“Yeni Türkiyə”nin əski cizgiləri - TƏHLİL

“Yeni Türkiyə”nin əski cizgiləri - <span style="color: red;">TƏHLİL
# 23 may 2016 08:11 (UTC +04:00)

(14 illik iqtidar partiyasının qurultay salonundan bəzi qeydlər)

Ankara. Mayis Əlizadə - APA. Bu salonda 8,5 aydan sonra iqtidar partiyasının növbəti fövqəladə qurultayını izləyəcəyimizi kim təxmin edə bilmişdi ki?..

1. Davudoğlunun “şahidlik” istəməsi

Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayları arasındakı ən yüksək idarəetmə orqanı Mərkəzi Qərar və İcra Şurasıdır (MKYK) - 12 sentyabr 2015-ci ildə seçilmiş 50 nəfərlik Şuranın Əhməd Davudoğlu yox, Tayyib Ərdoğan imzası daşıdığını hamı görmüş, ancaq bu durumun 8,5 aydan sonra Əhməd Davudoğluna fövqəladə qurultaydan başqa bir alternativ qoymayacğına heç kim ehtimal verməmişdi. Siz, Davudoğlunun hər kəlmə başı “vəfa, etibar, yol arkadaşlığı, mübarizəmizin mənafeyi” - kimi ibarələri təkrarlamasına baxmayın, 6 ay əvvəlki seçkidə 50% səs almış bir partiya liderinin MKYK tərəfindən səlahiyyəti alınaraq fövqəladə qurultay alternativsizliyinə məcbur edilməsi dünya siyasət müntəxəbatının heç də xatırlatmadığı bir durumdur. Bunun adını “siyasi çevriliş” qoymaq durumun mahiyyətini düzgün təsbit etmək olacaq. Bu durum professor Davudoğlunun beynində çox dərin bir “şram” açmasaydı, niyə AKP lideri və baş nazir kimi son çıxışında qurultay nümayəndələrini “Allahın və millətin hüzurunda şahidliyə” dəvət edərdi ki? “Yeni bir qurultay üçün qarşınıza çıxmaq mənim arzu etdiyim bir durum deyildir. Bu durumun sizin və millətimizin məhşəri vicdanında yaratdığı narahatlığın da fərqindəyəm. 49,5% səs almış bir partiya liderinin seçkidən 6 ay sonra istefasının partiyadakı birlik və bərabərliyi qorumaqdan başqa bir şey olmadığına Allahın və millətin hüzurunda şahidlik edərsinizmi?” - sualının qarşılığında salondan yüksələn “edərik!” nidalarını 3 dəfə dalbadal dinləyərkən mərhum Nəcməddin Ərbakanın salon və meydanlardakı 100 minlərlə insana baş barmağını qaldıraraq and içdirməsi bir daha gözümün qabağına gəldi; AKP-nin qurulmasını əngəlləyə bilməyən Nəcməddin Ərbakan həyatının 80 yaşdan sonrakı dönəmini tələbələrinə qarşı mübarizəyə həsr etmişdi. “Arena” salonunun o coşğulu anlarında mənim qulağımı salonun Rəcəb Tayyib Ərdoğan, Binali Yıldırım və Əhməd Davudoğlu üçün yüksəltdiyi uğultular deyil, “siyasət ata-anası olmayan bir peşədir” - sözü cırmaqlayır, türk siyasət tarixinin Əhməd Davudoğlu örnəyi o sözü bir daha təsdiqləyirdi...

2. Binali Yıldırım. O, AKP-nin yeni lideridirmi?

Onun kürsüyə çıxmasından əvvəl qurultaya sədrlik edən (12 sentyabrda olduğu kimi) ədliyyə naziri Bəkir Bozdağ strukturu döşəmişdi: “Bu müqəddəs hərəkatın qurucu və əbədi lideri, Ak Partini dünyanın siyasət markası halına gətirən ustaların ustası Rəcəb Tayyib Ərdoğanı salamların ən gözəli olan “səlamün-əleyküm”lə salamlayandan” sonra partiya sədri kreslosuna namizədliyi 19 mayda özü yox, Ömər Çelik tərəfindən açıqlanan Binali Yıldırımın o strukturdan kənar nəsə deməsi mümkün idimi? “Bu müqəddəs mübarizədə liderimiz Rəcəb Tayyib Ərdoğanın arxasınca getməyə davam edəcəyik” - şəklindəki duyğulu deklamasiyasından sonra bir müddət səsi tutulan və hətta çıxışını bitirmək istəyən Binali Yıldırımın səsi açılandan sonra söylədiyi yeganə fərqli söz - Qazi Mustafa Kamala (eynilə hörmətli Ərdoğan kimi, zati-dövlətləri də Atatürk deməz) rəhmət oxumasıydı.

Adına “Yeni Türkiyə” deyilən dönəmin spesifik özəlliklərindən biri bu salonla vidalaşarkən Əhməd Davudoğlunun doktor xanımı Sarə Davudoğlunun uzatdığı əlin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak tərəfindən sıxılmamasıdır ki, bir neçə baxımdan “Yeni Türkiyə”nin xarakteristikasını özündə əks etdirir. Çıxışını ikitərəfli yollar, aeroportlar, dəmir yolları, liman tikintiləri üzərində quran Binali Yıldırımın xarici siyasət barədə nə deyəcəyini maraqla gözləyirdim. “Sənayemizin (hərbi sənayeni xüsusi qeyd etdi – M. Ə.) 80%-ni özümüzə aid vəziyyətə gətirsək, heç kim bizimlə asanlıqla aşıq ata bilməyəcək”. Deməli, “Yeni Türkiyə” bundan sonra xaricə doğru diplomatik həmlələrini içəridən, daha dəqiq deməyə çalışsam, içəridəki sənaye üzərindən edəcək. Bunu da müşahidə etdim ki, əgər Əhməd Davudoğlu müntəxəbatda analoqu olmayan bir “aksiya” ilə partiya liderliyindən və baş nazirlikdən uzaqlaşdırıldısa, Binali Yıldırım elə ilk çıxışında analoqu olmayan bir siyasi lider (və əlbəttə hökumət başçısı) profiliylə qurultay nümayəndələrinin qarşısına çıxdı. Bəlli oldu ki, AKP sədri seçiləndən bir neçə saat sonra yeni hökuməti qurma səlahiyyəti alacaq olan Binali Yıldırım əslində baş nazir kreslosunu sevmirmiş, parlamentar rejimin ən yüksək icraçı vəzifəsi olan baş nazirin səlahiyyətlərini prezidentə verilərək ölkənin üsul-idarəsinin dəyişməsini istəyirmiş. Siyasət tarixində sistemin könüllü şəkildə dəyişməsini Binali Yıldırım kimi istəyən bir baş naziri görən olubsa, lütfən, bizlərə də desin.

3. Yeni Mərkəzi Qərar və İcra Şurası (MKYK)

50 nəfərlik Şuradan 26 nəfər getdi, 24 nəfər yerini qorudu. AKP-nin 15 illik tarixində bu qədər radikal bir Şuranı ilk dəfə görürəm. Həm ölkənin prezident üsul-idarəsinə keçməsini radikal dərəcədə istəmələri, Ərdoğana radikal dərəcədə bağlılıqları, həm də radikal söyləmləri baxımından Mərkəzi Qərar və İcra Şurasının budəfəki üzvlərinin də alternativləri yoxdur. Hökumət və Məclis babında prezident Ərdoğana son dərəcə sədaqətli olan bəzi köhnə şəxslərə 22 may qurultayının MKYK siyahısında yer verilmədiyi kimi, AKP sıralarına sonradan qoşularaq “kraldan daha çox kralçı” olmalarına rəğmən, özlərini partiyaya heç cür “sırıya bilməyən”, məsələn, Süleyman Soylu kimi (əmək və sosial təminat naziri kreslosunda oturması da partiya ilə ahəng yaratmağa kifayət etmədi) adamlar da “Yeni Türkiyə”nin ideoloji siyahısında yer tuta bilmədilər. Ən birinci hədəfinin “rejimi dəyişdirmək”dən ibarət olduğu “Yeni Türkiyə” ideologiyasının təməl dirəkləri isə bunlar olacaq:

- Daha radikal, güzəştsiz və barışmaz dini paradiqma (“Akit” qəzetinin öndərlik etdiyi bir stil və jarqonda olduğu kimi);

- Alternativsiz hala gətirilmiş din təmayüllü (“imam hatip” məkbəbləri) təhsil

- Qapalı xarici siyasət.

14 ildən bəri təkbaşına iqtidarda olan bir partiyanın son qurultayından qısa müşahidələrimin xülasəsi bundan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR