Almaniyaya, Avropa İttifaqına və Rusiyaya düşmən gözü ilə baxan PiS - Polşanın gələcəyi - TƏHLİL

Almaniyaya, Avropa İttifaqına və Rusiyaya düşmən gözü ilə baxan PiS - Polşanın gələcəyi - <span style="color: red;">TƏHLİL
# 27 oktyabr 2015 14:47 (UTC +04:00)

Polşada parlamentin aşağı palatasına – Seymə seçkilərdə müxalif “Hüquq və Ədalət” partiyası (Prawo i Sprawiedliwość – PiS) qalib qəlib. Müxalifət partiyası 39,1% səs toplayaraq əsas rəqibi olan hakim partiyanı 16 faiz geridə qoyub. Hakim “Vətəndaş Platforması” bloku seçkilərdə cəmi 23,4% səs toplaya bilib. Beləliklə, PiS 460 yerlik Seymdə 230-dan artıq yeri təmin edib ki, bu da PiS-in ə təkbaşına iqtidar olmasına imkan verəcək.

Seçkiqabağı təbliğat – janrın klassikası

PiS partiyası 2001-ci ildə yaradılıb, partiyanın sədri keçmiş baş nazir Yaroslav Kaçınskidir. O həmçinin 2010-cu ildə təyyarə qəzasında həlak olan prezident Lex Kaşınskinin əkiz qardaşıdır. Nəhayət, o bu ilin mayında prezident seçkilərində qalib gələn Andjey Dudanın təmsil etdiyi siyasi partiyanın rəhbəridir. Qeyd edək ki, A. Duda prezident seçkilərində məhz PiS-in üzvü kimi iştirak edib və hələ o zaman onun qələbəsi əhali arasında PiS-in populyarlığının artması ilə izah olunurdu. Dudanın prezident seçkilərində qalib gəlməsi, parlamentə seçkilərdə də onun təmsil etdiyi partiyanın mütləq qalib gələcəyi demək deyil. Amma, bu, baş verdi. Bu isə o deməkdir ki, Polşada son illərdə ilk dəfə olaraq prezident və hökumət “bir əldə” olacaq.

Qeyd edək ki, siyasi prosedura əsasən, parlament seçkilərində iştirak edən partiyaların fraksiya rəhbərləri avtomatik olaraq baş nazir postuna namizəd sayılır. PiS-in seçki siyahısına Beata Şıdlo rəhbərlik edib və baş nazir postuna məhz o seçiləcək. Maraqlıdır ki, B. Şıdlo A. Dudanın prezident seçkiləri zamanı seçki qərargahının rəhbəri, əsas yazarı və “sağ əli” olub. Seçkilərin vacibliyini tam təsviri üçün qeyd edək ki, Polşa parlamentli respublika olduğuna görə, ölkənin idarəetməsində baş nazirin səlahiyyətləri prezident səlahiyyətlərindən yüksəkdir. Prezident və baş nazir eyni partiyadan olanda isə, aydındır ki, ölkədə tək hakimiyyətlilik yaranır.

PiS-in seçkilərdə əsas rəqibi olan “Vətəndaş Platforması” partiyası son 8 il ərzində hakimiyyətdə olub və seçkiqabağı kampaniya da bu fakt üzərində qurulub. Müxalifət partiyası öz platformasını açıqlamazdan əlavə mövcud olan hakimiyyəti tənqid etmək imkanından da fəal istifadə edib. PiS-in qalib gəlməsində hansı amilin daha faydalı olduğunu söyləmək çətindir, çünki seçkiqabağı vədlər həmişə hipotetik olur, reallaşdırılmamış işlər isə göz qabağındandır. İstənilən təbliğat texnologiyalarda tənqid çox güclü silahdır. Bu baxımından hakim partiya adətən uduzma mövqeyində olur. Necə deyərlər, janrın klassikasıdır. Səkkiz il ərzində hakimiyyətdə olanların bütün səhv və çatışmazlıqları əhalini dəyişikliklərə sövq edir.

Vədlər

Lakin indiki halda rəqib partiyaların platformaları bir çox məqamlarda diametral fərqlənir ki, burada da PiS-in platforması öz rolunu oynayıb. Ümumi desək, “Vətəndaş Platforması” daha demokratik, daha liberal hesab olunur, PiS isə konservativ, hətta “sağ qollu” siyasi qüvvədir. PiS sosialyönümlü və millətçi partiya da sayılır. Nəticədə, ölkədə PiS-in hakimiyyətə gəlməsi ciddi dəyişiklikləri vəd edir. Konkret hansı dəyişikliklərdən söhbət getdiyini açıqlamaq üçün PiS-in platformasını nəzərdən keçirmək lazımdır.

Platformanın əsas maddələrindən biri aşağı pensiya həddini qadınlar üçün 60 yaş, kişilər üçün 65 yaş səviyyəsində müəyyən etməkdir. Hazırda Polşada həm kişi, həm qadınlar üçün bu göstərici 67 yaş təşkil edir. İkincisi məqam əməyin minimal ödəniş haqqının 12 zlotı səviyyəsində müəyyən ediləcəyi vədidir. Üçüncü vədə əsasən, vergitutmadan azadolunan minimal gəlir miqdarını illik 8 min zlotıya (təxminən 2 100 dollar) qaldırılacaq. Bundan əlavə sahibkarlar üçün müəyyən vergi güzəştlərin tətbiqi nəzərdə tutulur ki, bunlardan biri mənfəət vergisinin müəyyən hallarda endirilməsidir. Bundan başqa PiS yeni bank vergisinin (ilk hesablamalara görə, 0,39% səviyyəsində) tətbiqini və hətta xarici kapitallı iri pərakəndə ticarət şəbəkələrinə verginin (dövriyyədən 0,5-2%) tətbiqini planlaşdırır. Vergilərlə bağlı məqamlarını yekunlaşdırmaq üçün ƏDV-nin 23%-dən 22%-dək endiriləcəyi və vergi sisteminin təkmilləşdiriləcəyi vədini qeyd etmək olar. PiS həmçinin hər ikinci və növbəti uşağa 500 zlotı (130 dollar) məbləğində müavinətin verilməsini vəd edib. Bundan əlavə qoca və ahıl insanlar üçün pulsuz dərman verilməsi sisteminin yaradılması nəzərdə tutulur.

İqtisadi sahələr üzrə planlar sırasında kömürçıxarma sektorunun inkişaf proqramını qeyd etmək olar. Burada mədənlərin vergilərdən azad olunması və digər müxtəlif stimullaşdırıcı addımlar planlaşdırılır və proqram kömürçıxarma sektorunu yenidən mənfəət gətirən sahəyə çevirmək məqsədi daşıyır. PiS həmçinin mənzil probleminin həlli üçün də müəyyən addımlar atmağı planlaşdırır. Seçkiqabağı platformaya əsasən, mənzillərin kirayəsi üçün yaşayış binaların tikintisi nəzərdə tutulur ki, həmin kirayə hissə-hissə ödəməklə mənzillərə sahibolmanı nəzərdə tutacaq. Nəhayət, diqqət çəkən məqamların sırasında pul-kredit siyasətin daha da yumşaldılması, Mərkəzi Bank tərəfindən şirkətlərə birbaşa investisiyaların və kreditlərin ayrılmasını qeyd etmək olar. Göründüyü kimi, seçkiqabağı vədlərin sırasında daha çox sosial məsələlər yer alıb ki, bu da təbiidir. Çünki Polşada elektoratın əsas hissəsi sadə insanlardır. Həmçinin yuxarıda qeyd olunanların sırasında, demək olar ki, heç nə qeyri-adi yoxdur. Bina tikintisi məsələsi reallaşdırmaq baxımından bir qədər çətin məsələ kimi görünür, qalan vədlər isə reallaşdırıla bilər. Nəticədə elan olunan planlar üstəgəl indiki hakimiyyətin bəzi səhv və nöqsanları əhali arasında PiS-ə misli görünməmiş populyarlıq və parlamentdə yarıdan çox yer qazandırıb.

Bəs xarici siyasət?

Yuxarıda qeyd olunanlar, bəyan edilmiş bütün plan və vədlər ölkənin daxili siyasətinə aiddir, lakin Polşada hakimiyyətin dəyişməsi daha çox xarici siyasətə təsir edəcək. Və bu qaçılmazdır, çünki PiS-lə “Vətəndaş Platforması”nı kəskin fərqləndirən məqamlar məhz partiyaların xarici siyasət kursuna aiddir. Söhbət ilk növbədə Polşanın Avropadakı rolundan gedir.

PiS və onun liderləri əbəs yerə millətçi hesab olunmur, bu partiyanın mövqeyi ondan ibarətdir ki, hazırda Polşa Avropada layiq olduğu yeri yerini tutmur və bu status mütləq dəyişilməlidir. Hətta PiS-in rəhbəri Yaroslav Kaçınki Avropa İttifaqının və burada həyata keçirilən siyasətin fəal opponentidir. Eyni zamanda o həmçinin fəal anti-Rusya mövqeyinə malikdir. Bu iki məqam gələcəkdə Polşanın xarici siyasətinin əsas istiqamətləri olacaq. Maraqlıdır ki, Avropada bu ilin ortalarından nəzarətsiz xarakter alan miqrant (daha dəqiq qaçqın) böhranı PiS-in lehinə işləyib. Belə ki, PiS-in bu məsələdə qaçqınların əleyhinə kəskin mövqe tutur, hakim partiyanın 7 min qaçqının qəbul etməsinə razılıq verməsi əhali arasında neqativ qarşılanıb. PiS isə açıq ksenofobiyadan uzaq olsa da, indiki vəziyyətdə, Suriya, Əfqanıstan, Sudan və digər ölkələrdən qaçqınların qəbul olunmamasına tərəfdardır. Proqnozlaşdırmaq olar ki, bu məqam Avropa İttifaqı ilə birinci, yumşaq desək, narazılıq məsələsi olacaq. Bundan əlavə PiS Polşada fəal anti-Almaniya əhval-ruhiyyəni təmsil edir. Polyaklar tarixi məqamlara da dayanaraq Almaniyanın Avropa İttifaqında aparıcı rolundan narahatdırlar. PiS-in tarixi məqamlara əsaslanması Polşanın Ukrayna ilə münasibətlərinə də mənfi təsir edə bilər. Artıq Ukraynanın bəzi yazarları bununla bağlı narahatlıqlarını ifadə ediblər. Qeyd edək ki, A. Duda prezident seçildikdən sonra bir neçə dəfə Ukraynada anti-Polşa əhval-ruhiyyəsi olduğunu dilə gətirib, keçmişdə Polşaya qarşı fəal siyasi mübarizə aparan tarixi personajların qəhrəman kimi qələmə verilməsinə qarşı çıxıb.

Qərb mətbuatı, o cümlədən, Böyük Britaniya, Almaniya, İtaliya, Fransanın media orqanları Polşada millətçiləri hökumətə gəlməsindən narahatlıq ifadə edirlər. Bəzi ən radikal yazarlar Polşanın Avropa İttifaqı ilə açıq konfrontasiyanı proqnozlaşdırır. Maraqlıdır ki, Rusiyanın rəsmi şəxsləri və analitikləri Qərbdən fərqli olaraq Polşada seçkilərinə, demək olar ki, diqqət ayırmırlar, halbuki hakimiyyətə gələn partiyanın anti-Rusiya mövqeyi Kopaçın hakimiyyətinin mövqeyindən daha kəskindir. Belə “soyuqqanlı” yanaşmanın yeganə səbəbi ola bilər – hazırda ən minimal səviyyədə olan Polşa-Rusiya münasibətlərin daha da aşağı düşməsi üçün artıq yer yoxdur.

Lakin bir məqam var. Bu “Şimal axını-2” layihəsidir. Bu boru kəməri qazı Rusiyadan Şimali Avropaya daşımalıdır, lakin onun reallaşdırılmasına artıq şübhələr var. Kənarda dayanmaq istəməyən Polşa artıq layihənin əleyhinə çıxış edib. Belə ki, oktyabrda əvvəl prezident Duda, ardınca baş nazir Kopaç, sonradan isə PiS-in də rəhbərliyi bəyan edib ki, Polşa əlindən gələni edəcək ki, “Avropa ölkələrinə təhlükə yaradan bu layihəyə mane olsun”. Qeyd edək ki, bu barədə həm keçmiş, həm yeni Polşa hakimiyyətinin mövqeyi eynidir. Bu mövqe həmçinin NATO qoşunlarının Polşa ərazisində yerləşdirilməsi və ABŞ-la hərbi əlaqələrin genişləndirilməsi məsələsinə də aiddir. Sadəcə Kaçınskinin partiyası bu məsələdə daha radikaldır və gələcəkdə PiS-dən konkret addımlar gözləmək olar.

Bunun nümunələri artıq göz qabağındadır. Məsələn, sentyabrda Polşa Səudiyyə Ərəbistanı neftini almağa başlayıb ki, burada son məqsəd neft emalı zavodlarını tədricən Rusiya neftdən ayırmaqdır. Bu proses hakimiyyətin hələ “Vətəndaş Platformasının” əlində olduğu vaxtda baş verir. Rusiya ilə münasibətlərə gəldikdə Polşanın əsas siyasi qüvvələri arasında tam həmfikirlik müşahidə olunur və böyük ehtimalla vəziyyət belə də davam edəcək. Avropa İttifaqı barəsində isə bunu demək olmaz. Yaroslav Kaçınkı Qərb mətbuatda avro-skentik adını qazansa da, gələcəkdə atacağı addımlar məlum deyil. Çünki bir çox məsələlər artıq dönməz xarakterə malikdir. Məsələn, Polşanın Avropa İttifaqında üzvlüyü. Heç kəs bunu gələcəkdə də şübhə altına qoymur, sadəcə Polşanın yeni hakimiyyəti Polşanın Avropa İttifaqında rolunun artırılmasını istəyir. Bundan başqa, məsələn, Polşanın Avrozonaya daxil olması da gündəmdə deyil, bu, gündəmdə olmayıb və yaxın gələcəkdə olmayacaq. Bu baxımdan Avropa İttifaqı ilə əlaqələrin hər hansı formada pozulması qeyri-realdır. O cümlədən, anti-Almaniya əhval-ruhiyyənin də hər hansı formada real format alacağı real görünmür. Unutmaq olmaz ki, təxmini hesablamalarına görə, Almaniyada bir milyondan artıq Polşa vətəndaşı çalışır, 600 min polyak isə bu ölkədə daimi yaşayır. Almaniya polyaklar üçün əlverişli əmək bazarıdır ki, bu məsələ də diqqətdən yayınmamalıdır. Bütün bunları nəzərə alaraq, bəyanat və adlara baxmayaraq Polşa-Aİ münasibətlərin pisləşməsi həqiqətən real görünmür. Bu yalnız qaçqınlar məsələsində baş verə bilər, çünki Polşa burada sərt mövqeyini tutmaq niyyətindədir və Aİ-nin hər hansı qərarının əleyhinə çıxış edəcək. Eyni qaydada uzaq xarici ölkələrlə də dövlətin və millətin maraqları nəzərə alınaraq münasibətlər qurulacaq. Amma hansı ölkə başqa cürə edir?

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR