Doha fiaskosu: Böyük siyasətin kiçik aləti - TƏHLİL

Doha fiaskosu: Böyük siyasətin kiçik aləti - <span style="color: red;">TƏHLİL
# 19 aprel 2016 13:38 (UTC +04:00)

Dünya iqtisadiyyatına təsir edə biləcək, bütün dünya ictimaiyyəti diqqətlə izlənən və ümidlə gözlənilən Doha görüşü son dərəcə uğursuz olub. Bunun məntiqli izahını tapmaq o dərəcədə çətindir ki, təəssüflənməkdən başqa bir şey qalmır.

Danışıqların nəticəsiz bitəcəyinə dair ehtimallar görüş ərəfəsində daha da artmışdı, buna səbəb İranın müzakirələrdən imtina qərarı idi. İran əvvəlcədən bəyan edib ki, hasilatı sanksiyalardan əvvəlki səviyyəyə çatdırılmayana kimi günə 4 mln. barel), hasilatın dondurulması barədə heç danışıqda iştirak etmək niyyətində deyil. Məsələ o yerə çatıb ki, İran görüşə ümumiyyətlə qatılmayıb. Çünki məlum olub ki, görüşdə yalnız hasilatın dondurulması məsələsi müzakirə olunacaq, İran əvvəlcədən bu sazişə qoşulmaq fikrində olmadığına görə, məntiqlə onun Doha danışıqlarına qatılması heç bir məna kəsb etməyəcəkdi.

Tehranın bu qərarı yeni situasiya yaradıb - neft hasilatının dondurulması İranın iştirakı olmayacaq formatda müzakirə olunmalıdır. Amma buna Səudiyyə Ərəbistanının mövqeyi imkan verməyib, səudiyyəlilər İransız sazişin qəbuluna qarşı olduqlarını bəyan ediblər. Elə təkcə bu qəfil mövqe dəyişikliyi görüşün 6 saat gec başlamasına səbəb olub. Səudiyyə Ərəbistanın təşəbbüsü ilə sazişə əlavə bənd daxil edilib - sazişə mütləq bütün OPEC üzvləri qoşulmalıdır. Nəzərə alsaq ki, İran görüşdə heç iştirak etməyib, sazişin imzalanması əvvəlcədən mümkünsüz görünürdü. Faktiki olaraq, sazişə bu cür dəyişiklik əlavə olunandan sonra əksəriyyət görüşün nəticəsiz bitəcəyi reallığı ilə barışıb.

Razılığın əldə edilməməsinin rəsmi izahı kimi bildirilir ki, dondurulma barədə saziş əvvəlcədən OPEC çərçivəsində imzalanmalıdır, sonra isə digər neft ixrac edən ölkələr qoşula bilər. Bu isə əsl sofistikadır - çoxmənalı anlayışlar, mənbəyi bilinməyən anlayışlara əsaslanan çoxmənalı nəticələr və sair. Nəticədə hasilatın dondurulması məsələsi ən yaxşı halda iyuna kimi təxirə salınıb, çünki iyunda OPEC-in növbəti iclası nəzərdə tutulur. Hər halda neftin bahalaşmasına yeganə təkan verə biləcək amil boşa çıxıb. Görüşdən əvvəl müzakirələrin nəticəsiz başa çatacağı ehtimalları güclü olsa da, ümid yenə də qalırdı. İndi isə yalnız nəticələr barədə fikirləşmək qalır.

İlk növbədə görüşdən dərhal sonra neftin qiymətləri gözlənilən kimi düşüb. Əgər aprelin 15-də "Brent" markalı neftin bir barelinin qiyməti 43,10 dollar olubsa, aprelin 18-də qiymət 42,91 dollara qədər düşüb. Eyni zamanda etiraf etmək lazımdır ki, aprelin 18-də ticarət sessiyası ərzində neft hətta 40 dollaradək ucuzlaşıb, amma sonradan artım baş verib. Paralel olaraq, dollar da 0,3% ucuzlaşıb, yəni dollar Doha görüşünə demək olar ki, heç reaksiya verməyib. Buna baxmayaraq, bəzi ölkələrdə, məsələn, Rusiyada milli valyutanın yaxın zamanlarda zəiflənməsi ehtimalları güclənib. Lakin bu, neftin bahalaşmasına dair son imkanın boşa çıxması ilə bağlıdır.

İndi bu məsələ ilə bağlı fikirlər söyləmək, xüsusən də Azərbaycana tətbiq etmək çox çətindir. Aydındır ki, manatın məzənnəsi ilk növbədə ölkədə dollara tələbatdan asılıdır, tələbat isə həmişə stabil yüksəkdir. Bu tələbatı ödəmək üçün ölkədə dollar kütləsi olmalıdır, onun həcmi isə ilk növbədə neft gəlirlərindən asılıdır. Bu isə öz növbəsində neftin qiymətindən asılıdır, buna görə, aydındır ki, əgər neft ucuzlaşacaqsa, valyuta bazarında əsas valyuta tədarükçüsü olan dövlətin həmin tələbatın ödənilməsinə imkanları azalacaq. Nəticədə manatın məzənnəsi aşağı istiqamətlənə bilər. Lakin bunu, neftin qiymətlərinin nəzərə çarpan dərəcədə ucuzlaşacağı halda gözləmək olar, indi isə neftin qiymətləri təbii dəyişmələrdən kənara çıxmır. Baxmayaraq ki, indi neftin bahalaşması ehtimalı son dərəcə azdır. Neftin qiymətinin Doha görüşündən sonrakı indifirent dinamikası onu göstərir ki, birincisi, bazar iştirakçıları görüşün nəticəsiz başa çatmasını gözləyirdi, ikincisi isə, görüşün nəticələrindən asılı olmayaraq nəticələrin qiymətə edə biləcəyi təsir əvvəlki gün və həftələr ərzində qiymətdə artıq öz əksini tapıb. Qeyd edək ki, bəzi analitiklər neftin qiymətinin 30 dollaradək düşəcəyini proqnozlaşdırırdı, amma əgər bu baş versə idi, artıq proses sürətlə başlamalı idi. Belə enmə isə müşahidə olunmur. Əksinə, daha real görünür ki, neftlə bağlı hansısa gözlənilməz hadisə/xəbər/tədbir baş verməsə, neftin qiymətləri indiki səviyyə ətrafında qalacaq. Amma...

Görüşdə razılığın əldə edilməməsi ilk növbədə siyasi amillərlə, daha dəqiq Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliklə bağlıdır. Bəlkə, siyasi amil daha dərindir? Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə siyasi tərəfdaşı olduğu məlumdur, neftin dünyada ABŞ tərəfindən istiqamətli şəklində ucuzlaşdırılması fikirləri hələ də qüvvədədir. Qeyd edək ki, bu fikirlərə əsasən, neft müxtəlif siyasi, iqtisadi, maliyyə və hasilat alətlərindən istifadə edilməklə məqsədli şəkildə ucuzlaşdırılır ki, bunun son məqsədi Rusiyanı mümkün qədər çətin iqtisadi vəziyyətə salmaqdır. Əgər Rusiyanın son neçə il ərzində yaşanan iqtisadi problemlərini xatırlasaq və onların əsas mənbəyinin neftin ucuzlaşmasının olduğunu etiraf etsək, həmin fikirlər heç də əsassız görünmür. Aydındır ki, iqtisadi problemlərin davamlı olması, onların yaxın gələcəkdə həll olunmasına dair ümidlərin boşa çıxması həmin iqtisadi problemlərin sosial problemlərə çevrilməsi ehtimalını artırır. Sadə desək, əgər Rusiyada yaşanan vəziyyət davam etsə, sosial gərginlik o səviyyəyə çata bilər ki, bunu heç bir xarici siyasi əməliyyatları “örtə” bilməyəcək. Bu yolda indi neftin bahalaşması lap yersiz olardı. Neft kəskin ucuzlaşanda həmin məsələnin məhz Rusiyaya qarşı edilməsi (məhz “edilməsi”, yəni istiqamətli, məqsədli hərəkət) barədə fikirlər çox güclü olub. İndi neftin dondurulması üzrə razılığın üstündən məhz ABŞ-ın müttəfiqinin xətt çəkməsi müəyyən sualları yenidən yaradır. Bunun fonunda, məsələn, Rusiyanın energetika nazirinin Aleksandr Novakın Doha görüşün iflasa uğraması ilə bağlı bəyanatları çox səciyyəvidir. Qısa desək, çıxışlarında o, sazişin imzalanmamasında Səudiyyə Ərəbistanı və bəzi Fars Körfəzi ölkələrini günahlandırıb və iki ay ərzində hazırlanan sazişin üstündən bir anda xətt çəkməsindən, gözlənilən müsbət nəticələrinin əldə edilməməsindən məyus olmasını gizlədə bilməyib. Qeyd edək ki, Novak ABŞ-ın görüşə təsir etməsi barədə suallara cavab olaraq bildirib ki, bunu isbatlamaq üçün əllərində fakt yoxdur. Venesuelanın neft və dağmədən sənayesi naziri Euloxio del Pino isə dondurma barədə razılığın əldə edilməməsində birbaşa olaraq ABŞ-ın müdaxiləsini günahlandırıb.

Qeyd edək ki, ABŞ-ın müdaxiləsi ehtimalı neft bazarında baş verənlərin yeganə mümkün səbəbi deyil. Ola bilər ki, Səudiyyə Ərəbistan özü də, müstəqil olaraq, öz siyasi maraqlarından neft bazarında uçurumda və ya razılığın, həmfikirliyin olmamasından maraqlıdır. Bəzi Qərb analitikləri Səudiyyə Ərəbistanın son zamanlar hərbi və neft siyasətində əsas persona kimi şahzadə Məhəmməd ibn Salmanı bilir. Analitiklər Səudiyyə Ərəbistanın neft siyasətində son sözün məhz ona məxsus olduğunu vurğulayır. Ötən həftə şahzadə Məhəmməd ibn Salman bəyan edib ki, “bizi neftin qiymətləri narahat etmir, 30 dollar və ya 70 dollar bizim üçün eynidir. Bizim öz proqramlarımız var ki, onlar yüksək qiymətləri tələb etmir”. Faktiki olaraq, belə sözlərlə Səudiyyə Ərəbistan bəyan edib ki, qiymətlərin dərhal qalxmasında o dərəcədə maraqlı deyil ki, xarici siyasi prioritetlərini qurban versin. Xarici siyasi prioritetlər isə deyəsən, neftin bahalaşmasını nəzərdə tutmur.

Hər halda neftin kəskin ucuzlaşması dövründə bir sıra yüksək səviyyəli rəsmilər işarə vururdular ki, neft bazarında baş verənlər böyük siyasətin alətidir, kiçik ölkələr isə bunun qurbanına çevrilir.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR