Bakıda “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı olub - YENİLƏNİB-1

Bakıda “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı olub - <span style="color: red;">YENİLƏNİB-1
# 02 iyun 2016 13:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Avropa Şurası və Avropa İttifaqının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini bildirib: "Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın yaradıldığını söyləmək olar. Yeri gəlmişkən, burada bir məsələyə toxunmaq istərdim. Belə ki, bəzi ictimai sektor təmsilçiləri və beynəlxalq təşkilatlar son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı öz narahatlıqlarını bildirir, onların üçüncü sektorun inkişafına maneə yaradacağını iddia edirlər. Əslində isə, təcrübə göstərir ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib".

O, 2016-cı ilin ortalarına olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 minədək qeyri-hökumət təşkilatının olduğunu, ümumilikdə isə qeyri-kommersiya qurumlarının sayının 4 mini ötdüyünü bildirib: "Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə təsis edilmiş və ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bütün QHT-lərin, o cümlədən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış qurumlardır. Son 3 il yarımda yalnız bu 2 təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib".

Ə. Həsənov Azərbaycan dövlətinin yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmədiyini də bildirib: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildən etibarən xarici QHT-lərin sülh, demokratiya, hüquq müdafiəsi, siyasi plüralizmin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və s. mövzularda təqdim etdikləri layihələri maliyyələşdirməyə başlayıb".

O, dövlətin vətəndaş cəmiyyəti ilə bağlı strateji hədəflərinin “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapdığını da qeyd edib.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəetmə üzrə direktoru Klaudiya Luçani deyib ki, keçən il apreldə Azərbaycan hakimiyyəti nümayəndələri ilə bu layihə ilə bağlı intensiv, asan olmayan müzakirə aparılıb: “Bir il əvvəl Azərbaycan hakimiyyəti bu layihəyə dəstək verdi. Layihə əsasında biz 2 il ərzində əməkdaşlıq edəcəyik. Azərbaycan Avropa Şurasının vacib üzvlərindəndir. Vətəndaş cəmiyyəti üçün də bu layihə böyük əhəmiyyət daşıyır. İfadə və sərbəst toplaşmaq azadlığı vətəndaş cəmiyyəti üçün əsasdır. Vətəndaş cəmiyyəti özü də plüralist demokratiyanın inkişafı üçün önəmlidir. Bu layihə vətəndaş cəmiyyəti ilə bağlı geniş planın tərkib hissəsidir. Layihənin birinci məqsədi Azərbaycanda QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlıdır. Azərbaycan qanunvericiliyinin Avropa Şurası standartlarına mümkün qədər yaxınlaşdırmağa çalışacağıq. İkinci məqsəd həm QHT-lərin, həm də QHT-lərlə münasibətlərdə iştirak edən hakimiyyət qurumlarının potensialının artırılması ilə bağlıdır. Ola bilər ki, gələcəkdə QHT sahəsində Azərbaycanın təcrübəsindən başqa ölkələr də istifadə etsin”.

K. Luçani bildirib ki, Avropa Şurasının baş katibi üzv ölkələrə QHT-lər üçün şəraiti yaxşılaşdırmağı tövsiyə edib: “Avropa Şurası “QHT-nin siyasi fəaliyyəti” dedikdə nəyin başa düşüldüyünü aydınlaşdırmağa çalışır. QHT-lər siyasi partiya deyil, ancaq cəmiyyətdə müxtəlif maraqları ifadə edə bilər. Gələn həftə Avropa Şurası bununla bağlı geniş tədbir keçirəcək”.

Ədliyyə nazirinin müavini Toğrul Musayev qeyd edib ki, Azərbaycanın Avropa Şurası ilə əlaqələri inkişaf edir: “Əməkdaşlığımızın son nəticəsi olaraq 2014-cü ildə Fəaliyyət Planı qəbul edilib, Bakıda keçirilən tədbirə Avropa Şurasının yüksək vəzifəli rəsmiləri qatılıb. Hazırda təqdim edilən “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi hökumətlə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir”.

T. Musayev Azərbaycanda üçüncü sektora dəstək verməyin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib: “Bu sahədə qanunvericilik aktları davamlı olaraq təkmilləşdirilir. 2014-cü il iyunun 1-dən “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Az əvvəl qəbul edilmiş Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün Fəaliyyət Planında da QHT-lərə dəstək əksini tapıb. İnanıram ki, “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinin uğurla həyata keçirilməsi QHT-lərin potensialını artıracaq”.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması hökumət və QHT-lər arasında dialoqun təzahürüdür: “Aktiv mətbuat və müstəqil məhkəmə dinamik demokratiyanın ayrılmaz hissələridir. Bu layihə Avropa Şurası, Avropa İttifaqı və digər tərəfdaşların birgə çalışması üçün yaxşı platformadır”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, dövlət rəsmiləri və QHT-lərin bir masa ətrafında əyləşməsi çox yaxşı başlanğıcdır: “Açıq cəmiyyət uzunmüddətli inkişaf üçün vacibdir. Avropa İttifaqı tərəfindən 17 vətəndaş cəmiyyəti layihəsinə 90 milyon avro xərclənəcək, media, ayrı-seçkilik, yoxsulluğun azaldılması, Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı layihələr maliyyələşdiriləcək. 2 il vaxtımız var və bu müddətdə ən yaxşı təcrübəni bölüşmək imkanımız olacaq. Əsas məqsədimiz Azərbaycan insanları üçün konkret nəticələrə nail olmaqdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini Rauf Məcidli isə QHT sektorunun inkişafı sahəsində görülən işlərdən danışıb.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR