Azad Rəhimov: “Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək”

Azad Rəhimov: “Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək”
# 04 mart 2016 12:41 (UTC +04:00)

Bakı – APA. “Təşkilat Komitəsinin üzvləri ilə “Kristal Hall”da olduğumuz zaman bütün işlərlə tanış olduq. Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək”. Apasport.az saytının məlumatına görə, bunu Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin mətbuat xidmətinə gənclər və idman naziri Azad Rəhimov deyib.

Sentyabrın 1-14-də paytaxtımızda ilk dəfə təşkil olunacaq Olimpiada barədə danışan nazir bildirib ki, yarışın yüksək səviyyədə keçməsi üçün lazımı işlər görülür: “Olimpiada vaxtı yarış zalının tərtibatı ilə yanaşı, eyni zamanda təhlükəsizlik məsələləri, tibb otağı və media mərkəzinin olacağı məkanlar müzakirə edildi. Hazırda təşkilatı işlər plan üzrə gedir. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün işlər görüləcək”.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da nəzərdə tutulan işlərin yerinə yetirildiyini açıqlayıb: “Yarış məkanı təkcə partiyaların oynanılacağı zaldan ibarət deyil. Bura həm rəsmilərin olacağı məkan, tibb otağı, media mərkəzi, tamaşaçıların oyunları izləyəcəyi yer aid olunur. Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovun tövsiyələri oldu. Əməliyyat Komitəsi tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. Demək olar ki, biz həlledici son mərhələyə hazırıq. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımı işlər görüləcək”.

Məmmədov Şahmat Olimpiadasına qatılacaq şahmatçıların və rəsmi qonaqların yekun sayını barədə də danışıb: “Artıq məlumdu ki, Olimpiadada 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə, paytaxtımıza gələcək iştirakçılar, rəsmilər, qonaqların sayı 3000-dən artıq olacaq. Hazırda 176 ölkənin iştirakçısı gözlənilir”.

Qeyd edək ki, Olimpiada zamanı paytaxtımızda FİDE-nin növbəti konqresi də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR