Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək
# 11 avqust 2016 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabr ayında Bakıda Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri baş tutacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 22-24-də “Baku Expo Mərkəzi”ndə “RecExpo II” – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçiriləcək.

“RecExpo II” sərgisində Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir. Sərgi həmçinin əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə əlverişli imkanlar yaradacaq. Bu fəaliyyət bir çox ölkənin daşınmaz əmlak mütəxəssislərini və sektorla əlaqədar hər kəsi bir yerə toplayacaq, o cümlədən xüsusi fürsətlər təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR