. Bu qərarla həmin qanunlar ləğv etdirilə bilər".

- Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı son qərarla bundan sonra Avropa Şurasına üzv ölkələrdə uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi mümkün olmayacaq. Bunu necə dəyərləndirirsiniz?

- Çox önəmli bir qərardır. Bir tərəfdən fikir azadlığı baxımından verilmiş bir qərardır. Çünki bu günün Avropasında “erməni soyqırımı”nın olmadığını deməyin cinayət məsuliyyəti yaratması orta əsrlər dövrünə qayıdış deməkdir. Yəni, bunun inkvizisiya məhkəmələrində olan mühakimələrdən heç bir fərqi olmazdı. Fikir, düşüncə azadlığı baxımından bunun söylənilməsi çox önəmlidir. Amma digər tərəfdən də, 1915-ci il hadisələrinin yəhudilərə qarşı törədilən Holokostdan ayrı tutulması ilə bağlı qərar da bizim üçün çox önəmlidir. Yəni, faşistlərin yəhudilərə qarşı törətdiyi soyqırımla 1915-ci il hadisələrinin arasında fərq olduğu təsbit edilib. Bu da çox önəmlidir. Bu qərar təkcə Avropa Birliyi ölkələrini deyil, Avropa Şurası ölkələrini də əhatə edəcək. Bura Ermənistan da daxildir. Artıq Ermənistan da daxil olmaqla, heç bir Avropa ölkəsində “erməni soyqırımı”nın olmadığını söyləmək cinayət məsuliyyəti yaratmayacaq. Təbii ki, bu qərar bir başlanğıcdır. Bu qərarın tətbiqinə baxmaq lazımdır. Çünki “erməni soyqırımı”nı inkar etməyin cinayət sayılması haqqında qanun İsveçrədə, İsveçdə, Yunanıstanda, Ermənistanda və digər ölkələrdə mövcuddur. Bu qərarla həmin qanunlar ləğv etdirilə bilər. Bunların ləğv edilməsi, həmin ölkələrdə dərsliklərdə “erməni soyqırımı” iddialarının birtərəfli işıqlandırılmasının qarşısını almaq, bu qərarın bir-bir Avropa Şurası ölkələrində tətbiq olunmasını təmin etmək üçün addımlar atmaq lazımdır.

"Türk ordusunun separatçılığa qarşı verdiyi mücadilə çox önəmlidir və bu mücadilə Rusiya tərəfindən də dəstəklənməlidir".

- Suriya böhranı ilə bağlı Türkiyə-Rusiya münasibətlərində gərginlik müşahidə olunur. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərə dair fikirlərinizi bilmək istərdik.

- Bölgəmizdə Suriya böhranı ilə bağlı diqqət yönəldilməsi vacib olan ən önəmli nöqtə ABŞ-ın Suriyanın şimalında, Şimali İraqdan başlayaraq Aralıq dənizinə qədər bir “kürd dəhlizi” açmaq istəyidir. Çünki ABŞ-ın İraqın şimalında olan marionet kürd dövlətini yaşatmaq üçün “Kürdüstan”ı Aralıq dənizinə çıxartmaq lazımdır. ABŞ-ın ən böyük planı budur. Bu “kürd dəhlizi” planı bir tərəfdən Türkiyənin, Suriyanın, digər tərəfdən də İran və İraqın ərazi bütövlüyünü təhdid edir. “Kürd dəhlizi”nin açılması təkcə sadaladığım ölkələrin ərazi bütövlüyünə təhdidlə qalmayacaq, regionda nüfuz sahibi olmaq istəyən Rusiyanın ABŞ qarşısında uduzmasına yardım edəcək. Çünki bu dəhliz təkcə Türkiyə, Suriya və İrana qarşı deyil, Rusiyanın özünə qarşı da istifadə olunacaq. Türk ordusunun separatçılığa qarşı verdiyi mücadilə çox önəmlidir və bu mücadilə Rusiya tərəfindən də dəstəklənməlidir. ABŞ-ın rəsmi və qeyri-rəsmi şəxsləri davamlı Türkiyəni təhdid edirlər. Onlar Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatların dayandırılması tələbini irəli sürürlər. Ankarada baş verən son terror hadisəsinin də bununla əlaqəli olduğunu düşünürəm. Bu, Türkiyə ordusuna bir mesajdır. Türkiyə ordusunun separatçılıqla mübarizəsi ABŞ-ı narahat edir.

Rusiyanın Suriya siyasətini və orada İŞİD-ə qarşı keçirdiyi əməliyyatları haqlı sayıram. İndiki zamanda Rusiya, Türkiyə, Əsəd rejimi, İran və İraq birlikdə hərəkət etməlidirlər. ABŞ-ın bölgədə həyata keçirmək istədiyi planın qarşısı bu ölkələrin işbirliyi sayəsində alınmalıdır. Lakin təəssüflər olsun ki, Rusiya kürd məsələsində yanlışlığa yol verir. Moskvanın PKK-nı terror təşkilatı kimi tanımaması böyük səhvdir. Rusiya necə çeçen döyüşçülərini terror təşkilatı kimi görürdüsə, PKK-nı da elə görmək məcburiyyətindədir. Görmədiyi təqdirdə isə bu, ancaq ABŞ-ın işinə yarayacaq. Bu, Amerikanın planına Rusiyanın dəstək olduğunu düşünməyə əsas verir. Rusiya bu gün Ukraynada, Cənubi Qafqazda və Mərkəzi Asiyada onsuz da ABŞ-la gərginlik yaşayır. Rusiya bu ərazilərdə öz milli maraqlarını müdafiə edir. Bu ərazilərdə öz milli maraqlarını müdafiə edərkən gedib Suriyada ABŞ-ın milli maraqlarına xidmət etmək Rusiya tərəfindən atılacaq böyük səhv olacaq. Rusiyanın oradakı kürd oluşumunu, kürd dəhlizini dəstəkləməsi ilə çeçen terrorçularını dəstəkləməsi arasında bir fərq görmürəm. Rusiya rəsmilərinin bunu görməsi vacibdir. Türkiyə hökuməti də Amerikayönümlü reflekslərdən imtina etməlidir. Əsəd hökuməti və Rusiya ilə kürd dəhlizinə və İŞİD-ə qarşı ortaq hərəkət etmək lazımdır. Bu problemlər ancaq bu yolla həll oluna bilər. Bu ölkələr birlikdə hərəkət etməsələr, bundan ən çox ziyanı Türkiyə və Rusiya görəcək.

"Türkiyə ilə Rusiya arasında bu regionda birgə addımlar atılsa, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli şəkildə həll olunmasının önü açılacaq".

- Türkiyə və Rusiya münasibətləri fonunda baş verən proseslərin Cənubi Qafqaz regionuna təsiri necə olacaq?

- Bayaq da qeyd etdiyim kimi, Türkiyə və Rusiya Cənubi Qafqaz və Qara dəniz regionunda da birlikdə hərəkət etməlidir. Bu ölkələr indiyə kimi nə vaxt birlikdə hərəkət ediblərsə, bu, hər iki ölkənin xeyrinə olub. Türkiyə və Rusiya nə vaxt ki, bir-birinə rəqib olurlar, o zaman hər ikisi bundan böyük ziyan görür. Qazanan isə Qərb, dolayısı ilə ABŞ olur. Türkiyə ilə Rusiyanın Cənubi Qafqazda işbirliyində olması vacibdir. Türkiyə ilə Rusiya arasında bu regionda birgə addımlar atılsa, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli şəkildə həll olunmasının önü açılacaq. Təəssüflər olsun ki, bu gün Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyinə dair işartılar mövcud deyil. Avropa İnsan Haqları Məhkəməsində əldə etdiyimiz qələbə kimi, inanıram ki, Dağlıq Qarabağ probleminin də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunacaq.

Qərbin Dağlıq Qarabağ probleminin həllində nə qədər maraqlı olmasına gəldikdə isə, qeyd etməliyəm ki, Qərb ölkələri bununla bağlı Ermənistana bir neçə dəfə təklif irəli sürüblər. Ermənistandan Rusiyaya qarşı Qərblə birgə hərəkət etmələri tələb olunur. Bu tələb yerinə yetirildiyi təqdirdə, ABŞ Dağlıq Qarabağ məsələsində tamamilə Ermənistanın mövqeyini dəstəkləyəcəkdi. Bunun üçün ABŞ Türkiyədə “erməni açılımı”nı başlatdı. ABŞ-ın “erməni açılımı”nın məqsədi Ermənistanı Rusiyadan qoparıb özünə bağlamaq cəhdi idi. Bununla da ABŞ öz milli maraqları naminə Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Türkiyənin maraqlarının əskinə həll etməyə cəhd göstərdi. Ona görə də, Türkiyə, Rusiya, Azərbaycan və İranın regionda birlikdə hərəkət etmələri vacibdir. Bu ölkələr regionda birlikdə hərəkət etsələr, ABŞ-ın bölgəyə müdaxiləsi sıfır səviyyəsinə enər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR