"Brexit": bir medalın iki üzü - TƏHLİL

"Brexit": bir medalın iki üzü - <span style="color: red;">TƏHLİL
# 22 aprel 2016 10:51 (UTC +04:00)

Bu ilin iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini nəzərdə tutan referendum keçiriləcək. Bu hadisə artıq bir neçə aydır müzakirə olunur, referendumun vaxtı yaxınlaşdıqca, ölkənin Avropa İttifaqında qalmasının, yaxud ittifaqı tərk etməsinin tərəfdarları elektorata təsir etməyə başlayıblar. Bu baxımından Böyük Britaniya Maliyyə Nazirliyinin bir neçə gün əvvəl açıqladığı hesabat çox təsiredici görünür.

Böyük Britaniyanın Aİ-dən çıxacağının ("Brexit") mümkün nəticələrinə həsr olunmuş məruzədə deyilir ki, bu hadisə baş versə, 2030-cu ilə qədər ölkənin ÜDM-i 3,4%-dən 9,5%-dək azalacaq ki, bu da adambaşına ildə 2,7 min funt itki, ümumilikdə isə 45 mlrd. funt itirilmiş vergilər deməkdir. Diapazon o səbəbdən göstərilir ki, Britaniyanın Aİ-dən çıxacağının üç müxtəlif ssenari tərtib edilib.

Ən yumşaq və ən aşağı iqtisadi itkiləri nəzərdə tutan birinci ssenari ondan ibarətdir ki, Britaniya Aİ-dən çıxacaq, amma Avropa iqtisadi zonasında bütün indiki atributlarla qalacaq. Bir qədər sərt ikinci ssenari Avropa ölkələri ilə yalnız ikitərəfli sazişlərin imzalanmasını və beləliklə ticarət və iqtisadi əlaqələrin daha çox ikitərəfli münasibətlər əsasında qurulmasını nəzərdə tutur. Nəhayət, üçüncü ssenari Aİ ilə ticarət-iqtisadi əlaqələrin yalnız ÜTT çərçivəsində qalmasını nəzərdə tutur. Üçüncü ssenarinin ehtimalı çox azdır, ona görə də ekspertlər hesablamalarında ikinci baza ssenarisini əsas kimi götürürlər. Maliyyə Nazirliyinin analitiklərinin hesablamalarına görə, bu halda Böyük Britaniyanın ÜDM-i il ərzində indikindən 6,2% azalacaq, yəni adambaşına itkilər təxminən 1,8 min funta bərabər olacaq. Eyni zamanda ÜDM-in azalması səbəbindən il ərzində 36 mlrd. funt həcmində vergilərin azalması proqnozlaşdırılır.

Faktiki olaraq, həmin məruzə daha bir daha təsdiqləyir ki, hökumət və Maliyyə Nazirliyi onun tərkib hissəsi kimi Avropa İttifaqından çıxışın tərəfdarı deyil, əksinə məruzənin nəticələrinə görə, Aİ-də qalmaq iqtisadi artımın yeganə təminedici amildir. Əks halda ölkəni çoxillik geriləmə gözləyir. Hətta qeyd edilir ki, hesablanmış rəqəmlər hətta optimist ola bilər, çünki hesablamalar onu nəzərə tutub ki, çıxışdan sonra ikitərəfli və uğurlu əlaqələr tez bir zaman ərzində qurulacaq, dövlət institutları isə indiki səmərəli vəziyyətdə qalacaq və sair. Əks halda itkilər daha yüksək ola bilər. Bundan əlavə Britaniyanın maliyyə bazarından investorların “qaçması” həcmi qabaqcadan bilinmir, bu həcm katastrofik ola bilər ki, bu zaman maliyyə uçurumun baş verməsini istisna etmək olmaz. Maliyyə naziri Corc Osbornun sözlərinə görə, “həm Böyük Britaniyanın iqtisadiyyatı üçün, həm də adi ailələr üçün Avropa İttifaqından çıxış ağlasığmaz yara olacaq, bu yaranı biz özümüz özümüzə yetirmiş olacağıq”.

Qeyd edək ki, Avropa İttifaqını tərk etməyin tərəfdarları da var və onların fikrincə, bütün bu hesabat, proqnoz və ehtimallar əsassızdır. London meri Boris Conson hesab edir ki, Maliyyə Nazirliyi “hesablamalarında həmişə kimi, indi də səhv edir”. Çıxışın tərəfdarların əsas mövqeyi ondan ibarətdir ki, Aİ-da üzv olmaq ona bənzəyir ki, avtomobil sənin olsa da, onu başqası və istədiyi istiqamətə sürür. Maraqlıdır ki, buna oxşar populist yarıməzəli, yarıfəlsəfi lozunqlardan başqa çıxış lehinə ciddi hər hansı əsaslandırma yoxdur. Çıxışın tərəfdarları deyirlər ki, ölkə Aİ-nin büdcəsinə daha hər il 20 mlrd. funt verməyəcək. Bu da populist bəyanatlarından biridir, çünki, birincisi, rəqəmin haradan götürüldüyü bilinmir, ikincisi isə, itkilər mütləq olacaq və onların həcmi efemer 20 mlrd. funtdan müqayisə olunmaz səviyyədə ola bilər.

Böyük Britaniyanın Aİ-dən çıxışı barədə söhbət və müzakirələr Avrozonada iqtisadi böhranın yaranması zamanı formalaşıb, sonra borclar böhranın kəskinləşməsi səbəbindən tədricən möhkəmlənib. Sonra Yunanıstan Avrozonada olduğuna görə, (bəzi fikirlərə görə) borc, fiskal və monetar problemlərin ölkəni böhrandan defolta sürükləməsi zamanı tədricən konrkretləşib. Daha sonra miqrant böhranı yarananda və kəskinləşəndə nəhayət rəsmi səviyyəyə çatıb. Bunun yekun nəticəsi kimi referendum elan edilib. Maraqlıdır ki, referendumun elan olunmasından sonra Aİ səviyyəsində müxtəlif görüşlər olub ki, nəticədə Britaniyanın baş naziri Devid Kemeronun təşəbbüs ilə Avropa İttifaqında islahatların aparılması konsepsiyası qəbul olunub və bəzi islahatlar elan olunub. Britaniya hökumətinin çıxışın əleyhinə müxtəlif arqumentlər gətirməsi ona oxşayır ki, hökumət artıq özü elan etdiyi referendumun keçirilməsini istəmir.

Bir məqama toxunmaq mütləq vacibdir. Söhbət ondan gedir ki, məsələn, Böyük Britaniyanı Yunanıstanla müqayisə etmək olmaz, yəni belə paraleli aparanlar kökündən səhv edirlər. Məsələ onda deyil ki, iqtisadiyyatların miqyasları müqayisə olunmazdır. Yunanıstanda iqtisadi problemlərin inanılmaz səviyyəyə çatanda Avropanın müxtəlif ölkələrində mərkəzdənqaçma qüvvələri güclənirdi, amma bu ilk növbədə Avrozonaya daxil olan və ya daxil olmaq istəyən ölkələr sırasında baş verib. Avropa İttifaqını və Avrozonanı sərt ayırmaq lazımdır, çünki ikinci halda inteqrasiya həqiqət böyükdür və Avrozonaya daxil olan ölkədə müstəqil pul-kredit siyasəti mövcud deyil. Budur əsas fərq səbəbindən Britaniyanı Yunanıstanla müqayisə etmək olmaz. Yunanıstan məsələsindən sonra Avrozonaya daxil olmaq istəyən ölkələr bunu daha istəmir, ya da etməyə tələsməyəcək. Britaniyada isə müstəqil pul-kredit siyasəti həyata keçirilir, ölkənin öz valyutası var və bu səbəbdən də Aİ-dən avro asılılığı yoxdur. Əsas məsələ iqtisadiyyatla bağlı deyil, Aİ səviyyəsində vahid orqanlar tərəfindən Aİ üzvləri üçün məcburi icra edilməli olan siyasi və prosedur qərarlar və sistemin özü bəzi ölkələrin xoşuna gəlmir. Miqrasiya böhranı zamanı Aİ-də bir çox bu cür qərar qəbul edilib ki, onların bəzilər tələsik qəbul olunub, bəziləri ölkələr tərəfindən mənfi qarşılanıb. Nəticədə Britaniya kimi ölkədə mərkəzdənqaçma prosesi referenduma qədər “böyüyüb”.

Qeyd edək ki, Britaniyadan kənarda onun Aİ-dən çıxmasının lehinə olanlar ümumiyyətlə yoxdur. Aİ rəsmiləri bir qayda olaraq ölkənin İttifaqda qalmasının tərəfdarıdır, ABŞ-ın rəhbərliyi də bu məsələ ilə bağlı bir neçə dəfə mövqeyini bəyan edib. ABŞ prezident Barak Obamadan Səudiyyə Ərəbistanından ölkəyə dönüşü zamanı yolüstü Londonda dayanıb və Britaniyanın Aİ-də qalmasının məqsədəuyğunluğu barədə bəyanatlar səsləndirib. Bundan əlavə bütün Avropa və dünya səviyyəsində maliyyə, investisiya, kommersiya qurumları da Britaniyanın Aİ-dən çıxışını yalnız qorxulu yuxu kimi qiymətləndirir. Bu tam izah olunandır, çünki bütün indi olan iqtisadi əlaqələrin pozub onları yeniləri ilə əvəzlənməsi o dərəcədə mürəkkəb proses ola bilər ki, kapital axını, biznes qurumların kontinentə qayıtması, maliyyə bazarında uçurum kimi ağlasığmaz proseslər baş verər. Əgər belə proqnozlar ilk növbədə adi ailələrə istiqamətlənən Maliyyə Nazirliyinin məruzəsi kimi icmal, hesabat və çıxışlarla müşayiət olunsa, referendumda Avropa İttifaqından çıxmağa səs verənlərin sayı az olacaq. Bu isə həm Britaniya, həm də Avropa İttifaqı üçün faydalı olacaq.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR