Bakıda "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" adlı kitabın təqdimatı olub

Bakıda "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" adlı kitabın təqdimatı olub
# 08 aprel 2016 15:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ADA Universitetində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tərəfindən tərtib edilən "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" adlı dörd cildli əsərlər toplusunun təqdimat mərasimi keçirilib.


APA-nın məlumatına görə, tədbir Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş tədbirlərin davamı kimi təşkil olunub.

Tədbirdə çıxış edən kitabın müəllifi Həsən Həsənov Əlimərdan bəy Topçubaşovun həyat və ictimai-siyasi fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, kitabın 4 cildli olmasının səbəbi onun həyatının Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşməsidir. H. Həsən bildirib ki, "Kaspi" qəzetinin baş redaktoru olması Ə. Topçubaşova Rusiyada məşhurluq gətirib. O əlavə edib ki, onun ağıllı siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi o dövrdə tanınıb.

Səfir Ə. Topçubaşovun şəxsi arxivinin Fransada olduğunu və hələ də araşdırılmadığını əlavə edib.

Kitabın redaktoru, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev isə kitabın nəşr edilməsi ilə Ə. Topçubaşova abidə qoyulduğunu bildirib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov çıxış edib, Xarici Işlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” adına təqaüdü qazanan ADA Universitetinin əcnəbi tələbələrinə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, rus dilində nəşr edilən "Əlimərdan bəy Topçubaşov. Seçilmişlər" adlı əsərlər toplusunun I cildi ictimai xadimin jurnalist fəaliyyətinə, II cildi siyasi-ictimai fəaliyyətinə, III cildi dövlət xadimi kimi fəaliyyətinə, IV cildi isə mühacirətdəki fəaliyyətinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR