Maliyyə bazarlarında mənfi tendensiyaların əlaməti: qızıl bahalaşır - TƏHLİL

Maliyyə bazarlarında mənfi tendensiyaların əlaməti: qızıl bahalaşır  - <span style="color: red;">TƏHLİL
# 10 mart 2016 11:00 (UTC +04:00)

Dünya bazarlarında qızıl tək fevral ayında 1 unsiyaya görə 111 dollar və ya 9,8% bahalaşaraq 1 239 dollara çatıb. Bu eyni zamanda iki rekord nailiyyətdir. Birincisi, 1 239 dollarlıq səviyyə birillik maksimumudur, ikincisi isə 9,8 faizlik aylıq artım sonuncu dəfə 1979-cu ildə müşahidə olunub. Artıq dəfələrlə sınanmış təcrübəyə əsasən iqtisadi təhlildə qızılın kəskin bahalaşması maliyyə bazarlarında mənfi tendensiyaların olması əlaməti kimi qiymətləndirilir. Faktiki olaraq, bir çox hallarda qızılın qiyməti ilə əsas fond indekslərinin dinamikasında əks mütənasib qanunauyğunluq müşahidə olunur. Bunun da səbəbi təbiidir, çünki maliyyə alətlərindən vəsaitlər qızıla yönəldilir ki, nəticədə qızıla tələbat artır və ardınca da qiymətin artımı baş verir.

Amma indiki halda hər şey belə texniki səbəblərlə kifayətlənmir. Daha dəqiq, qızılın bahalaşmasında əsas səbəb maliyyə bazarlarında enmə tendensiyaları deyil. Belə ki, fevral ayında nə ABŞ, nə Avropa bazarlarında nəzərə çarpan və diqqət çəkən enmə müşahidə olunmayıb. ABŞ-ın əsas indekslərində volatillik müşahidə olunsa da, yekun artım baş verib. Müəyyən enmə fevralın ikinci dekadasının əvvəlində olub, lakin sonradan kəskin artım qeydə alınıb. Avropanın əsas fond indeksləri də həmin dinamikanı, demək olar ki, tam təkrarlayır - fevralın 11-12-də kəskin eniş, sonra isə sürətli artım. Əgər ABŞ və Avropa bazarlarında vəsaitlər həmin enmə zamanı qızıl bazarına yönəldilmişdisə, tez bir zamanda artım dinamikası bərpa olunmazdı və qızıl bazarında artım çox qısamüddətli olardı. Amma burada artım ay ərzində daimi olub:

Etiraf etmək lazımdır ki, yuxarıda qeyd edilən amil də öz rolunu oynayıb, çünki, göründüyü kimi, ay ərzində (hətta ilin əvvəlindən olan iki ay ərzində) maksimal qiymət məhz fevralın 12-də müşahidə olunub. Yəni fond bazarlarında kəskin düşmədən növbəti gün qızıl bazarında qiymətin kəskin artımı baş verib. Bir daha xatırladaq ki, fevralın 11-də ABŞ və Avropanın əsas fond indeksləri kəskin düşərək ay üzrə minimal hədlərə çatıb, lakin sonradan artmağa başlayıb. Ehtimal etmək olar ki, fevralın 11-də fond bazarlarında baş verən enmə investorlar üçün təkan olub, bir çoxları vəsaitlərini dərhal qızıl bazarına yönəldib. Amma əvvəlki buna oxşar vəziyyətlərdən fərqli olaraq, fond bazarlarında vəziyyət düzələndə, indekslərin bir-iki gün ərzində enmədən əvvəlki səviyyələrini yenidən bərpa etməsinə baxmayaraq vəsaitlər səhmlərə yönəldilməyib, yenə də qızılda saxlanılıb. Məhz bu fakt diqqəti cəlb edir, çünki onu göstərir ki, investorlar fond bazarında tarazlığa baxmayaraq, ortamüddətli perspektivdə neqativ gözləmələrdən çıxış edirlər.

İnvestorların belə hərəkətlərinin əsas səbəbi Çində yaşanan iqtisadi problemlərdir. Daha dəqiq desək, gözlənilir ki, yaxın zamanlarda Çində baş verən iqtisadi artımın azalmasının dünya iqtisadiyyata mənfi təsiri güclənəcək. Bu fakt isə öz növbəsində fond bazarına təsir edəcək, enmə bərpa olunacaq və investorlar bütün bu təhlükələrdən əvvəlcədən sığortalanaraq indidən qızıla yönəldilən vəsaitləri qızılda da saxlayırlar. Dünya iqtisadiyyatında enmə tendensiyalarının ABŞ iqtisadiyyatına təsir gözləntiləri güclüdür və bu səbəbdən qızıla investisiyalar artır. Bu da qiymətə yüksəldici təsir göstərir. Nəticədə, bu il üzrə qızılın qiyməti ilə bağlı proqnozlar gücünü itirməkdədir. Xatırladaq ki, yanvarın ortalarında Hollandiyanın "ABN Amro" bankı ortaillik qiyməti 995 dollar, Almaniyanın "Commerzbank"ı – 1 080 dollar, ABŞ-ın "Goldman Sachs", Fransanın "Naxitis" mərkəzləri 1 000 dollar səviyyəsində proqnozlaşdırıb. İlin əvvəlində ötən müddət üzrə orta qiymət təxminən 1 160 dollara bərabər olub, o cümlədən fevral ayında ayın 11-dən sonra qiymət daimi olaraq 1 200 dollardan yuxarı səviyyədə qalıb.

Qızılın qiymətinə dair proqnoz vermək üçün bir neçə əsas amil təhlil olunmalıdır. İlk növbədə isə Çindəki problemlərə diqqət yetirmək lazımdır. Onların qısa bir zaman ərzində aradan qaldırılması mümkün görünmür, çünki xatırlamaq lazımdır ki, bu problemlər nə monetar, nə fiskal xarakter daşımır, problemlərin əsas kökü işçi qüvvəsinin bahalaşması nəticəsində istehsalın bahalaşması və nəticədə Çində istehsalın rəqabətliliyinin azalmasıdır. Aydındır ki, bu problem aradan qaldırılası deyil, əksinə iqtisadiyyat həmin yeni qaydalara uyğunlaşdırılmalıdır. Yalnız bir il keçəndən sonra, iqtisadiyyatda artım tendensiyası bərpa oluna bilər. Bu da texniki, arifmetik səbəblərlə bağlı olacaq, çünki müqayisə enmə illə aparılacaq. Bundan əlavə əgər Çin faktorunun dünya iqtisadiyyata mənfi təsiri güclənsə, bunu geri döndərmək ümumiyyətlə mümkün olmayacaq. Artıq indi dünya iqtisadiyyatı üçün bu ilə verilən proqnozlar Çinə görə azalmaya doğru dəyişilir. Bütün bunlar qızılın ucuzlaşmasına yardım olan amillər deyil.

ABŞ-da faiz dərəcələrin yüksəldilməsi qızılın qiymətinə müəyyən psixoloji təsir edə bilər, amma burada da iki vacib amil nəzərə alınmalıdır.

Birincisi, yanvarın sonunda keçirilən iclasında Federal Ehtiyat Sistemi faiz dərəcələrini qaldırmayıb, əksinə ehtimal yaranıb ki, xarici amillərin (Çin faktoru) təsiri altında bu il üçün nəzərdə tutulmuş faizlərin qaldırma qrafiki icra olunmasın. Sadə desək, FES faiz dərəcələrin hər rüb qaldırma planlarından imtina etməkdədir, bəlkə də faizlər ilin ortasına qədər indiki səviyyədə qalacaq.

İkincisi, əgər faiz dərəcələrin yüksəldilməsi baş versə belə, bu həmçinin onu göstərəcək ki, ABŞ-da iqtisadi vəziyyət yaxşı qiymətləndirilir - nəticədə kapital axını Çin və digər Asiya bazarlarından ABŞ-ın fond bazarına yönələcək, burada isə “maliyyə köpükləri” yaranacaq. Tam gücünü yığmayan iqtisadiyyat üçün bu “köpüklər” ciddi təhlükələr yarada biləcək və onlardan sığortalanmaq üçün investorlar yenidən qızıla üz tutacaq. Hər iki halda qızıl ən təhlükəsiz aktiv kimi qalacaq və investorlar qızıldan səhmlərə keçməyə tələsməyəcək. Bütün bunlar qızılın bahalaşmasının lehinə amillərdir.

Nəhayət daha bir amil. Hesablamalara görə, qızılın qiymətində 4 illik enmə tsikli 2016-cı ildə sona yaxınlaşmalıdır, amma bəlkə bu tsikl bir qədər sürətləndirilib? Məlumdur ki, bu ilin yanvarında qızılın qiyməti 5 illik minimuma çatmışdı, halbuki bu bir qədər daha gec gözlənilirdi:

Müvafiq olaraq, artım tsikli də 2016-cı ilin sonunda deyil, artıq indi başlayıb. Bu prosesi ümumdünya makroiqtisadi amilləri də dəstəkləyirsə, qızılın bahalaşması qaçılmaz kimi görünür. Əlbəttə ki, 2008-ci ilin böhranından sonra dünya iqtisadiyyatında bəzi hallarda izah olunmayan hadisələr baş verirdi, nəticədə heç kəs heç bir göstərici haqqında dəqiq proqnoz verə bilmirdi. Qızılın bahalaşmasının lehinə bir çox amil və göstəricilər var, amma burada da qətiyyətlə əmin olmaq çətindir. Lakin hadisələr qanunauyğunluğa əsasən inkişaf etsə, qızıl bahalaşmalıdır və buna təəccüblü baxmaq lazım deyil. Yenə də xatırlatmaq lazımdır ki, indiki qiymət yalnız ötən ilin yanvarındakı səviyyədədir, ötən artma tsiklinin sonunda və müvafiq olaraq azalma tsiklinin başlanması zamanında (2011-ci ilin sentyabrında) qızılın qiyməti 1 900 dollara yaxın olub. Yəni qızılın bahalaşma potensialı hələ də böyükdür.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR