Azərbaycan millisi bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını 1 medalla başa vurub

Azərbaycan millisi bədii gimnastika üzrə Dünya Kuboku yarışlarını 1 medalla başa vurub
# 24 iyul 2016 15:16 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub.

APA-nın məlumatına görə, yarışın sonuncu – üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışına çıxıblar.

Mötəbər yarışda topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb. Digər rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin isə 18.500 xalla bürünc medala sahib olub. Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub.

Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar.

Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub.

Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.

Qrup hərəkətləri yarışında komandalar 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparıblar. Beş lent ilə mübarizədə İsrail komandası 18.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiya kollektivi 18.350 xalla ikinci, İspaniya millisi isə 18.250 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan yığması 18.100 xalla yarışı beşinci pillədə başa vurub.

Üç gürz və 2 halqa ilə qrup yarışlarında Rusiya komandası 19.000 xalla qızıl medala sahib olub. İtaliya komandası 18.500 xalla gümüş, İspaniya yığması isə 18.300 xalla bürünc medal qazanıblar. Azərbaycan komandası 17.750 xalla beşinci olub.

Sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin Dünya Kubokunun əvvəlki mərhələ yarışlarında uğurla çıxış edən gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının xüsusi kuboku təqdim edilib. Bu dəfə də rusiyalı gimnastlar fərqləniblər.

Tədbir qala-konsert və bağlanış mərasimi ilə davam edib. Dünya Kubokunun bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olub. Bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan Balaca şahzadə çıxış edib. Ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş Balaca şahzadə Yanardağdan öz evinə üz tutmağa başlayır. O, bu dağın atəşini bizim ən yaxşı idmançımız Marina Durundaya verir. O da odla digər yerlərdən keçməyə başlayır. Onlar sahələrdən, üzüm bağlarından və digər yerlərdən keçərək, Şamaxı Rəsədxanasına qayıdırlar.

Kompozisiyada bədii gimnastika, idman gimnastikasını, batut gimnastikası, akrobatika, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR