Tarix - ən obyektiv müəllim və ən səhih dərslər: Abolisionizm hərəkatının tarixinə dair

Tarix - ən obyektiv müəllim və ən səhih dərslər: Abolisionizm hərəkatının tarixinə dair
# 19 yanvar 2016 11:31 (UTC +04:00)

Hoc Age - diqqətli ol!

Qərb ölkələrinin başqalarına insanlıq dərsi keçib öyüd-nəsihət verməsinə çoxdan alışmışıq. Boğazdan yuxarı bir tərzdə digərlərini, xüsusilə də müsəlman dövlətlərini humanizm dəyərlərinə hörmət bəsləməyə dəvət edib, insan hüquqlarını, ali dəyərləri daima rəhbər tutmağa səsləmək Qərb siyasətçilərinin siyasi menyusuna daxil olan ən sevimli və populyar məşğuliyyətdir desək, yəqin ki, yanılmarıq. Təbii ki, düzgün öyüd-nəsihət, tövsiyə tərəqqiyə yol açan, inkişafa rəvac verən, islaha kömək edən amildir, ancaq başqasına hər hansı məsələyə dair yol göstərəndə, yaxud hər hansı səbəbdən qarşı tərəfi tənqid edəndə məsləhət verənin özünün deyilənlərə nə dərəcədə əməl etdiyindən çox şey asılıdır. Yox, əgər kimsə özünün hər gün tapdaladığı dəyərlərə dair başqasına tövsiyə verirsə, belə sözlərin bir qara qəpik dəyəri də yoxdur. Bu qayda istər insan cəmiyyəti, istərsə də beynəlxalq münasibətlər sistemi üçün eyni dərəcədə keçərlidir.

Bəli, bu gün Qərb heç şübhəsiz ki, elmi-texnoloji, iqtisadi və siyasi cəhətdən dünyanın mərkəzi və aparıcı qüvvəsidir. Necə ki, bir zamanlar bu mərkəz rolunu Misir, Yunanıstan, Roma, Ərəb xilafəti, Monqol imperiyası, Osmanlı dövləti və digərləri yerinə yetirmişlər. O da inkaredilməzdir ki, cəmi 5 əsr bundan öncə Bruno kimi parlaq zəkanı elmi fikirlərinə görə tonqalda yandıran, İnkvizisiya dövründə təbii fəlakətlərin baiskarı qismində yəhudiləri göstərib onları təqib edən, “Qadağan olunmuş kitabların İndeksini” tərtib edərək hər cür alternativ düşüncəni boğan Qərbin hazırkı yüksəlişində vətəndaş cəmiyyəti, demokratiya kimi dəyərlər mühüm rola malik olmuşdur.

Ancaq bu hüquqlar həmişə Qərbin öz sakinlərinə, vətəndaşlarına münasibətdə işlək olmuşdur, başqa xalqlara və mədəniyyətlərə münasibətdə isə son dövrlərə qədər həmin demokratiyanın heç cüzi bir təzahürünü də müşahidə etmək mümkün deyildi. Bəs görəsən, hər vəchlə İslam dinini zorakılıqda, başqa xalqlara və mədəniyyətlərə qarşı daimi dözümsüzlükdə ittiham edən Qərb ideoloqları öz tarixlərini, xüsusilə yaxın keçmişlərini niyə unudurlar? Axı xristianlığı, yaymaq mədəniyyət gətirmək adı altında Amerika qitəsinin ink, astek, mayya kimi qədim və zəngin sivilizasiyalarını yer üzündən silən, yerli sakinlərini soyqırıma məruz qoyaraq, köləyə çevirən, Afrika və Asiyaya ayaq basaraq misli görülməmiş cinayətləri törədən, antisemitizmi, faşizmi qoynunda bəsləyən hər halda müsəlmanlar yox, məhz Qərbin özüdür.

Bəlkə İslam tarixi və müsəlmanlar ətrafında ixtiyarında olan güclü təbliğat vasitələrinin köməyi ilə neqativ obraz formalaşdırmaq üçün dərindən-qabıqdan çıxan xristian dünyası bununla öz keçmişini, törətdiyi cinayətlərini, bəşəriyyət tarixi üçün utanc qaynağı olan əməllərini unutdurmağa səy göstərir? Ancaq İraqda, Əfqanıstanda, Liviyada müsəlmanlara qarşı törədilən cinayətlər, ABŞ-da XXI əsrdə polisin sırf irqi zəmində öz vətəndaşlarını qətlə yetirməsi bu təbliğatın təsirini azaldır, insanlara Qərbin siyasi dairələrinin həqiqi mahiyyətini bir daha dərindən öyrənməyə sövq edir. Bu məqsədlə sözügedən məqalədə dəyərli oxucu, mən Qərb tarixinin o qədər də uzaq olmayan bir səhifəsi - quldarlıq və onun ləğvi uğrunda aparılan ictimai mübarizəyə - abolisionizm hərəkatını yada salmağı lazım bildim. Ona görə ki, bu həm yaxın və Qərbin inkar edə bilmədiyi, həm də ibrətamiz bir tarixdir. Onun vurduğu yaralar Afrikada, Amerika qitəsində hələ də qanamaqdadır. Ümidvaram ki, bu tarixi xatırladıqdan, onunla daha dərindən maraqlandıqdan sonra İslam dininə hücum edənlər quldarlıqla hələ VII əsrdə amansız, bir o qədər də uğurla mübarizə aparmış Məhəmməd peyğəmbərin (s.ə.s.), Hz. Əbu Bəkrin (r.a.), Hz. Ömərin (r.a.) mənəvi və siyasi mirasına layiqli, obyektiv qiymət vermək üçün özlərində ədalət, vicdan tapa biləcəklər.

Abolisionizm (lat. - abolitio - ləğv etmə, aradan qaldırma) - XVIII sonlarından ABŞ-da vüsət alan və quldarlığın ləğv olunmasını nəzərdə tutan bu hərəkat sonradan köləliyin saxlanılmasını istəyən müstəmləkəçi Avropa dövlətlərinin özlərini də bürüdü. Həmin ölkələrin mütərəqqi dairələri, həmçinin ziyalı dövlət xadimləri bəşəriyyət üçün qara ləkə olan qul əməyindən istifadənin dayandırılmasını tələb edirdilər. Uzun mübarizədən sonra bu hərəkat özünün ən böyük bəhrəsini ABŞ-da verdi. Belə ki, ABŞ prezidenti Avraam Linkolnun (1861-65) əmri ilə 1 yanvar 1863-cü ildən etibarən bu ölkənin ərazisində quldarlıq və ondan irəli gələn bütün növ fəaliyyətlər qadağan edildi. Bu qərardan ruhlanan bir sıra Latın Amerikası dövlətləri quldarlığın ləğv edilməsi haqqında birtərəfli qaydada qərarlar qəbul etsələr də (məsələn, Kuba 1886-cı ildə, Braziliya isə 1888-ci ildə müvafiq qərarlar verdi), Avropa dövlətləri külli miqdarda gəlir gətirən köləliyin ləğvinə o qədər də həvəs göstərmirdilər. Yalnız Birinci Dünya müharibəsindən sonra dünya ölkələrinin demək olar ki, hamısında quldarlığın əsasları ciddi şəkildə laxlamağa başladı.

Qərb imperializmi - yeni dünya tarixində quldarlığın yaradıcısı və hamisi

Avropa müstəmləkəçiliyinin Böyük Coğrafi Kəşflərdən sonra Amerika qitəsinə yol açması, həmçinin Afrika sahillərinə yol açmasından sonra dünyada qul alverinə və əməyinə əsaslanan quldarlıq sistemi təşəkkül tapdı. Belə ki, Amerikanın kəşfindən sonra bu qitənin aborigen əhalisi hesab edilən inklər, asteklər, mayyalılar müstəmləkəçilər, xüsusilə də konkistadorlar adlanan ispan kolonistləri tərəfindən soyqırıma məruz qalaraq, son nəfərinəcən qətlə yetirildi. İlk vaxtlar avropalılar törətdikləri qətliamların bəhrəsi kimi Peruda, Çili və Meksikada bir vaxtlar yerli hökmdarlara məxsus, indi isə sahibsiz qalmış sərvətlərin, xüsusi ilə də qızıl və gümüşün toplanması ilə məşğul idilər. Lakin sonradan Avropa qitəsindən yeni dünya adlanan Amerikaya saysız-hesabsız insan axını müşahidə edilməyə başladı. Öz ölkələrində varlana bilməyən, həmçinin törətdiyi cinayətlərə görə gizlənməyə məcbur olan, siyasi və dini baxışlarına görə yerli hakimiyyətlə yola getməyən, bir sözlə öz həyatını köhnə dünyada qurmağa müvəffəq olmayan hər kəs Amerikaya istiqamət götürürdü. Qısa müddətdə qitədə kifayət qədər zəngin avropalılardan ibarət yaşayış məskənləri meydana gəlməyə başlamışdı. Əsasən təsərrüfatla-əkinçilik və maldarlıqla məşğul olmağa başlamış yeni ağalara “qara iş”ləri görməyi bacaran çoxlu sayda insanlar gərək idi. Yerli əhali kütləvi şəkildə məhv edildiyindən, işçi qüvvəsi probleminin həlli sözün bütün mənalarında avropalıları narahat etməyə başladı. Afrika qitəsində Portuqaliya, Fransa, Belçika, Hollandiya kimi dövlətlərin bir-birinin ardınca qəsb etdikləri ərazilərin yerli əhalisi Yeni qitədə yaranmış boşluğu doldurmaq üçün ən məqbul variant kimi müstəmləkəçilərin demək olar ki, hamısının diqqətini cəlb edirdi. Qısa müddət ərzində Afrikadan gəmilər vasitəsilə minlərlə qul Amerikaya daşınmağa başlandı. Statistika göstərir ki, XVI əsrdən XX yüzilliyə qədər keçən müddət ərzində Afrikadan Amerikaya 20 mln. çox qul daşınmışdır. Elə həmin zaman kəsiyində müxtəlif səbəblər ucbatından müstəmləkəçilər Afrikadan olan 60 mln. çox insanın ölümünə səbəb olmuşlar. Güman edirəm ki, daxilində az da olsa insanlıq duyğuları qalmış avropalı belə başqalarını bəşəri cinayətlərdə ittiham etməkdən sadəcə utanar.

Doğrudur, tarixçilər yazır ki, Afrikanın bəzi qəbilələri arasında ağır cinayətlər törətmiş qəbilə üzvlərini əcnəbilərə satmaq kimi biabırçı bir adət geniş yayılmışdı. Avropalıların hesabına varlanmaq istəyən bir sıra qəbilə başçıları istənilən xırda xətanı şişirdərək, öz soydaşlarını müxtəlif növ atıcı silahlar, qiymətli daşlarla bəzədilmiş zinət əşyaları müqabilində əcnəbilərə təhvil verməkdən çəkinmirdilər. Lakin avropalılar təkcə onların sərəncamına verilən “canilər”lə kifayətlənmirdilər və müstəmləkəçilər silahlı dəstələrin, həmçinin hərbi qüvvələrin köməyindən istifadə edərək, ayrı-ayrı yaşayış məntəqələrinə basqın edir, insanları kütləvi surətdə oğurlayırdılar. Əldə olunmuş qənimət isə müəyyən ödəniş müqabilində Amerikaya yola salınırdı. Tarixçilərin yazdıqlarından belə məlum olur ki, avropalıların törətdikləri vəhşiliklər o dərəcəyə çatmışdı ki, onlar haqqında yerli xalqların yaddaşında bu gün də ən neqativ xatirələr hakim kəsilib. Şərqi Afrikada, yəni portuqaliyalıların ən çox qətliamlar həyata keçirdikləri torpaqlarda yerli əhali onları öz dillərində ”Afriti”, “Coka” deyə çağırırlar. Bu isə ana dilimizə tərcümədə “amansız ruh” və “ilan” mənasını verir. Tarixi yaddaş həqiqətən də dəyişmir və keçmişin qanlı yazılmış səhifələri əsrlər ötməsinə baxmayaraq insanların yaddaşında onu törədənlərə qarşı müvafiq müdafiə refleksi formalaşdırmağa qadir olur. Bu gün Afrikada yerləşən keçmiş Avropa müstəmləkələrinin əhalisinin də öz keçmiş ağalarına münasibəti məhz həmin yaddaşın məhsuludur.

Amerika qitəsi Afrikadan gətirilmiş kölələrlə doldurulduqdan sonra da onların həyatında yaxşıya doğru heç bir şey dəyişmirdi. Əksinə, qulların qaçmaması, həmçinin daha yaxşı işləməsi üçün müxtəlif işgəncə vasitələri və nəzarət mexanizmləri hazırlanırdı. Məsələn, Kubada ağalarının üzünə ağ olaraq iş sahəsindən qaçmış qulların tutularaq cəzalandırılması üçün “rancadores” adlanan xüsusi polis dəstələri təşkil edilirdi. Bu cür dəstələrin sərəncamında xüsusi təlim görmüş vəhşi itlər də vardı. Həmin itlərin köməyi ilə dəfələrlə qulların iştirakı ilə baş qaldıran kütləvi etirazlar qəddarlıqla yatırılırdı. Yeri gəlmişkən, eyni vasitədən aparteid dövründə CAR-ın hakimiyyət dairələri zəncilərə qarşı istifadə edir, xüsusi təlim görmüş ac itlərin mədəsini dinc insanların ətləri ilə doydururdular.

Müstəmləkəçilərin koloniyalarda bərqərar etdikləri qanunlara əsasən qaçmış qul tapıldıqdan 72 saat sonra öz ağasına qaytarılırdı. Üç gün ərzində həmin qul polis məntəqəsində yaxşıca cəzalandırıldıqdan sonra öz qanuni sahiblərinin sərəncamına verilirdi. Yox, əgər həmin qul hansısa ağır cinayətdə, yaxud da qiyam qaldırmaqda şübhəli bilinirdisə, onları birbaşa həbsxanaya yollayırdılar.

Rusiyalı tarixçi Yevgeni Larin yazır ki, qulların cəzalandırılması üçün quldarlar xüsusi işgəncə vasitələrini tətbiq etməkdən də çəkinmirdilər. Həmin vasitələrdən biri öz amansızlığı ilə xüsusilə seçilirdi: “Cəzalandırılmış kölə ona endirilən zərbələrin hesabını aparmalı idi. Əgər şallağın zərbələri altında qan içində inləyən kölə hesabı itirsəydi, hər şey yenidən başlayırdı. Saymağı belə bacarmayan savadsız kölənin ona vurulan zərbənin sayını itirməsi isə adi hal idi”.

Qullar sözün əsl mənasında heyvan kimi istismar olunurdular. Məhsul yığımı zamanı onların 19-20 saat işlədiklərini yazan mənbələr də var. İşdən sonra isə kölələrin qaçmaması üçün onların boyunlarına xüsusi hazırlanmış xaltalar salınırdı. Kölələrin yemək və istirahət saatları isə ağanın iradəsindən asılı olaraq müəyyənləşdirilirdi.

Qul ticarəti o qədər gəlir gətirməyə başlamışdı ki, hətta müstəmləkəçilər də bu alveri inhisara almaq naminə bir-biri ilə açıq qarşıdurmaya girməkdən belə çəkinmirdilər. Belə ki, “İspan mirası” uğrunda gedən müharibədə (1700-13) qəti qələbə qazanan İngiltərə qul ticarətinin aparıldığı əsas yolları nəzarət altına almağı bacarmışdı. 1763-cü ildə Yeddiillik müharibənin yekununda Britaniya Fransadan qopardığı ərazilərdə onun icazəsi olmadan istənilən növ xammal və qul ticarətinə qəti qadağa qoydu. Bunun nəticəsində qul tacirləri kölə almaq üçün İngiltərə hökumətinin qoyduğu qiymətləri və digər şərtləri qəbul etmək məcburiyyətində qalırdılar. İngiltərənin bu cür davranışından sonra müvafiq olaraq qul bazarlarında kölələrin qiyməti də artırdı, nəticədə quldarlar baha qiymətə aldıqları “maldan” maksimum fayda götürmək üçün onu daha artıq işlətməyə çalışırdılar.

Köləlik əleyhinə üsyanlar və beynəlxalq münasibətlər sistemində qulların qeyri-insani statusu

Qeyri-insani rəftara dözməyən kölələr dəfələrlə üsyana qalxır və öz hüquqlarını tələb edirdilər. Həmin üsyanlardan ən məşhurları XVIII əsrdə Yamaykada, Surinam və Haitidə baş vermişdi. Birinci üsyanı yatırmaqda çətinlik çəkən ingilislər ispanları köməyə çağıraraq qiyamçıların qarşısını çətinliklə də olsa ala bildilər. 1761-ci ildə Surinamda baş vermiş qiyam isə yatırmaq mümkün olmadı. Nəticədə Surinamı müstəmləkəyə çevirmiş hollandlar üsyançılarla bağladıqları müqavilə əsasında onların tutduqları torpaqlardan əl çəkdilər və həmin ərazinin muxtariyyətini tanıdılar. Yeri gəlmişkən, qul üsyanlarının tarixində bənzər muxtariyyəti Surinam üsyanından təxminən 70 il əvvəl Palmeras “respublikasını” quran Braziliya qulları əldə edə bilmişdilər.

Avropada, xüsusilə də İngiltərədə surətlə gedən sənaye inkişafı nəticəsində XIX əsrin əvvəllərində texnika tədricən insan əməyini ikinci plana sıxışdırmağa başlamışdı. Artıq “köhnə dünyanın” sakinləri həm sənaye müəssisələrində, həm də təsərrüfatda daha səmərəli və iş əmsalı yüksək olan vasitədən, yəni texnikadan istifadə etməyə üstünlük verirdilər. Məhz elmin inkişafı nəticəsində qul əməyinə olan tələbat xeyli azalmağa başladı. Qərbdə yavaş-yavaş dərk etməyə başladılar ki, külli miqdarda kölə saxlayaraq, mənasız xərcin altına girməkdənsə, həmin kölələrin işinə bərabər nəticə verə bilən cihazlar üzrə ixtisaslaşan bir neçə peşəkar mühəndis yetişdirmək daha ağlabatandır. Siyasətdə daima uzaqgörənliyi ilə seçilən ingilislər yavaş-yavaş qul əməyinə qarşı beynəlxalq aləmdə təbliğat aparmağa start verdi. Əvvəlcə 1815-ci ildə Vyana konqresində ingilislər quldarlıq məsələsini müzakirəyə çıxarmaq istəsələr də, digər iştirakçılar buna qəti etirazlarını bildirdilər. Onların fikrincə quldarlığın ləğv edilib-edilməməsi hər bir ölkənin suveren hüququdur və işğal etdiyi müstəmləkələrin daxilində bu məsələnin tənzimlənmə qaydası yalnız həmin dövlətin iradəsindən asılıdır.

İngiltərə isə tarixdə ilk dəfə olaraq məhz sözügedən konqresin gedişində köləliyi beynəlxalq məsələ qismində qabardaraq, diqqəti onun həllinə cəlb etməyə cəhd göstərdi. İngilislərin bu davranışının arxasında hər cür təhqir edilən qullara münasibətdə mərhəmət hissinin durmadığı tam dəqiqdir. Quldarlığı ləğv etməklə ingilislər müstəmləkəçilik siyasətində onların başlıca rəqibi olan İspaniya və Portuqaliyanın əsas gəlir mənbəyi olan kölə ticarətinə beynəlxalq hüququn əli ilə ciddi zərbə vurmağa səy göstərirdilər. Lakin İngiltərənin bu istəyi baş tutmadı və digər dövlətlərin kəskin mövqeyi ilə qarşılaşdı. 1822-ci ildə baş tutan Verona konqresində də İngiltərənin qaldırdığı bu məsələ öz həllini tapmadı və dövlətlər köləliyi yalnız mənəvi cəhətdən qınamaqla kifayətləndilər. Onu da etiraf etmək gərəkdir ki, Avropa ölkələri arasında köləliyi rəsmən qadağan etmiş ilk ölkə 1804-cü ildə Danimarka oldu.

Müqayisə üçün deyək ki, heç vaxt öz üzərinə heç bir məsələdə yazılı öhdəlik götürməyən ingilislər quldarlığın beynəlxalq aləmdə məhdudlaşdırılması üçün dəridən-qabıqdan çıxsalar da, özləri köləliyin rəsmi ləğvinə dair hər hansı fərman vermək niyyətindən uzaq idilər. İngiltərənin qeyri-səmimiliyini əyani şəkildə nümayiş etdirən ən yaxşı sübut onun həmin dövrdə ABŞ-la imzaladığı Gent müqaviləsi və həmin müqavilədən irəli gələn mübahisələr zamanı ortaya qoyduğu davranışdır. Belə ki, həmin müqavilənin birinci bəndində göstərilirdi ki, tərəflər həmin müqavilə imzalanmamışdan öncə və onun imzalandığı gün hərbi əməliyyatların gedişində tutduqları əraziləri boşaltmalı idilər. Üstəlik, tərəflər tutduqları ərazilərdəki bütün şəxsi və ictimai mülkiyyət sayılan obyektləri, həmçinin işğal olunduğu vaxt bu və ya digər ərazidə olan kölələri qaytarmağa da boyun olmuşdular. Maraqlıdır ki, mübahisəyə səbəb ingilislərin gəmilərdə olan əsir qullara münasibətdə bu müqaviləni tətbiq etməkdən imtina etməsi idi. ABŞ isə “öz vətəndaşlarına dəymiş maddi ziyanın ödənilməsini, həmçinin onların mülkiyyəti hesab edilən kölələrin də geri qaytarılmasını” təkid edirdi. Bəyanatın məzmunundan da göründüyü kimi, ABŞ tərəfi qulları öz vətəndaşlarından ayıraraq, müqavilədə onları “şəxsi mülkiyyət” qismində göstərir. İngiltərə isə öz hərəkətlərində daha da qabağa gedərək, uzun mübahisələrdən sonra “bu mülkiyyət formasına görə”, yəni kölələrə görə ABŞ vətəndaşlarına dəymiş ziyanı ödəməyə razılıq verir. 1826-cı il London razılaşmasına əsasən tərəflər tələf olmuş, yaralanmış və itkin düşmüş yüzlərlə qulun həyatına qiymət qoyurlar: 1 240 960 dollar. Quldarlığı və kölə ticarətini pisləməyə dəvət edən ölkənin özü yüzlərlə insanın həyatına bu qədər aşağı dəyər vermişdi. Yeri gəlmişkən, tərəflər arasında 1853-cü ildə də oxşar məzmunlu mübahisə baş vermiş və həmin problemin həlli zamanı da “kölələr” məhz mülkiyyət forması kimi göstərilmişdi.

ABŞ kapitalizmi və hakimiyyəti quldarlığın ləğvində nə üçün maraqlı idi?

Quldarlığın ləğvindən söz düşdüyü zaman bir çoxları bunu bəşəriyyət tarixinin humanizm naminə atılmış ən mütərəqqi addımlarından biri kimi səciyyələndirir, sözügedən qərarı ABŞ-ın demokratik mahiyyətinin dəlili kimi göz soxurlar. Bəli, A.Linkolnun bu addımı heç şübhəsiz ki, zahirən böyük humanist mahiyyətə malikdir, lakin onun siyasi və iqtisadi köklərini araşdırdıqda ABŞ-ın o zamankı rəhbərliyinin belə bir addım atmasının əslində ciddi mənfəətə söykəndiyinə əmin ola bilərik.

Unutmayaq ki, ABŞ öz milli maraqları çərçivəsində bu məsələyə dair mövqeyini yalnız Vətəndaş müharibəsinin başlamasından sonra 180 dərəcə dəyişdi. Vaşinqtonda başa düşdülər ki, quldarlığın çiçəklənməsi Avropa müstəmləkəçilərinə Amerika qitəsində iqtisadi və siyasi cəhətdən hökmranlıq etməyə, ABŞ-ın daxili işlərinə müdaxilə etməyə geniş imkanlar yaradır. Üstəlik, ABŞ-ın daxilində həmin dövrdə gedən vətəndaş müharibəsi onun şimalını, yəni sənayeləşmiş hissəsini, quldar cənubuna qarşı qoymuşdu.

Cənubun əsas dayağı qismində köləlikdən milyonlarla gəlir əldə edən avropalılar idi. Cənub ordusunun əsas zərbə qüvvəsi olan muzdlu kölələri öz tərəfinə çəkmək, həmçinin çoxminli qul kütlələri arasında özünə qarşı rəğbət qazanmaq üçün 1 yanvar 1863-cü ildə prezident Linkolnun əmri ilə ABŞ ərazisində quldarlıq tamamilə ləğv edilir. Bənzər qərarlar Latın Amerikasının bir sıra dövlətlərində də bir-birini əvəzləsə də, dünya ictimaiyyəti quldarlığın birmənalı şəkildə ləğvinə yalnız 1926-cı ildə nail oldu. Həmin il Birinci Dünya müharibəsindən sonra formalaşdırılmış Versal sistemi çərçivəsində fəaliyyət göstərən Millətlər Liqası quldarlığın və kölə ticarətinin ləğvini nəzərdə tutan konvensiya qəbul etdi. Konvensiyanın qəbulundan sonra onun tərkibinə daxil olan dövlətlərin böyük əksəriyyəti öz parlamentlərində həmin sənədi ratifikasiya etdirməyə nail oldu.

Eldar Əmirov

Siyasi elmlər üzrə fəlsəfə doktoru

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR