Prezidentin Vaşinqton səfəri: dialoq üçün mühüm platformanın imkanlarından maksimum istifadə - TƏHLİL

Prezidentin Vaşinqton səfəri: dialoq üçün mühüm platformanın imkanlarından maksimum istifadə - <span style="color: red;">TƏHLİL
# 02 aprel 2016 13:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona nəzərdə tutulan səfəri baş tutdu. Səfər istər iki ölkə arasında münasibətlərə aydınlıq gətirilməsi, istər Azərbaycanın beynəlxalq siyasi sistemdə yerinin bir daha dəqiqləşdirilməsi, istərsə də siyasi dialoq üçün mühüm platformanın yaratdığı imkanlardan istifadə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nüvə təhlükəsizliyi bəzən terrorçuluq, qaçaqmalçılıq, insan alveri kimi qlobal təhdidlərin fonunda arxa planda qalan, lakin törətdiyi potensial təhlükəyə görə qeyd olunan təhdidləri arxada qoyan bir problemdir. Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin bu təhdidin miqyasını düzgün dəyərləndirdiyinə sübutdur. Sammit qlobal əhəmiyyətli bir problemin müzakirəsi ilə yanaşı həm də siyasi dialoq üçün liderlərin bir araya gəldiyi əhəmiyyətli platformadır. Vaşinqtona gerçəkləşən səfərin ümumi dəyərləndirməsi göstərir ki, Azərbaycan prezidenti bu platformanın yaratdığı imkanlardan dövlətin maraqları üçün maksimum istifadə etməyi bacarıb.

Səfər həmçinin iddiaların əksinə olaraq Azərbaycanla ABŞ arasında əməkdaşlıq imkanlarının zəifləmədiyini, əməkdaşlıq hədəflərinin dəyişmədiyini ortaya qoydu. Vaşinqton görüşləri göstərdi ki, ABŞ-la Azərbaycan arasında dünyada gedən proseslərin mahiyyətindən asılı olmayaraq heç zaman vaz keçilməyəcək sahələr var. Bu sahələri ümumiləşdirərək belə təsnifləndirmək olar:

  1. Beynəlxalq terrorçuluğa qarşı mübarizə;
  2. Nüvə təhlükəsizliyinin təmin olunması;
  3. Xəzərin enerji daşıyıcılarının Avropaya nəqli;

Əməkdaşlıq sahələri təbii ki, bunlarla məhdudlaşmır. Bu üç faktor daimi və dəyişməzdir, yəni, siyasi münasibətlərinin səviyyəsindən asılı olmayaraq Azərbaycanı ABŞ üçün vazkeçilməz edir. Yerləşdiyi region (İran və Rusiya ilə sərhədlər, Xəzər vasitəsilə Mərkəzi Asiya ilə qonşuluq, Yaxın Şərq regionuna təkcə coğrafi deyil, mədəni, dini və tarixi yaxınlıq), coğrafi mövqenin verdiyi strateji üstünlüklər (Şərq-Qərb və Şimal-Cənub marşrut dəhlizlərinin kəsişməsində yerləşməsi), malik olduğu enerji ehtiyatları (Xəzərdə neft və qaz yataqları) daxili əsaslandığı təməl prinsiplər (multikulturalzm, tolerantlıq) Azərbaycanı təkcə ABŞ üçün deyil, regionda marağı olan bütün ölkələr üçün cəlbedici edir. Ən əsası isə Azərbaycanı sərhəd olduğu digər ölkələrdən fərqləndirən mühüm amil var - rəsmi Bakı çoxvektorlu xarici siyasət həyata keçirir. Yəni dövlətlərlə münasibətlərini regionda və dünyada yaranmış (və tez-tez dəyişən) qüvvələr balansına görə deyil, ikitərəfli münasibətlərə əsasən qurur. Və təbii olaraq belə ikitərəfli münasibətlər qarşılıqlı maraqlara əsaslanır. Bu, Azərbaycanı təkcə ABŞ üçün deyil, bütün ölkələr üçün əməkdaşlıq baxımından cəlbedici tərəfdaşa çevirib.

Azərbaycanın öz strateji üstünlüklərini xarici siyasi fəaliyyətə uğurla transformasiya etməsi ölkəyə manevr etmək üçün ciddi imkanlar yaradır. Təkcə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın hər iki ölkə ilə siyasi - iqtisadi münasibətləri ən yüksək səviyyədə saxlaya bilməsi buna misaldır. Davam etməkdə olan Türkiyə-ABŞ gərginliyi çərçivəsində Azərbaycanın ABŞ-la münasibətləri inkişaf etdirməsi də başqa uğurlu misal sayıla bilər. Azərbaycan prezidentinin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət alması, ABŞ-da prezident Obama, dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden, hökumət üzvləri, konqresmenlər, qubernatorlar, aparıcı lobbi təşkilatlarının və maliyyə strukturlarının rəhbərləri ilə görüşlər bunu sübut edir. Görüşlərdə verilən mesajlarda isə ABŞ-ın nəzərində qlobal təhlükəsizlik sistemində Azərbaycanın yerini müəyyənləşdirmək üçün kifayət qədər ipucları var. Bu mesajları ümumiləşdirdikdə ABŞ-ın Azərbaycanla əməkdaşlıq üçün vazkeçilməz saydığı sahələrin yenə də üç istiqamətdə olduğu qənaətinə gəlirik ki, bu istiqamətləri də yuxarıda qeyd etmişik.

Beləliklə, ABŞ Azərbaycanı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükəsizinin qarşısının alınmasında mühüm tərəfdaş hesab edir. Prezident Obamanın Azərbaycanın yerləşdiyi coğrafi mövqenin əhəmiyyətini xüsusi vurğulaması da diqqətdən qaçmamalıdır. Dövlət katibi Con Kerri ilə görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ön plana çəkilib, ən nəhayət, vitse-prezident Co Bayden beynəlxalq sülhyaratma əməliyyatlarında hər iki ölkənin yaxşı əməkdaşlıq etdiyini deyib, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib. Hər üç rəsmi şəxsin verdiyi bəyanatların ana xəttini isə bir fikir təşkil edir: “ABŞ Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində, güclü və uzunmüddətli əməkdaşlıq etməkdə maraqlıdır”. Bu fikirlər Azərbaycan-ABŞ münasibətləri ilə bağlı spekulyasiya edənlərə verilən ən yüksək səviyyəli cavab kimi hələ uzun müddət əhəmiyyətini qoruyub saxlayacaq.

Qarşılıqlı iqtisadi maraqların təmin olunması. Azərbaycan prezidentinin Vaşinqton səfəri iki ölkə arasında münasibətlərdə iqtisadi amilləri də ön plana çıxarıb. Həm rəsmi şəxslər, həm maliyyə qurumları və lobbi təşkilatlarının rəhbərləri ilə görüşlərdə istisnasız olaraq iki fakt önə çəkilir - Cənub Qaz Dəhlizinin önəmi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün qarşılıqlı maraqların olması. Bu istiqamətdə vitse-prezident Co Baydenin fikirləri daha konkretdir:

  1. ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir;
  2. Vaşinqton bu layihənin həyata keçirilməsi üçün öz tərəfindən lazımi addımlar atacaq.

“Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin ikinci dekadasında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən ən mühüm regional layihələrdən biridir. Belə bir layihəyə ABŞ rəhbərliyi səviyyəsində dəstək verilməsi rəsmi Bakının qlobal çağırışları, iqtisadi tendensiyaları düzgün qiymətləndirdiyini göstərir. Eyni zamanda verilən dəstək Azərbaycana əlavə siyasi və iqtisadi dividentlər qazandırmış olur. Dünyada davam edən iqtisadi böhran fonunda ABŞ rəsmilərinin Azərbaycanın iştirakı ilə gerçəkləşən regional enerji layihələrinə dəstək verməsi ölkənin investisiya cəlbediciliyini də artırır. Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən görüşlərdə Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu üçün QARŞILIQLI MARAQLARIN olduğu dəfələrlə vurğulanıb. Bu o deməkdir ki, prezident İlham Əliyevin ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb olunmasının vacibliyinə dair çağırışları konkret nəticələr verməyə başlayır.

Dağlıq Qarabağ münaqişəsi. Azərbaycan prezidentinin Vaşinqton səfəri sözsüz ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də töhfə verəcək. İstər Co Baydenin, istərsə ölkənin xarici siyasət kursunun müəyyənləşməsində birbaşa və dolayı iştirak edən şəxslərin münaqişə ilə bağlı bəyanatları tam şəkildə Azərbaycanın maraqlarına cavab vermiş oldu. ABŞ vitse-prezidentinin “ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir” fikri Vaşinqton görüşlərinin ƏN MÜHÜM NƏTİCƏSİ hesab oluna bilər. ABŞ-ın münaqişənin nizamlanmasında tutduğu mövqenin əhəmiyyəti Vaşinqtonda Azərbaycan prezidenti tərəfindən də bir neçə dəfə xüsusi vurğulanıb. Lakin Co Baydenin verdiyi bəyanat bir fərqliliyi ilə diqqəti cəlb edir. Bu, bəyanatda yer alan “QƏTİYYƏTLƏ” sözüdür. Mövqenin bu şəkildə formulə olunması o deməkdir ki, münaqişənin beynəlxalq hüquq prinsiplərindən kənar üsul və formalarla həlli cəhdləri iflasa məhkumdur. Həll yolu formasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla həyata keçirilməlidir və dünyanın supergücü olan ABŞ bu prinsiplərə riayət olunmasında maraqlıdır. Bu bəyanatlar münaqişənin eskalasiyasına cəhdlərin də nəticə etibarilə uğursuzluqdan doğan addımlar olduğunu da ortaya qoyur. Ermənistanın zaman-zaman cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışması da münaqişənin nizamlanmasında xarici siyasi dəstəyin azalması gerçəkliyinə qarşı şərti refleksin işə düşməsindən başqa bir şey deyil.

Vüqar Hüseynov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR