ANS-in şikayəti üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb

ANS-in şikayəti üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb
# 23 avqust 2016 14:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmənin vaxtı açıqlanıb.

APA-nın xəbərinə görə, iş üzrə məhkəmə prosesi sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ANS əvvəlcə məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaya 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edib. İddia ANS Müstəqil Yayım və Media Şirkətinin “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR