Cəlil Məmmədquluzadənin hekayələr kitabı Tiflisdə nəşr olunub

Cəlil Məmmədquluzadənin hekayələr kitabı Tiflisdə nəşr olunub
# 15 sentyabr 2016 14:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı hekayələr kitabı Tiflisdə nəşr olunub.

Ədəbiyyat İnstitutundan APA-ya verilən məlumata görə, Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal” nəşriyyatı tərəfindən çap olunan kitab akademik İsa Həbbibəylinin ön sözü ilə işıq üzü görüb.

Yeni nəşrdə ədibin gürcü dilində 13 hekayəsi yer alıb. Kitabda Cəlil Məmmədquluzadənin tərcümeyi-halı, “Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar və sair fotoşəkillər də verilib. Nəşrin redaktoru Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratianidir. Nəşriyyat redaktorları gürcü yazıçısı Nariman Yaşağaşvili (Naro Kolxeli) və Mirzə Məmmədoğludur.

Hekayələri Almaz Mirzəoğlu tərcümə edib.

Qeyd edək ki, C. Məmmədquluzadənin hekayələr kitabı dünyanın bir neçə dilində işıq üzü görsə də, gürcü dilində ilk dəfədir toplu halında nəşr olunur. Yazıçının “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə “Türk ədəbiyyatı” toplusunda özünə yer tapıb. 1968-ci ildə Tiflis Dövlət Universitetinin nəşr etdiyi, Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər, Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınıb. “Poçt qutusu”nu Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR