Dünya iqtisadiyyatının "qızıl dövrü" başlayır - TƏHLİL

Dünya iqtisadiyyatının "qızıl dövrü" başlayır - <span style="color: red;">TƏHLİL
# 05 avqust 2016 13:27 (UTC +04:00)

Dünyada gedən iqtisadi və geosiyasi proseslərin neqativ təsiri nəticəsində maliyyə bazarlarında qeyri-müəyyənlik yaranıb və bu fonda ən təhlükəsiz aktiv hesab olunan qızıla tələbat artmağa başlayıb. Qızıl hiss olunmadan bahalaşır, bu ilin əvvəlindən bu günə kimi qızılın bir unsiyası 310 dollar və ya 29,3% bahalaşıb.

Nəticədə qızılın qiyməti 1 370 dollara çatıb və bu, iki illik maksimum deməkdir. Belə ki, sonuncu dəfə bu cür qiymət 2014-cü ilin martın ortalarında müşahidə olunub. Qızılın bahalaşması üçün səbəblər "bir səbətə sığmaz". İlk növbədə dünya iqtisadiyyatında ümumi vəziyyət, iqtisadi artımın çox kiçik səviyyədə qalması investorların maliyyə alətlərinə etibarlılığını azaldır. Bu sıraya həmçinin Avrozonada iqtisadi artımın son dərəcədə kiçik həcmdə olması, bank böhranın yaranması təhlükəsi, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının nəticəsində iqtisadi, struktur və siyasi dəyişikləri əlavə etmək olar. Bundan əlavə neftin ucuzlaşması nəticəsində bir sıra inkişafda olan iri dövlətlərdə yaranmış iqtisadi problemlər də maliyyə bazarlarına müsbət təsir etmir. Əlavə olaraq Çində sənaye istehsalının artım tempinin azalması amili də mənfi faktorlar sırasındadır. Nəhayət, ABŞ-da pul-kredit siyasətinin yumşaq saxlanması investorlara işarədir ki, burada iqtisadiyyatın bərpası gözləntilərdən daha zəif gedir. Bütün bunlar ayrı şirkətlərin səhmlərinə, dövlətlərin borc qiymətli kağızlarına və əlavə olaraq törəmə qiymətli kağızlarına tələbatı azaldır. Sərbəstləşmiş vəsaitlər isə digər daha sabit və təhlükəsiz alətlərə yönəldilir ki, bunların sırasında qızıl birinci yerdədir. Digər ən təhlükəsiz alət hesab olunan ABŞ Xəzinədarlığının qiymətli kağızlar üzrə gəlirliyinin azalması müşahidə olunur ki, bu fakt onların qızılla müqayisədə cəlbediciliyini və rəqabətliyini azaldır.

Unutmaq lazım deyil ki, makro-amillərdən başqa qızılla bağlı olan amillər də qızılın bahalaşmasına səbəb olur. Bu amillərə qızıla təbii tələbatın artımını aid etmək olar ki, bu tələbat artımında əsas rolunu bəzi ölkələr tərəfindən qızılın alınmalarının artırılması oynayır. Ümumilikdə, ölkələr tərəfindən qızıl ehtiyatların artırılması üçün edilən alış əməliyyatları tələbatın artmasında, adətən, heç də kiçik rolunu oynamır, əksinə, bu amil ən vaciblərdən biridir ki, tələbatın artması səbəbindən qiymət də artır.

Lakin indi bunu tam əminliklə demək olmaz, çünki Ümumdünya Qızıl Şurasının avqustun 4-nə olan hesabatına, əsasən, bu ilin yanvar-iyun ayları ərzində ölkələr tərəfindən qızıl alınması və paralel olaraq bəzi ölkələr tərəfindən irihəcmli satışlar həyata keçirilib. Aydındır ki, bazarda alışla bərabər iri satışlar olanda, qiymətə böyük təsir olmur. Rəqəmlərə gəlincə, bu ilin yanvar-iyun ayları ərzində Çin tərəfindən 61 ton qızıl, Rusiya tərəfindən 84,2 ton və Qazaxıstan tərəfindən 16,3 ton qızıl alınıb. Amma eyni zamanda Venesuela və Türkiyə külli miqdarda qızıl satıb. Belə ki, 6 ay ərzində Venesuela məlum iqtisadi uçurum səbəbindən 78,9 ton qızıl satıb, Türkiyənin həmin müddət ərzində qızıl satışlarının həcmi 41,1 ton təşkil edib. Türkiyə qızılı həm alan, həm satan ölkədir, amma saldo mənfidir – satışlar üstünlük təşkil edir. Nəticədə, ötən ilin ikinci yarısı ilə müqayisədə xalis alışların həcmində kəskin azalma baş verib, bu rəqəm 256 tondan 22,5 tona enib. Buna görə demək olmaz ki, ölkələrin qızıl bazarında əməliyyatları qiymətlərə nəzərə çarpan dərəcədə qaldırıcı təsir göstərib, çünki bir sıra ölkələrin alması, digər ölkələrin satması bazarda müəyyən dərəcədə təklif və tələbat tarazlaşıb.

Qeyd edək ki, ümumilikdə, hazırda dünyada ölkələrin qızıl ehtiyatlarının həcmi 32,8 min ton təşkil edir ki, bu həcmin 76 faizi 10 ölkənin (BVF daxil olmaqla) payına düşür:

Ölkə

Qızıl ehtiyatların həcmi (ton)

ABŞ

8 134

Almaniya

3 378

BVF

2 814

İtaliya

2 452

Fransa

2 436

Çin

1 823

Rusiya

1 499

İsveçrə

1 040

Yaponiya

765

Hollandiya

613

Son zamanlar əsasən Rusiya və Çin qızıl bazarında ən fəal iştirakçılarıdır, bu iki ölkənin qızıl alması yuxarıdakı qeyd olunduğu kimi, məcmu həcmdə 145 ton təşkil edib. Və bu proses artıq davamlı xarakter alıb. Belə ki, ötən ilin ikinci yarısında Çinlə Rusiya məcmu olaraq 244 ton qızıl alıb. O zaman indidən fərqli olaraq, iri satışlar olmayıb, bu səbəbdən Çin və Rusiya tərəfindən tələbat bazarda həlledici rolunu oynayırdı. İndi isə etiraf etmək lazımdır ki, qızılın bahalaşmasına əsasən fundamental, qızıl bazarından kənar amillər təsir edir.

Həmin amillərin yaxın zamanlarda hələ də qüvvədə qalması nəticəsində proqnozlaşdırmaq olar ki, qızılın bahalaşması davam edəcək. Bəzi analitiklər və treyderlər hesab edirlər ki, qızılın qiyməti yaxın zamanlarda 1700-1750 dollara qalxa bilər. Əslində, dəqiq rəqəm üzrə mübahisə etmək olar, amma ümumi tendensiya şübhəsizdir. Qızılın bahalaşmasına təsir göstərən əsas faktor kimi ABŞ-da pul-kredit siyasəti qeyd olunur. Burada isə əsas təhlilçilər proqnozlaşdırırlar ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini ilin sonuna kimi dəyişməz saxlayacaq, yəni maliyyə bazarlarında ciddi dəyişiklik gözlənilmir. Dolayı yolla belə proqnozlar onu göstərir ki, ABŞ-da iqtisadi artım, əmək bazarı və inflyasiya üzrə gözləntilər hələ də istəklərdən daha aşağı səviyyədə qalacaq. Digər problemli amillərdə də müsbət dəyişikliklər gözlənilmir. Məsələn, Avropada bank böhranı yaransa, "Brexit" nəticəsində Avrozonanın iqtisadiyyatına ciddi zərər vurulsa, maliyyə bazarlarında mənfi tendensiyalar və qeyri-müəyyənlik yalnız güclənəcək. Eyni zamanda Çin iqtisadiyyatında da artım templərin əvvəlki səviyyəyə qayıtması üçün makroiqtisadi əsaslar yoxdur. İşçi qüvvəsinin bahalaşması davam edir ki, nəticədə istehsal edilən malların qiymətləri qalxır və ümumilikdə Çin ixracatında təbii problemlər də yalnız güclənə bilər. Son zamanlar dünya miqyasında iqtisadi problemlərin sırasına bir sıra inkişaf etmiş ölkələrində misli görünməmiş yumşaq pul-kredit siyasətləri, dövlət qiymətli kağızları üzrə mənfi gəlirliyin olması, pul vəsaitlərin iqtisadiyyata deyil, törəmə alətlərə yönəldilməsi kimi problemlər də əlavə olunur.

Əgər bu ilin ilk yarısında müşahidə olunan bahalaşma tempi (26,3%) ikinci yarısında qalsa, ilin sonuna kimi qızılın qiyməti 1 725 dollara çata bilər.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR